• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

Ədəbi gəncliyin əsərləri tapılmayan kitabxana

11.09.17 14:22 10391
Ədəbi gəncliyin əsərləri tapılmayan kitabxana
"Yolçu yolda, kitabçı da kitabxanada gərək" deyib, kitab dükanları və kitabxanaları gəzə-gəzə, necə deyərlər yollar ötüb, dağlar aşdım. Respublikamızın Şimal-qərbinə – Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında əsrarəngiz gözəlliyi ilə seçilən Zaqatala rayonuna "Zaqatala camaatı hansı kitabları oxuyur, hansı müəllifləri sevir" sualıyla üz tutdum. Zaqatala rayonu multikulturalizmin və tolerantlığın vətənidir desəm, səhv etmərəm. Burada müxtəlif xalqların nümayəndələri dinindən, dilindən asılı olmayaraq, qardaşdır. Zaqatala qoruqları, muzeyləri, alban kilsələri, mədəniyyət ocaqları, parkları, qalaları və həmçinin də gözəl kitabxanası ilə məşhurdur. Şəhərin mərkəzində yaşı 750-ni keçmiş, təbiətin möcüzəsi adlanan çinar ağacının kölgəlik saldığı tarixi məkan "Dədə-Qorqud meydanı"nın sol yanında, 28 may küçəsi 71 ünvanında qədim bir binada Zaqatala rayon Mərkəzi Kitabxanası yerləşir. Kitabxananın arxa tərəfində alban kilsəsi, onun da arxasında qala divarları adamı sanki elə burdan – kitab səhifələrindən düz keçmişə aparır. Bina, ətrafındakı meydan, ağaclar, müxtəlif tikililər, pilləkənlər, yerə döşənmiş daşlar – abu-hava o qədər qədimidir ki, sanırsan bu saat atlılar dəstəylə Qala düzündən üzü aşağı – şəhərə sarı enəcəklər...
Zaqatala Mərkəzi Kitabxanası bayır əldən qədim olsa da, içərisi tamamilə müasir bir kitabxanadır. Kompüterlərlə, internetlə, müasir dövrdə çap olunmuş kitablarla – oxucu üçün lazım olan hər şeylə təmin olunmuşdur. Vestibüldə "Anam – doğma Azərbaycan", "Zaqatala yurdum mənim", "Müasir Azərbaycanın banisi", "Şanlı tariximizin canlı şahidləri" və s. kimi stend və guşələr var. Hər yer səliqəli, tərtəmiz. Məni kitabxananın müdiri Gülnigar Məməmmədova qarşıladı. Kitabxanaylasa "Oxu zalı"nın müdiri Nəzmiyyət Məmmədova tanış etdi. Bir neçə otaqdan ibarət kitabxanada kitablar müəyyən bölmələr üzrə rəflərə düzülüb. Kitab fondundan uşaqlığımdan şüurumun bir küncündü qoruyub-saxladığım əsl kitab qoxusu gəlir. Sıralar üzrə rəflərə baxa-baxa gəzirəm. Bircə toz dənəciyinə, səliqəsizliyə rast gəlmədim. Bütün otaqlarda təmizlik, sahman, rəngarəng kitablar, dibçək gülləri göz oxşayır.
Həmsöhbətlərim həm Nəzmiyyə xanım, həm də kitabxananın müdir müavini Zeynəb Qocayeva oldu. Məni maraqlandıran sualları canla-başla cavablandırdılar. Deməli, son 3-5 ilədək oxucu qıtlığı olsa da, hal-hazırda bu sarıdan kitabxana korluq çəkmir. İnsanlarda yenidən kitablara, mütaliəyə həvəs yaranıb. Yay mövsümü olmasına və havaların çox isti keçməsinə baxmayaraq, hətta Oxu zalında oxucular da vardı. Rayonun 75 yaşlı sakini hər gün bura gəlir, müxtəlif kitablar, qəzetlər oxuyur. Bundan başqa, daha çox məktəblilər sinifdən xaric oxu üçün bədii ədəbiyyat kitabları götürüb, qeydiyyatdan keçərək evlərində oxuyurlar. Universitet imtahanlarına hazırlaşan, daha çox dil və ədəbiyyat fakültəsinə sənəd verəcək abituriyentlər klassik ədəbiyyat oxuyurlar. Dünya ədəbiyyatından – F.M.Dostoyevskinin "Qumarbaz", Herman Hessenin "Yalquzaq", L.N.Tolstoyun "Anna Karenina", M.Bulqakovun "Master və Marqarita", Kamünün, E.M.Remarkın, Cəlil Məmmədquluzadənin, S.Svayqın, Q.Q.Markesin, J.Saramaqonun, Cəfər Cabbarlının C.Oruellin, C.Apdaykın, İ.S.Turgenyevin, Orxan Pamukun, J.Amadunun seçilmiş əsərləri ən çox oxunulan əsərlər siyahısındadır. Azərbaycan ədəbiyyatından Nizami Gəncəvinin "Sirlər xəzinəsi, "Lirika", "Xosrov və Şirin", Nəsrəddin Tusinin "Əxlaqi-Nasiri", M.Ə.Sabirin "Hop-hopnamə", İsa Muğannanın "İdeal" kitabları, M.F.Axundzadənin "Seçilmiş əsərləri" oxucuların önəm verdiyi kitablardır.
