Ədəbi mühitimizdə ayrıca rakursda görünən yazıçı
Hörmətli oxucum! Bu gün sizə Azərbaycan ədəbiyyatı tarixində xüsusi
mərhələ kimi dəyərləndirilən altmışıncıların ən istedadlı, intellekti və erudisiyası
ilə seçilən nümayəndəsi, çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki, Xalq
yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin
Əfəndiyevin dünyaca tanınmış məşhur əsərlərindən, ədəbi-nəzəri fikirlərindən
bəhs etmək fikrində deyiləm. Bu haqda tanınmış akademiklərdən,
tədqiqatçılardan, ustadlardan sonra söz demək, fikir yürütmək yerinə düşməz. Bu
gün oxucuma ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət edən, Azərbaycan
mühacirlərinin adını belə dilə gətirməyin yasaq olduğu, bir dövrdə, hər cür
təhdid altında olmasına baxmayaraq, xalqının azadlığı uğrunda döyüşən Elçin
Əfəndiyevdən danışmaq istərdim. Qələminin qüdrəti, istedadının gücü ilə
sosialist realizminin ehkam və çərçivələrini darmadağın edən, bu gün "insanın
təəssübkeşi ol” düşüncəsinə, vicdanının
səsinə hakim olan Elçin Əfəndiyevdən.
Milli azadlıq hərəkatımızı
bu güzgüdə - "Odlar yurdu”nda bütün
dünyaya göstərdi
Elçin müəllimin sözü olmasın, bu gün qəzet açmaq, cəmiyyət yaratmaq
çox asan bir işdir. Ötən əsrin 80-ci illərində isə bu müşkül bir məsələ idi.
Dövlət Təhlükəsizlik Komitəsi və azad sözün qənimi olan "Qlavlit”in əməkdaşlarının
yerli-yersiz qadağaları, azğınlığı görünməz həddə çatmışdı. Xalqı susdurmaq
üçün hər cür vasitələrə əl atırdılar. Belə bir zamanda E.Əfəndiyev "Vətən”
Cəmiyyətini yaratdı və onun ideyalarının təbliği üçün "Odlar yurdu” qəzetinin
nəşrinə nail oldu. Elə çətin günlər də o vaxtdan başladı. Cəmiyyətin fəaliyyəti
(Sovetlərin bir nömrəli düşmən saydığı) xariclə, diasporla bağlı olduğu üçün
Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən çox ciddi nəzarətə götürüldü.
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlı "başbilən”lərinin əli
ilə riyakarlıq siyasəti başladı, nə başladı. "Vətən” Cəmiyyətinə qarşı böhtanlar,
təxribatlar, həbslər, işdən qovmalar ... Bütün bunlar Elçin müəllimin
əqidəsindən, amalından bir addım belə geri çəkilməsinə səbəb ola bilmədi.
Əksinə, Vətən, millət sevgisi hər şeyi üstələdi. Söz əhlində cəsarət o zaman
olur ki, o, öz sözünə, amalına güvənir və bunun uğrunda mübarizə aparır. Təbii,
öz bədii dünyası olan söz sahibi bu mübarizədən qələbə ilə çıxacaq. Necə ki,
dünən də, bu gün də "Azərbaycan ədəbi mühitində fundamental hadisə”
adlandırılan Elçin Əfəndiyev çıxdı.
1987-ci il dekabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Cəmiyyətin təsis konfransında Elçin müəllim "Vətən” Cəmiyyəti
Rəyasət Heyətinin sədri seçilir. "Odlar yurdu” qəzetini təsis edən Elçin
müəllim amal, əməl yoldaşları ilə çətin, amma çox şərəfli bir mübarizəyə
qalxdı. "Mətbuat tarixin güzgüsüdür” deyən Elçin müəllim "Odlar yurdu”nu
yaratmaqla 1980-ci illərin sonlarından başlanan milli azadlıq hərəkatımızı bu
güzgüdə bütün dünyaya göstərdi. Vətəndən-Vətəninə qaçqın salınan 100 minlərlə
insanın acı taleyinə kor olan Sovet imperiyasının çirkin siyasətini dünyaya
bəyan etdi. Azərbaycan sovet mətbuatı tarixində ilk dəfə olaraq, Azərbaycan
Xalq Cümhuriyyətinin varlığından bəhs etdi "Odlar yurdu”. Bununla da, qan
yaddaşımızı oyatdı, xalqın milli şüurunun dirçəldilməsinə yol açdı. Bu isə
Azərbaycanda yüksək vəzifədə olan, Moskvaya nökərçiliyi xalqına xidmətdən üstün
tutan vəzifə düşkünlərimizi daha da azğınlaşdırdı. Qəzetə və cəmiyyətə qarşı ən
çirkin əməllərə əl atmaqdan belə çəkinmədilər. Belə ağır günlərin birində Elçin
müəllim belə demişdir: "Bilirəm vəziyyət çox çətindir. Dövlət Təhlükəsizlik
Komitəsi bizə qarşı çox amansızdır. Amma dövr dəyərlərimizin doğru, düzgün
qiymətləndirilməsini tələb edir. Unutmayaq ki, biz xalqımızın azadlığı və
xoşbəxtliyi uğrunda mübarizə aparırıq”.
