• çərşənbə axşamı, 23 aprel, 17:35
  • Baku Bakı 24°C

Ədəbi janrların böhranı

04.02.19 10:51 2243
Ədəbi janrların böhranı
Bədii yaradıcılığın müxtəlif cəhətlərini əks etdirmə baxımından ədəbiyyat müxtəlif janrlara şaxələnib. Ədəbiyyatda hər ədəbi növ janra ayrılır. Dastan, roman, povest, hekayə, komediya, poema, dram və s. janrlar ümumilikdə nəzm və nəsrə bölünür. Ayrı-ayrı vaxtlarda ədəbi janrların sanballı nümunələri yaransa da, hazırkı dövrdə janrların böhranı yaşanır. Hətta bəzi janrlar unudulub sıradan çıxmaqdadır.
"Müzakirə”mizdə mövzu ilə bağlı maraqlı fikirlər qeyd olundu.
Janr rəqabəti yoxdur
Professor Rüstəm Kamalın fikrincə, müasir Azərbaycan ədəbiyyatında janr böhranı var: "Bu, janr kasıblığının müxtəlif səbəbləri var. Hər bir janr öz dövrünün dil, ideoloji estetik səviyyədə mənzərəsini əks etdirir. Əsl şair janrı hiss etməlidir. Bizim müasirlərimizdə janr hissiyyatı zəifləyib. Bu səbəbdən janr probleminin iki aspekti var. Birincisi, janrı sadəcə, görməyi öyrənmək azdır. Həm də müxtəlif şairlərdə janr təfəkkürünün səviyyələrini də fərqləndirmək lazımdır. Poeziyanın keyfiyyəti həm də şərti olaraq onlardakı janr hissiyyatı ilə bağlıdır. Yəni sən bilməlisən ki, niyə Nəriman Həsənzadə son vaxtlar poemalara müraciət edir? Yaxud Məmməd İsmayılın, Musa Yaqubun, Ramiz Rövşənin poeziyasının keyfiyyətini janr müxtəlifliyi ilə səciyyələndirmək lazımdır. Digər tərəfdən, hər bir janr istər-istəməz oxucunun təhtəlşüur aparatına daxil olur. Janr eyni zamanda, həm oxucunun, həm də yazıçının şüuruna daxil olmalıdır”.
Ədəbiyyatşünas alimin fikrincə, bizdə hazırda janr böhranını yaradan səbəblərdən biri də oxucu auditoriyası problemi ilə bağlıdır. Belə ki, Azərbaycan yazıçısı öz oxucusu ilə tanış deyil: "O, öz oxucusunu arxasınca apara bilmir. Ya da oxucu hazırlamaq missiyasını öz boynuna götürmür. «Mən nə yazmışam, sən də onu oxumalısan», «Oxuya bilmirsənsə, demək, hazır deyilsən» deyir oxucusuna. Ancaq bu, eyni vaxtda baş verməlidir. Böhran da bununla yaşanmamalıdır”. Professor bir çox janrların, xüsusən nəsrdə qeyb olmasının səbəbini bizdə oturuşmuş kitab bazarının olmamağı ilə əlaqələndirir: "Bunun da bir tərəfi yenə oxucuya bağlanır. Yəni kitab bazarı olmalıdır ki, yazıçı bilsin: detektiv, tarixi və ya sevgi romanlarını o bazara çıxaranda, onun oxucusu yaranacaq və o janr da yaşayacaq”. R.Kamal bizdə biblioqrafik janrların, fantastik əsərlərin, hərbi macəra romanlarının yazılmadığını deyir: "Nağıllar yazılmır. Sevgi romanları, ironik romanlar yoxdur. Tarixi roman janrı da hələ o səviyyədə deyil. Bu fərqliliklər olmadığına görə, Azərbaycan ədəbiyyatında janr qıtlığı yaşanır”.
