• çərşənbə axşamı, 16 aprel, 17:41
  • Baku Bakı 19°C

Ədəbi mühitin bəlaları

19.03.18 11:55 1196
Ədəbi mühitin bəlaları
Bir neçə ildir ki ölkəmizdə baş verən ədəbi proseslər, bu mühitdən boylanan dırnaqarası həqiqətlər, eləcə də, əziz oxucum, sənin də yaxşı bələd olub, amma nəyinsə xatirinə dinmədiyin mətləblər barədə bir az sənə danışmaq istəyirəm.Hər gün internet səhifələrində cürbəcür cavablarını bildiyimiz suallarla rastlaşırıq.Məsəl üçün: "Müasir Azərbaycanda yaranan bədii mətnlər niyə dünya ədəbiyyatına çıxmır?".Niyə? Yolumuza daş dığarlayan nədir, yaxud kimdir?Neçə illərdir izlədiyim ədəbi mühitimizdən elə mən də bu yaxınlarda bəzi qənaətlərə gələ bildim.
Müasir gənc yazarlarımızın qanına-canına hopmuş "ulduz xəstəliyi", eqo alergiyası, yalançı, içi boş, asan şöhrət sevgisi, kitab mağazalarında və digər idarələrdə təşkil olunan toya bənzər imza günləri bizim dünya ədəbiyyatına gedən yolumuza daş dığarlamır, birbaşa qaya parçası atır.
Özümüzü həmişə durduğumuz pillədən 3-4 pillə yuxarıda görməyimizdir bizim problemimiz.
Olduğumuz qədər deyilik, yaxud qədərimiz qədər olmuruq...
Mən xaricdə təhsil alıram. Bir gün universtetdə qrup yoldaşlarıma bir şeir oxudum. Bəyəndilər. Qrup yoldaşlarımdan biri müəlliməmizə söylədi ki; – Məhəmməd talantlı insandır.Müəllim cavabında dedi ki; – talantlı Puşkindir, Krılovdur. Hələ Məhəmmədin talantlı olmağına çox var...Amma bizim ölkədə necə?Kimsə bizə sadəcə "talantlı" desə, inciyərik ki, əlavə olaraq tərif etmədi...Öyrəşmişik axı, "İstedadlı gənc yazar, müasir ədəbiyyatımızın ən məhsuldar şairi, şeirlərində bədii yük, poetiklik və s. hər zaman nəzərə çarpan Filankəsov Filankəs Filankəssoyu kürsüyə dəvət edirik" sözlərini duymağa...
Baxın, həm də budur, necə deyərlər bir-birimizin qoltuğuna inişildən qalma qarpız verib, başımızı aldatmağımızdır öz yolumuza atdığımız qaya parçası...
Sadəlik anlayışı bizlik deyil. Bir az qəzet səhifələrində çap olunandan sonra "şair havaları"na qapılıb, müştəbeh-müştəbeh gəzməsək, canımıza yayılarmı o qəzet səhifələrindən aldığımız qoxu?
Sifarişlə yazılan yazılar, şəxsi xarakterli konfliktlərin gündəmə gətirilməsi, oxucunun başını bu cürə ucuzluqlarla qatmaq üzümüzü elə dirəyib ki o qaya parçasına, gəl görəsən...
Eləcə də bu tip yazıları dərc edən oxunaqlı sayt, qəzetlərin də günahı sudan şəffaf görünür.
Bir-birimizə qarşı çəkdiyimiz paxıllıqlar, qısqanclıqlar, bu nəsnələrdən yaranan kin də problemlərimizin bir qoludur...
"Mən niyə çap olunmadım, o çap olundu?" ,
"Mənə niyə təqaüd verilmədi, filankəsə verildi?", "Filan tədbirdə niyə filankəsə söz verdiniz, mənə yox?" bu kimi adiliklərlə başımızı nə vaxta qədər girləyəcəyik axı?
Təsəvvür edirsinizmi ki, bu cür kin dolu düşüncələrlə yaşayan bir yazar dünya ədəbiyyatına çıxmaq istəyir?
Bir də... Özünü bir qələm adamı zənn edib onun-bunun mətninə qiymət verən, müəllimlik edənlər var ki…
Altmış ildir yaza-yaza qocalıb, ortaya bir şey çıxartmayanların, elə mühitin təbirincə desək, Biləcəridən o tərəfə ötə bilməyənlərin "staj"larını gözümüzə soxması...
"Filankəs özünü təsdiq edən şairdir (yazıçıdır)".
"Filankəs heç vaxt unudulası şair deyil" və bu kimi cümlələri çayxanadan çayxanaya daşıyan "staj"lılar hələ də, anlaya bilməyiblər ki, kimin özünü təsdiq edə bildiyini, kimin unudulmazlığını ancaq zaman adlı qüvvə təsdiq edir...
Yalnız və yalnız zaman.
Bu kimi "staj"lılar həm də ədəbi gənclik üçün çox təhlükəlidir.
Vay bir istedadlı gəncin halına ki, düşə bunların cənginə...
Yeyərlər, bitirərlər o istedadı kiflənmiş söhbətləriylə...
Və yaxud əksinə, bir istedadsızın birini elə yüksək səviyyədə reklam edərlər ki, məcbur qalarsan özünü zorla o istedadsızın istedadlı olduğuna inandırasan..
Çox danışdım deyəsən, baş qoşma, düzəltsə Allah düzəldəcək bu bizi.
Məhəmməd Turan
banner

Oxşar Xəbərlər