Girəvə düşən kimi öz
vətəndaşlıq mövqeyini göstərən vətəndaş
Əslində bu, Elçin müəllimin yalnız "Odlar yurdu”nun əməkdaşlarına
deyil, bütün vətənpərvər, millətsevər soydaşlarına sevgisi, Vətən harayı, milli
iftixar, qürur çağırışı idi. Bu çağırışda sovet ədəbiyyatı, ideologiyası və
rejiminə xidmət etməyən bir ədibin Əli bəy harayı, Məmməd Əmin yanğısı, Ağaoğlu
hayqırtısı, Mirzə Cəlil müdrikliyi duyulurdu. Bu çağırışda öz varlığı,
mövcudluğu ilə qeyri-bəşəri, qeyri-humanist cəmiyyətə qarşı həmişə daxili bir
müxalifətdə duran həqiqi ədəbiyyatın nümayəndəsi olan Vətəndaş Elçinin
müdrikliyi, aqilanəliyi görünürdü. Nəzəriyyəçi alim Cahangir Məmmədli demişdir:
"Vətəndaş Elçin, girəvə düşən kimi öz vətəndaşlıq mövqeyini göstərməyi
bacarır”. Elçin müəllim ədəbi mühitə hələ təzə gəldiyi zaman milli-mənəvi
dəyərlərə münasibətdə vətəndaşlıq mövqeyi necə idisə, bu gün də elədir. Qərb
mədəniyyəti qarşısında pərəstişin apogeyə qalxdığı, milli mədəniyyətin
reklamlara qurban verildiyi çağda,
millətin milliliyini qorumaq, yaşatmaq Elçin müəllimin həm həyat, həm
yaradıcılıq devizi oldu.
Bu, həm də keçmişini, tarixini, mədəniyyətini qəlbinə hopdurmuş
əyilməz, sınmaz Azərbaycan ziyalısının, sovet rejiminin əsarət və inhisarından
çıxmaq üçün çapalayan Azərbaycan ədəbiyyatının çağırışı idi. Milli
hərəkatımızın başlanmasına yönələn bu çağırışın Elçin müəllimin dilindən
səslənməsi heç də gözlənilməz deyildi. Çünki o, Azərbaycan ədəbiyyatının
klassiki, bütün varlığı ilə milli dəyərlərə bağlı olan, millətinin, vətəninin təəssübkeşi
İlyas Əfəndiyevin ocağında dünyaya gəlmiş, böyümüş, tərbiyə almışdır.
1986-cı ilin ortaları idi. İlyas müəllimdən "Jurnalist” qəzeti üçün
müsahibə götürürdüm. Çox səmimi söhbətimiz oldu. Söhbət zamanı İlyas müəllim dedi
ki, Kommunist Partiyasının üzvü olmadığı üçün bəzi "başbilənlərimiz” onu rəsmi
tədbirlərə, iclaslara layiq bilmirlər (Sovetlər dövründə İlyas Əfəndiyev Azərbaycanda
yeganə yazar olub ki, Kommunist partiyasına daxil olmayıb). Deməli, nə İlyas
müəllim, nə də onun məktəbinin yetirməsi olan Elçin müəllim siyasi göstərişlər,
qanunlar əsasında yazıb-yaradan, milli və istiqlalçı ədəbiyyatın nəfəsini kəsən,
sosialist-partiyaçı yazıçısı olmadılar. Səmimiyyət, düzlük hər iki yazarın
həyat kredosu olub.
Odur ki, zamanından asılı olmayaraq, onların əsərləri ədəbiyyata və
sənətə xidmət amalı ilə yazıldığı üçün yaşamaq hüququ qazanmışdır. Bu da sirr
deyil ki, əksər yazıçılarımız, şairlərimiz, tədqiqatçı alimlərimiz
müstəqilliyimizin yenidən bərpası illərində sovet dövrü yazdıqları əsərlərin
bəzilərini ya birdəfəlik məhv etmək, aradan çıxarmaq, itirmək, fikrinə
düşdülər, ya da qayçılama əməliyyatı apardılar. Elçin müəllim isə 32 il bundan
əvvəl yazdığı hekayələrini 2000-ci ildə çap etdirərkən, ön sözdə yazır: "...
mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə sözə
belə toxunmadan, onları vaxtı ilə necə yazılıb və necə çap olunmuşdursa, eləcə
də, yenidən nəşr etdirirəm. Bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət
çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur!” Bax, budur Elçin müəllimin
uzaqgörənliyi, aqilliyi, müdrikliyi. Bu, sənətə, xalqa olan böyük və sonsuz
sevgidən doğur. Ona görə də, əksər tədqiqatçılarımız qətiyyətlə bildirirlər ki,
Elçin bu gün ədəbi mühitimizdə ayrıca rakursda, iri planda görünür. Qələminin
məhsulu olan hər bir əsəri (janrından, mövzusundan asılı olmayaraq) bu gün də,
sabah da oxucularının diqqət mərkəzində olacaq. Hər yazara nəsib olmayan necə
böyük və əlçatmaz xoşbəxtlik!