Ədəbiyyatşünas alim həmçinin ədəbiyyatımızda ənənənin yaşadılması probleminin də mövcudluğunu deyir. Belə ki, janr həm də ənənə ilə ötürülür: "Bizdə janrların mücadiləsi getmir. Çünki bədii düşüncə sistemində janrın rəqabəti mütləq yeni janrların yaranmasına gətirib çıxaracaq. Bu da meydanda yoxdur. Həm poeziyada, həm də nəsrdə fraqmental formaların üstünlük təşkil etməsi səbəbindən iri formalar bir qədər özünün real kontekstini tapa bilmir”. R.Kamal hesab edir ki, janr məsələsi həmçinin ədəbiyyatda, xüsusən poeziyada şəxsiyyət problemidir: "Çünki janrın nüfuzu həm də müəllifin nüfuzu ilə bağlıdır. Janr hazırda ədəbi prosesin «ədəbi qəhrəmanı» deyil. Ədəbiyyatın çərçivəsindən kənara çıxan bir «nitq» hadisəsidir. Məsələn, kimsə öz gündəliyini çap edir və adını roman qoyur. Janr həmişə çevik sistemdir. Yeni janrlar köhnə ənənəvi janrla toqquşanda yaranır. Bizdə də köhnə janrla toqquşma yoxdur. Sadəcə, əski janrı sıradan çıxarmaq, unutmaq var. Ona görə, bizim ədəbi, bədii düşüncə sistemimizdə bir janr böhranı yaşanır”. Orta əsrlərdə janrların ieararxiyasına toxunan ədəbiyyatşünasın fikrincə, şairin poeziyasının keyfiyyəti janrla müəyyənləşir: "Şairlər var, özünü qəsidədə göstərir. Xəqani, böyük qəsidə, Füzuli qəzəl ustasıdır. Molla Pənah Vaqif qoşma və müxəmməslərlə tanınır. Rübai deyəndə Məhsəti, Ömər Xəyyam yada düşür. Ədəbiyyatda epik, lirik janrın yaranması həm də situasiyalardan asılıdır. Ola bilsin ki, ölkədə çox epik situasiya olsun, onda poemalar yazılmalıdır. Məsələn, quruculuq işləri gedir, dövlət qurulur, zavodlar, fabriklər tikilir, kollektiv mübarizə var. 30-cu illərdə gedən bu proseslər haqqında Mehdi Hüseyn kimi cavan yazıçılar romanlar yazırdılar. Çünki dövr özü epik idi. Ancaq 70-ci illərdə lirika güclü idi. Çünki situasiyanın özü lirik situasiya idi. Təbii ki, hər bir janr həm də şairin təfəkkür, sahib olduğu mədəniyyət tipini müəyyənləşdirir. Bizdə elə bölgə var ki, oradan çıxan qələm adamında mental düşüncə baxımından epik təfəkkür yoxdur. Ondan poema yazmağı necə tələb etmək olar?” Professor hesab edir ki, janrı yaradan səbəblərdən biri də motiv məsələsidir. Motiv həm də ənənənin materialıdır ki, şair onunla işləyir: "Əgər eşq orta əsrlərin, klassik ədəbiyyatın motividirsə, şair də bu motivlə işləyəcək. 20-ci əsrin motivi isə fərqlidir. Hər bir janrın cövhəri şairə, həm də həmin janrı necə tamamlamağı diktə edir. İndi baxıb görürsən ki, şairlər çox vaxt şeiri necə bitirməyi bilmirlər, ya nöqtələr qoyurlar, ya da uzunçuluq edirlər. Çünki onlarda janr instinkti yoxdur”.