Orta nəslin nümayəndələri daha çox detektiv əsərlərə üstünlük verir. Çingiz Abdullayevin bütün kitabları (həm Azərbaycan, həmrus dillərində), Müşfiq Xanın "5.45", Elxan Elatlının müxtəlif kitabları, Varisin "Sonuncu ölən ümidlərdir", "Sənə inanıram" kitabları sevilir. Bütün bunlardan başqa şifahi xalq ədəbiyyatının incilərindən olan dastanlara kitabxanada tələbat var. Məktəblilər və tələbələr müxtəlif dillərdən dilimizə və əksinə olan lüğətləri tez-tez götürürlər.
Nüsrət Kəsəmənlinin, Musa Yaqubun, Bəxtiyar Vahabzadənin şeir kitablarını rəflərdə, ümumiyyətlə, görməzsən. Çünki bir oxucu qaytaran kimi, digəri gəlib alır.Kitabxanada dini kitablar da mövcuddur. Seyfullayev Qulu, Seyfullayev Ruhinin "İdman və İslam", Zekeriya Güler "Hz.Peyğəmbər. Cəmiyyət və ailə", Hüseyn Cavan Arastenin "Quran elmləri dərsliyi" və s. kimi kitabları bu şöbədə tapmaq olar. Tarix bölməsində Yusif Səfərovun "Qədim Azərbaycan. Nə bilirik?", "Azərbaycan tarixi atlası" və başqa kitablar oxucuların ixtiyarındadır.
Çağdaş ədəbiyyatımızın gənc nümayəndələrinin əsərlərini də xəbər aldım. Müsahiblərim təəssüflə qeyd etdilər ki, paytaxtda çox məşhur olan gənc yazıçılar, şairlər kitablarını əyalət kitabxanalarına çatdırmırlar. Kitabxanada olsa burdakı gənclər, elə yaşlılar da oxuyar, tanıyar. İnternet dövrü olsa da, saytlarda həmin yazıçıların, şairlərin əsərləri yayımlansa da, kitab estetikası, başqadır. Həm də ki, internetdən yaşlı nəslin oxucu kütləsi demək olar ki, istifadə edə bilmir. Kitab olsa, hamı oxuyar.
Qəzetlər bölməsində gündəlik yenilənən paytaxtda və 1923-cü ildən bəri Zaqatalada çap olunan "Zaqatala" qəzetinin istənilən nömrəsini götürüb Oxu zalında rahat oturub oxumaq olar. İri pəncərələri olan zal işıqlı və gözəldir. Hər tərəfi kitab rəfləri, çiçək və kitab qoxusuyla mütaliəyə səsləyir. Hər bir kitabsevər üçün belə bir mühit əsl cənnətdir.
Kitabxanada müxtəlif tədbirlər, anım günləri, yubileylər, kitab təqdimatları da keçirilir.
Kitabxananın elektron saytı fəaliyyət göstərir. Yeni kitablar, təşkil olunmuş tədbirlər və s. haqqında məlumatlar, foto videolar daim yenilər. Müxtəlif kitabların elektron variantlarını da hər bir Zaqatala sakini kitabxanaya gəlmədən, evindəcə rahat yükləyib oxuya bilər.
Kitabxanadan çox xoş təəssüratlarla ayrıldım. Bu kitabxanada, sözün əsl mənasında işıq var, nur var. Paytaxtdan 450 km aralıda bu cür gözəl kitabxananın fəaliyyət göstərməsi məni olduqca sevindirdi. İşçi personalının da peşəkarlığı öz yerində. Səliqə-sahmandan tutmuş, oxuculara düzgün verilən istiqamət, nəzakətlə rəflərdən oxuculara kitabların çatdırılması bu kollektivə minnətdarlıq hissi yaradır.
Kitabxanadan çıxıb məşhur "Dədə Qorqud meydanı"ndakı qoca çinarın kölgəsində Zaqatala sakinləri arasında sorğu apardım. Gənclər Orxan Pamukun "Mənim adım qırmızı", "Məsumiyyət muzeyi", "Qar", "Beynimdəki qəribəlik", Qurban Səidin "Əli və Nino", Anarın "Təhminə", "Gözmuncuğu", Xalid Hüseynin "Çərpələng uçuran", "Min möhtəşəm günəş", nisbətən orta yaşlı sakinlər Elxan Elatlının "Dilənçi qadının sirri", "Niyə susursan, polkovnik", "Məhəbbətin gizli kodu", "Bakıdan gələn xəfiyyə", Varisin "Əzilmiş fotoşəkillər" kitablarını sevə-sevə oxuyurlar.
Bölgələrdə də mütaliə sahəsində durğunluğun nisbətən aradan qalxdığına, mütaliə etdikləri kitabın səviyyəsini ölçmədən, təhlil etmədən, sadəcə, insanların yenidən kitaba, ədəbiyyata maraq göstəməsinə çox sevindim.
"Kitablar – zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir", – deyir Frensis Bekon. Mən də bir kitab götürüb şimal-qərb bölgəsinə səyahətimi davam etdirirəm. Günəşin daha möhkəm qucaqladığı bu əsrarəngiz dağların qoynundakı bölgənin digər rayonlarında mütaliə səviyyəsini, kimin nə kitab oxuduğunu, hansı müəllifləri sevdiyini və ya sevmədiyini gələn sayımızda oxuyarsınız. Hələlik...
Hazırladı: Xanım AYDIN
banner

Oxşar Xəbərlər