• cümə axşamı, 28 mart, 13:32
  • Baku Bakı 16°C

ECR: Seçki milli qanunvericiliyə uyğun keçirilib

12.04.18 12:05 570
ECR: Seçki milli qanunvericiliyə uyğun keçirilib
Avropa Mühafizəkarlar və Reformistlər Qrupu (ECR) 11 aprel prezident seçkilərində apardıqları müşahidənin nəticəsi ilə bağlı bəyanatı açıqlayıb.

APA-nın xəbərinə görə, qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski bildiriblər ki, seçki milli qanunvericiliyə uyğun keçirilib və hüquqi çərçivəyə, Seçki Məcəlləsinə riayət olunub: "Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunub. Ümumi atmosfer sakit, bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi. Təəssüf ki, 4 siyasi qurum - Demokratik Qüvvələrin Milli Şurası, REAL, Ümid və Müsavat partiyaları seçkiləri boykot etmişdi. ECR nümayəndə heyəti bunun prosesin inklüzivliyinə təsir göstərəcəyini hesab edir, çünki bu seçiciləri iştirak etməkdən çəkinməyə sövq edir. Seçicilərin azadlığı və səsvermənin gizliliyi tam təmin olunub. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmayıb. Səsvermə prosesi adekvat və beynəlxalq standart, təcrübəyə müvafiq idi. Səsvermə günü Seçki Məcəlləsinin pozulma hallarını müşahidə etməmişik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmamışıq. Təhlükəsiz atmosfer yaradılmışdı".

Bildirilib ki, bunlara baxmayaraq, bəzi seçki məntəqələrində möhürləmə, bülletenlərdən müvafiq qaydada istifadə, düzgün seçici identifikasiyası hallarında pozuntular aşkarlanıb. Ancaq bunun mənbəyini müşahidəçilər müəyyənləşdirə bilməyib: "Bu halların yekun nəticələrə təsir göstərə bilməyəcək qədər az olmasına baxmayaraq, missiya belə təcrübələri pisləyir və MSK-nı belə çatışmazlıqların gələcəkdə qarşısının alınması məqsədilə bu pozuntuları müvafiq qaydada araşdırıb, məlumat verməyə çağırır”.

Missiya üzvləri seçkilərin vaxtından əvvəl keçirildiyi üçün geniş auditoriyanın iştirak etməsi və ya bütün partiyalar və namizədlərin seçki debatlarnda bərabər şərtlərlə təmin edilməsi üçün az vaxt qaldığına görə narahat olduqlarını da dilə gətiriblər.

Onlar gələcəkdə beynəlxalq, o cümlədən DTİHB ilə əməkdaşlıq və iştirakçıların artırılmasının mümkün olacağına və mümkün pozuntular barədə məlumatların müvafiq qaydada araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.
banner

Oxşar Xəbərlər