Yeni texnologiyalarla yanaşı yeni janrlar
Yazıçı Mirmehdi Ağaoğlu hesab edir ki, satiranın geniş yayılmamasında senzuranın həmişə rolu olub. Digər tərəfdən satira cəsarət tələb edən janrdır: "O cümlədən həcv, pamflet heç vaxt ədəbiyyatın aparıcı janrı olmayıb. Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər həcvə, Conatan Svift, Daniel Defo kimi yazıçılar pamfletə müraciət ediblər. Amma yaradıcılıq baxımından götürdükdə biz şair və yazıçıları həcvləri ilə deyil, daha ciddi əsərləri ilə xatırlayırıq. Çünki həcv və ya pamflet adətən öz dövründə yaşamış hər hansı bir şəxsə və ya hadisəyə münasibət olduğu üçün üstündən müəyyən bir zaman keçdikdən sonra həmin şəxs və ya hadisə unudulur, beləliklə, əsərin də əhəmiyyəti itir. Bunların içində yalnız yüksək bədii səviyyəyə malik bəzi nümunələr qalır. Biz Daniel Defonu pamfletləri ilə yox, «Robinzon Kruzo» əsəri, Conatan Svifti «Qulliverin macəraları», Seyid Əzim Şirvanini qəzəlləri ilə tanıyırıq”.
Yazıçı bu fikirləri təmsil janrına da aid edir: "Bu janr da bizdə az yazılır. Ümumiyyətlə, mənə elə gəlir ki, dünya ədəbiyyatında da təmsilə tək-tük qələm adamları müraciət ediblər, aparıcı olmayıb. Yəqin indi də kimsə yaradıcılığında bu janra müraciət edir. Amma hazırda şairlərimiz arasında təmsil yazana rast gəlməmişəm”. Poema janrına gəlincə, yazıçı hesab edir ki, artıq dünyada lakonikliyə üstünlük verildiyindən, insanlar irihəcmli əsərlər oxumaq istəmirlər: "Bizdə sovet dövründə poema janrının geniş yayılmasının səbəbi o idi ki, qonorar misraya görə verilirdi və şairlər də poema yazırdılar ki, çox qonorar alsınlar. Keyfiyyətə yox, kəmiyyətə hesablanmış bu poemaların çoxu unudulub, artıq onları heç kəs oxumur. Poemanın və ümumiyyətlə irihəcmli əsərlərin az yazılmasının başqa səbəbi də müasir zamanın diktəsindən irəli gəlir. Sanki bədii mətn nümunələri sosial şəbəkələrə hesablanır. Mətn daha lakonik olmalıdır ki, sosial şəbəkə istifadəçisinin qarşısına çıxan kimi bir su içimində oxusun. Artıq sosial şəbəkədə yazılan tvitlər, statuslar belə, bədii mətn səciyyəsi daşımağa başlayır. Bəzən qabağına elə bir status çıxır ki, onu hekayədən ayırmağa çətinlik çəkirsən. Eyni bədii səviyyədə, eyni dadda olur. Belə çıxır, statuslar da zamanla ədəbi janra çevrilə bilər. Bu yolda müəyyən cəhdlər də var. Məsələn, Rəşad Məcid statuslarını toplayıb kitab şəklində nəşr edir. Adı da gözəldir: "Qələmsiz yazılanlar”. Dünya artıq lakonikliyə meyillənir”. Mirmehdi Ağaoğlunun fikrincə, lakonikliyə meyillilik hekayə və roman janrında da özünü göstərir: "Hekayələrin həcmi də get-gedə kiçilir. Tutaq ki, «Altı nömrəli palata», «Yeddi məhbusun hekayəsi» həcmində hekayələr indi artıq az qala povest hesab olunur. Bu tendensiya roman janrında da hiss olunur. Daha 19-cu, 20-ci əsrin nəhəng romanları yazılmır. Düzdür, irihəcmli nümunələr var, ancaq bunlar istisnadır. Haruki Murakami "1Q84”, Pol Oster «4321» adlı, həcmi min səhifədən çox romanlar yazırlarsa, görünür, bununla oxucu tələbinə müqavimət göstərməyə çalışırlar. Amma Çili yazıçısı Aleyandro Zambra kimi 80 səhifəlik roman yazan yazıçılar da var. Onun «Bonzai», «Evə qayıtmağın yolları» və «Ağacların şəxsi həyatı» adlı üç romanını birlikdə götürdükdə, həcmləri heç 250 səhifəni keçmir. Düşünürəm ki, belə nümunələr getdikcə artacaq. Və yeni, cəsur dünya texnologiyalarla yanaşı, yeni janrlar da yaradacaq”.