Təlatümlər bu imzanı nə
unutdura, nə də imtina etdirə bildi...
Hörmətli Elçin müəllim! Desəm ki, Sizin bütün əsərlərinizi oxumuşam
və hamısı kitab rəfimdə var, bu, doğru olmazdı (çox səmimi insan olduğunuz üçün
Sizinlə ünsiyyətdə olarkən, Sizdən
yazarkən səmimi olmamaq mümkün deyil! Siz görkəmli yazıçı, istedadlı filoloq
alim olmaqla yanaşı, həm də dövlətin yüksək eşelonunda təmsil olunan
məmursunuz. Amma yenə də səmimiyyətinizi qoruyub saxlaya bilməyiniz təəccüblü
olduğu qədər, qürur doğurur və Sizi oxucularınıza sevdirən ən başlıca amil də
budur). "Mahmud və Məryəm”, "Ağ dəvə” və "Ölüm hökmü” romanlarınızı oxumuşam.
Romanlarınızdakı özünəməxsusluğunuz, yazıçı obrazının səmimiliyi, müşahidə
bacarığınız, yeri gəldikdə kəskin, prinsipial mövqeyiniz, ətrafda baş verən
hadisələrə zamanında dəqiq və düzgün reaksiyanız məni valeh etdi. Orijinal
bədii ifadə tərzi, zəngin və obrazlı dil, fərqli müşahidələr, müqayisələr bir
daha əsərin Sizə məxsusluğunu sübut edir. "Dövr və şəraitdən aslı olmayaraq”
imzanıza sahib çıxmaq, hörmət etmək sevgisindən irəli gəlir bu. Odur ki, təlatümlər
imzanızı nə unutdura, nə də imtina etdirə bildi...
"Sarı gəlin” və "Araba” hekayələriniz də bir oxucu kimi diqqətimdən
yayınmadı. Burada da hadisələrə elə məharətlə ştrixlər vurursunuz ki, sonda
ustalıqla oxucunun qəlbini fəth edirsiniz, onu düşünməyə, həyəcanlanmağa sövq
edirsiniz. Sizin bir yazar kimi böyüklüyünüz ondadır ki, oxucunuzu
təəssübləndirməklə, düşündürməklə yanaşı, onu inandırmağı da bacarırsınız. Odur
ki, əsərlərinizin hər birində, istər romanlarınızda, istərsə də hekayələrinizdə
irəli sürülən ideya çox əhəmiyyətli və aktual olur. Unudulmaz təəssüratlarla,
maraqlı görüşlərlə, tipik hadisələrlə zəngin olan səyahət oçerklərinizdən
"Yaxın, uzaq Türkiyə”, "Qabrovo görüşləri”, "Yanan ağacın şəfəqləri”ni
oxumuşam. Bunlar həm də çağdaş publisistikamızın ən sanballı nümunələrindəndir.
Burada bir daha publisistin özünəməxsus üslubu görünür. O, özünün müşahidə
etdiyi, ondan başqa heç kimin görmədiyi, yaxud görə bilmədiyi hadisələri,
faktları canlı, obrazlı şəkildə oxucusuna təqdim edir. Doğrusunu deyim ki, Sizdən söz düşəndə
nədənsə daha çox "Vətən” Cəmiyyətində və onun orqanı olan "Odlar yurdu”
qəzetindəki xidmətləriniz gözlərim önündə canlanır. 1980-ci illərin sonlarında
xalqımızda milli heysiyyətin, milli mənlik hissinin formalaşmasında tarixi bir
missiyanı yerinə yetirdi "Odlar yurdu”nuz. Odlu-alovlu bir yol keçərək, xalqın
yaddaşına, qəlbinə həkk oldunuz. Milli iftixar və qürur mənbəyi olan,
cəmiyyətin nəbzini tutan bu qəzet məhz Sizin rəhbərliyinizlə, təkcə "Vətən”
Cəmiyyətinin deyil, bütövlükdə cəmiyyətin orqanı oldu. Milli ideologiyanın
yaranması, formalaşması və onun ideoloji konsepsiya kimi hazırlanmasında
rəhbərlik etdiyiniz Cəmiyyətin və onun orqanı olan qəzetin necə böyük rol
oynadığı göz önündə canlanır. Xalqın azadlığı, xoşbəxtliyi uğrunda qanlı
köynəyini əyninə geyib, sözü, əməli ilə savaşa çıxan məsləkdaşlarınıza hər an
dəstək olmanız, bir daha Sizin böyüklüyünüzü sübut edir. Qədim Çin mütəfəkkiri
Konfutsi yazırdı: "Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas
olan keyfiyyətdir”. Elçin müəllim Siz də xalqın, millətin azadlığı, xoşbəxtliyi
uğrunda savaşa girdiniz və qələbə ilə çıxdınız. Sözünüzdə, amalınızda hər an
qələbə nəsibiniz olsun!
Qərənfil Dünyaminqızı