• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

Edam kötüyünə könüllü baş qoymaq...

10.11.18 19:33 638
Edam kötüyünə könüllü baş qoymaq...
Ermənistan mətbuatı və işğalçı ölkənin siyasi elitası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitində baş verənləri faciə kimi dəyərləndirir. Rəsmi Yerevan bu hadisələrlə bağlı əsaslandırılmış açıqlama verə bilmir. Ermənistanın rəsmi mövqeyi sadəcə bu ölkənin xarici işlər nazirinin müavini Karen Nazaryanın "hazırda bununla bağlı heç nə deyə bilmərik” cümləsindən ibarətdir. Bu cümlə isə Ermənistan hakimiyyətinin şok yaşadığını və hələ də şokdan ayılmadığını nümayiş etdirir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri, 1995-1998-ci illərdə KTMT-nin baş katibi olmuş Stepan Qriqoryan Astana sammitində baş verənləri ciddi böhran kimi dəyərləndirir. Onun qənaətinə görə, Ermənistan üçün ən ciddi təhlükə Belarusun KTMT-nin baş katibi postuna irəli sürdüyü namizədlə bağlıdır. Belə ki, Belarusun irəli sürdüyü namizəd hərbi akademiyanı Bakıda bitirib və Azərbaycanla sıx əlaqələri var.
KTMT-nin sabiq baş katibinin sözlərinə görə, təşkilat artıq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından etibarsız hala gəlib: "Əlbəttə, Ermənistan KTMT-nin üzvü kimi müəyyən qədər ucuz silah əldə edə bilir, amma siyasi baxımdan itkilərimiz böyükdür. Bu təşkilat etibarsızdır, ona görə ki, Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edir.
Ermənistan müxalifətinin təmsilçisi, işğalçı ölkənin parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə deyir ki, Ermənistanın təhlükəsizlik sahəsində öz mövqelərini itirməsi göz qabağındadır. Baş katib postunun Belarusa keçəcəyinə artıq şübhə yoxdur və bu, Paşinyan hökumətinin növbəti iflasıdır”.
Siyasi ekspert bildirib ki, Eduard Şarmazanovun Ermənistanın yeganə istinad nöqtəsi olan KTMT-də də iflasa uğramasının səbəblərini Paşinyan hökumətində axtarması təbiidir. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın KTMT-dəki uğursuzluğu hələ Serj Sarkisyanın hakimiyyəti dövründə başlayıb. KTMT-nin 2015-ci ildə keçirilən sammitində həmin dövrdə Ermənistanın prezidenti olan Serj Sarkisyan Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın ünvanına Azərbaycanla bağlı ittihamlar səsləndirmişdi və qarşı tərəfdən sərt cavab almışdı. Bunun davamı olaraq, KTMT-nin 2016-cı ildə Yerevanda keçirilən sammitində Ermənistanın baş katib postuna irəli sürdüyü namizəd təsdiq edilməmişdi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sammitə qatılmadığına görə məsələ gündəlikdən çıxarılmışdı. Bu hadisədən 2 ay sonra Sankt-Peterburqda keçirilən zirvə toplantısına isə Belarus Prezidenti Aleksandr Lukaşenko gəlməmişdi və məsələ yenə gündəlikdən çıxarılmışdı. 2016-cı ilin Aprel döyüşlərindən sonra isə Belarus və Qazaxıstan Azərbaycanın mövqeyini açıq və birmənalı şəkildə müdafiə edib. Elə həmin vaxt Serj Sarkisyan hər iki ölkənin və KTMT-nin ünvanına kəskin ifadələr səsləndirmiş, bu təşkilatın Ermənistanın təhlükəsizliyinə töhfə verə bilməyəcəyini bildirmişdi. Göründüyü kimi, Ermənistanın KTMT-də iflasa uğraması təkcə Paşinyan hökuməti ilə bağlı deyil və bu proses artıq uzun müddətdir ki, başlayıb və məntiqi sonluğuna yaxınlaşır. Çünki KTMT-ni etibarsızlıqda ittiham edən Ermənistan rəhbərliyindən və siyasətçilərindən fərqli olaraq, təşkilatın üzvü olan digər dövlətlər bunun əksini düşünür və Ermənistanı etibarsız hesab edirlər. Şübhəsiz ki, KTMT üzvü olan dövlətlərin bu mövqeyinin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu, strateji gedişləri, təkcə KTMT üzvü olan dost dövlətlərə deyil, bütün dünyaya ölkəmizi sabit mövqeyə malik etibarlı tərəfdaş, müttəfiq kimi tanıtması müstəsna əhəmiyyət kəsb edir.
Astana sammitində baş verənlərlə bağlı "Moskovskiy komsomolets” qəzetində dərc olunan analitik şərhdə maraqlı bir məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, əgər Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır. Məqalədə bildirilir ki, Aleksandr Lukaşenkonun bu yanaşması KTMT-nin Nizamnaməsinə əsaslanır və Ermənistanın bu məsələdə hər hansı bir iddia ilə çıxış etmək imkanı yoxdur.
Baş verənləri Ermənistanın KTMT-də "küncə qoyulması” ilə yanaşı, həm də bu ölkənin daxilindəki gərginliyin daha da artması kimi dəyərləndirən siyasi ekspert bildirib ki, KTMT artıq Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi üçün söykəncək olmayacaq. KTMT amilindən istifadə nəinki reallıqda, hətta Ermənistan hakimiyyətinin təbliğatında belə işə yaramayacaq. İşğalçı ölkənin başqa bir hərbi-siyasi qütbə üz tutması isə edam kötüyünə könüllü baş qoymağa bərabərdir.
banner

Oxşar Xəbərlər