Ədəbi dövrün janrları
Tənqidçi Vaqif Yusiflinin fikrincə, hər hansı bir ədəbi dövrdə müəyyən janrlara üstünlük verilir və yazıçı və şairlər də həmin janrlarda yazmağa başlayırlar: "Pamflet janrı Azərbaycan ədəbiyyatında o qədər də geniş yayılmayıb. Bu baxımdan indi də bu janra müraciət edən yoxdur». Tənqidçi poemaların yazıldığını istisna etmir, sadəcə, ədəbi hadisə ola biləcək poemalar yoxdur: «Çoxlu poemalar yazılır. Mən «Azərbaycan» jurnalında, ayrı-ayrı şeir kitablarında onlarla poema ilə rastlaşıram. Ancaq bu poemalar 80-70-ci illərdəki poemalar səviyyəsində deyil. Bu sahədə müəyyən durğunluq əmələ gəlib. Şairlər daha çox şeirə müraciət edirlər. Görünür, öz hisslərini ifadə etməkdən ötrü şeir onlar üçün daha münasibdir. Poema isə çox çətin janrdır. Lirik, lirik-epik, epik poema kimi növləri var. Ona görə də, poema yazmaq üçün müəyyən hazırlıqlar lazımdır. Düzdür, indi poemalar yazılsa da, onları seçmək çətindir. Bəzən heç onlara poema demək olmur. Onlar uzun şeirlərdir. Çünki poemanın içərisində daxili bir süjet olmalıdır. Epik poemadırsa, orada qəhrəman obrazı yaradılmalıdır. Ancaq bunlar yoxdur. Bu durğunluq deyil, sadəcə, ədəbiyyatın öz inkişafında əmələ gələn hadisədir. Ola bilər ki, bir neçə ildən sonra tənzimlənər, yaxşı poemalar yazılar”.
Nağıllara gəlincə, V.Yusifli bildirir ki, təkcə uşaq ədəbiyyatında «Gülzar nənə» imzası ilə yazan Gülzar İbrahimova bu janra müraciət edir. Komediya isə dramaturgiyanın bütün ədəbi mərhələlərində romanlara, şeirlərə, poemalara nisbətən az yazılıb: "Belinskinin sözü var: «Anadan dramaturq doğulmaq lazımdır». Baxımlı dram janrının çətinlikləri çoxdur. Romanda təhkiyə, şeirdə təsvir, tərənnüm var. Amma komediyaya, xüsusən, indiki dövrdə daha çox ehtiyac var. Yəni insanların düşdüyü vəziyyət, komik situasiyalar yazılmalıdır. Komediyanı dramaturqlar yazır. Bizdə isə peşəkar səviyyədə 5-6 dramaturq var. Biz indi "hanı, Sabit Rəhman, hanı Mirzə Fətəli Axundov kimi komediya ustaları»deyə bilmərik. Tənqidçi həmçinin ötən illərdəki kimi sanballı satira nümunələrinin yazılmadığını bildirir: "Hər il AMEA-nın Ədəbiyyat İnstitutunda ilin yekunları ilə bağlı müşavirə keçirilir. Bu müşavirələrin birində satira haqqında məruzə edən Səadət Vahabova adlı elmi işçi "çox çətinliklə satirik ədəbi nümunələr tapa bildim” dedi. Satira yazılır, ancaq ötən illərdəki əsl satirik əsərlər yaranmır. Baba Pünhan vəfat edəndən sonra satirik şeir yaranmadı».

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər