• cümə axşamı, 28 mart, 16:09
  • Baku Bakı 16°C

Ədalət tərəzisi əyri olan radikal müxalifət

03.06.19 18:51 687
Ədalət tərəzisi əyri olan radikal müxalifət
UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyunları arxada qaldı. Faktiki olaraq, Bakı təşkilatçılıq baxımından Madridi üstələdi. Bir neçə gün əvvəl Avroliqanın final oyununun Bakıda keçirilməsinə tənqidi münasibət sərgiləyən İngiltərə mətbuatı, Madriddəki oyundan sonra fikrini dəyişdi. İngiltərə mətbuatında ayrı-ayrı tanınmış şəxslərin açıqlamasında Bakının təşkilatçılıq baxımından Madridi üstələdiyi qeyd olunur. Amma maraqlıdır ki, Bakı finalından öncə bizi gözdən salmağa çalışan radikal müxalifət təmsilçiləri bu barədə bir kəlmə belə danışmadılar və yazmadılar. Hansı ki, radikal müxalif düşərgəsi bütün vasitələrdən istifadə etməklə, Avropa institutlarını UEFA-ya təzyiq göstərib Bakıda keçiriləcək oyunun təxirə salınmasına nail olmağa çağırırdılar. Onlar çalışırdılar ki, "siyasi məhbus”, "demokratiya”, "söz azadlığı” kimi ənənəvi metodlardan istifadə edib, özlərinin çirkin niyyətlərini reallaşdırsınlar.
Hətta "Mxitaryan olayı”na köklənərək "erməni təəssübkeşliyini” belə gizlətmirdilər. Sosial şəbəkələrdə dönə-dönə vurğulayırdılar ki, guya erməni futbolçunun "etimad” etmədiyi halda, Qərb institutları da rəsmi Bakıya güvənməməlidir. Lakin Bakı bu möhtəşəm tədbirə layiqincə ev sahibliyi etdi. Ardınca isə Madriddəki oyunun şahidi olduq və hər iki oyunla bağlı baş verənlər artıq hər kəsə bəllidir. Lakin bir neçə gündür radikal müxalifət düşərgəsi susqunluğa qərq olub və görünür ki, deməyə sözləri yoxdur. Açıq desək, onlarda etiraf mədəniyyəti də çoxdan mövcud deyil. Neçə illərdir ölkədə görülən işləri, aparılan islahatları görməzlikdən gəldikləri kimi, bu reallığı da susqunluqla yola verməyə çalışırlar.
Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov bildirdi ki, Bakıda keçirilən Avropa Liqasının finalı ilə Madriddə keçirilən Çempionlar Liqasının final oyunlarını müqayisə etdikdə, müəyyən nəticəyə gəlmək olur: "Belə ki, Azərbaycanda mədəniyyət, təşkilatçılıq, bilet satışı, azarkeşlərə olan münasibət, stadionda qaydaların nizamlanması Madriddən çox yüksək idi. Bunu hətta avropalıların özləri belə etiraf edirlər”.
A.Badamov əlavə etdi ki, Bakıda həm oyuna hazırlıq, həm də oyunun keçirilməsi üçün şərait ideal olub: "Avroliqanın final oyununu izləməyə gələn bütün azarkeşlər Azərbaycandan çox məmnun qalıblar. Onu da qeyd edim ki, heç bir insident və ya narazılıq halı müşahidə olunmadı. Amma Madriddə tamamilə ayrı bir mənzərənin şahidi olduq. Saxta biletlərin satışından başlamış təhlükəsizliyin təminatına qədər hər şey qüsurlu idi. Demək olar ki, final oyununun təşkilatçılığından hamı narazı qalmışdı. Lakin dünənə qədər Azərbaycanda qarayaxma kampaniyasını təşkil edənlərin heç birinin səsi belə çıxmır. Təbii ki, heç çıxmayacaq da. Çünki, idman artıq siyasiləşib və ikili standartlar mövcuddur. Məhz bunun göstəricisi idi ki, Azərbaycana qarşı sifarişli əllər uzanmışdı. Lakin ölkəmiz hamıya öz yüksək mədəniyyətini nümayiş etdirərək, qarayaxma kampaniyası aparanların layiqli cavabını verdi”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, ötən ayın sonlarında paytaxt Bakı çox yüksək səviyyədə dünya idman tarixinin daha bir möhtəşəm hadisəsinə ev sahibliyi etdi: "UEFA Avropa Liqasının final qarşılaşması kifayət qədər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində keçdi. Ölkəmizə gələn qonaqlar, futbol azarkeşləri bu idman bayramını böyük coşqu ilə qeyd etdilər. Ayrı-ayrı turistlər müsahibələrində Bakıda keçirilən final oyununun əhəmiyyətindən danışaraq, Azərbaycanın qonaqpərvərliyini, isti, səmimi və xoş münasibəti xüsusi olaraq vurğuladılar. İstər final oyununun keçirildiyi vaxt, istərsə də digər günlərdə Bakıda lazım olan bütün tədbirlər görülmüşdü. Bakı Olimpiya Stadionuna gediş-gəliş, turistlərin sərbəst hərəkəti, otellərdəki qiymətlər və xidmət səviyyəsi ilə bağlı yalnız xoş fikirlər ifadə edilirdi. Bir sözlə, Bakının UEFA Avropa Liqasının final qarşılaşmasına yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulandı”.
V.Rəhimzadənin sözlərinə görə, UEFA Çempionlar Liqasının Madriddə keçirilən final qarşılaşması ilə bağlı isə ciddi nöqsanlar qeydə alınıb: "Belə ki, oyun ərəfəsində saxta bilet satanlar peyda olub və ispan polisi bu şəxsləri həbs edib. Qara bazarlarda biletin qiyməti 10-31 min dollar arası olub. Bununla yanaşı, turistlər otellərdə qiymətlərin bahalığından şikayətləniblər, hətta bəzi insanlar başqa bölgələrdə kirayə ev tutmaq məcburiyyətində qalıblar. Müşahidə olunan nöqsanlar bununla bitmir. Oyun ərəfəsində Madriddə böyük tıxaclar yaşanıb və insanlar məhdudiyyətlərlə qarşılaşıblar. Hətta bileti olanlar belə, stadiona daxil ola bilməyiblər. Bir sözlə, UEFA Çempionlar Liqasının finalı gözlənildiyi kimi, yüksək təşkilatçılıq şəraitində baş tutmayıb. Qərb mediasının UEFA Çempionlar Liqasının finalı ilə bağlı yaydığı xəbərlər bu və digər neqativ məqamlarla zəngindir. Hətta bir sıra tanınmışlar ayrı-ayrılıqda Madriddə baş verən nöqsanları, çatışmazlıqları dilə gətiriblər”.
Baş redaktor əlavə etdi ki, sadalanan bu və digər faktlar UEFA Avropa Liqasının Bakıda keçirilən final qarşılaşmasını qaralamağa çalışanlar üçün əsaslı cavab oldu: "Azərbaycanın uğurlarını gözü götürməyən, erməni və ermənipərəst qüvvələrin dəstəyi ilə hərəkət edən, hər fürsətdə bizi ləkələməyə cəhd edən bəzi "qüvvələr” nədənsə, "Madrid finalı” ilə bağlı baş verən neqativ hadisələr qarşısında susqunluq nümayiş etdirirlər. Bakıda keçirilən möhtəşəm finalı gözdən salmaq üçün dəridən-qabıqdan çıxan bu ünsürlər, görünür, Madriddə baş verənlərə heç cür bəraət qazandıra bilmirlər. Bütün bunlara rəğmən, dünya ictimaiyyəti gördü ki, Bakı təşkilatçılıq baxımından Avropanın futbol şəhərlərindən heç də geri qalmır, hətta onlardan daha üstündür”.
AZAD
banner

Oxşar Xəbərlər