• cümə, 29 Mart, 06:34
  • Baku Bakı 5°C

Əcnəbilərin azərbaycanlı müavini

12.12.13 09:02 1200
Əcnəbilərin azərbaycanlı müavini
Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar. Əlavədə deyilir ki, əcnəbi və ya vətəndaşlığı olmayan, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşı olmalıdır. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir. Layihə dekabrın 17-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov “Qeyri-hökumət təşkilatları haqqında” qanuna edilən sözügedən əlavəni dəstəklədiyini bildirdi: “Yaxşı təşəbbüsdür. Bu, ilk növbədə Azərbaycanda QHT sahəsində fəaliyyət göstərmək istəyən əcnəbinin özü üçün də əlverişlidir. Çünki müavininin azərbaycanlı olması QHT sədri olan əcnəbinin Azərbaycan ictimaiyyəti ilə əlaqə qurmasına, Azərbaycan cəmiyyəti ilə anlaşmasına yardım göstərəcək. Bu, bizim üçün də həmin əcnəbi vasitəsilə beynəlxalq təcrübəni öyrənmək baxımından sərfəlidir, çünki əcnəbi təcrübəsini bizim kadrlara ötürəcək. Buna görə də qanuna sözügedən əlavənin edilməsindən narahat olmaq yox, sevinmək lazımdır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı qanuna Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Azərbaycan vətəndaşları ilə müştərək işini nəzərdə tutan əlavənin edilməsini müsbət qarşıladığını dedi: “Əgər Azərbaycanda QHT rəhbəri kimi fəaliyyət göstərmək istəyən əcnəbinin niyyəti safdırsa, Azərbaycan dövləti üçün işləyirsə, Azərbaycanda demokratiyaya dəstək verirsə, dövlətçiliyə xələl gətirən fəaliyyətlə məşğul olmursa, yəqin ki, Azərbaycan vətəndaşları ilə işləməkdən çəkinməyəcək. Ümumiyyətlə, mən tərəfdarıyam ki, xarici QHT-lər burada fəaliyyət göstərsin. Amerika Milli Demokratiya İnstitutunun fəaliyyətini bərpa edirsə, orada azərbaycanlının olması müsbət haldır və bu, dövlətçilik baxımından müsbət qiymətləndirilə bilər”.
“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucovun fikrincə, Azərbaycanda QHT, ictimai birliklər və fondlar haqqında qanuna mütəmadi olaraq dəyişikliklər edilməlidir: “Çünki bizim ölkəmiz inkişaf etdikcə, qanunlar təkmilləşməli, həm dünyəvi olmalı, həm də Azərbaycanın maraqlarına cavab verməlidir. Bu baxımdan hesab edirəm ki, beynəlxalq QHT-lərin rəhbər vəzifələrində azərbaycanlıların təmsil olunması çox düzgün bir addım olardı. Ən azından ona görə ki, əgər bu təşkilat Azərbaycanda fəaliyyət göstərirsə, niyə orada azərbaycanlı rəhbər vəzifədə təmsil olunmasın. Digər tərəfdən, əgər beynəlxalq təşkilatlar bu və ya digər layihələri dəstəkləyəcəksə, layihələr həyata keçirəcəksə, həmin təşkilatın ən azından ikinci şəxsinin azərbaycanlı olması hansı qərəzli tendensiya yarada bilər. Əlbəttə ki, bu çox vacib addımdır. Digər tərəfdən, düşünürəm ki, azərbaycanlının əcnəbi QHT-də təmsil olunması ən azı, bizim ölkəmizin, vətənimizin təəssübkeşliyini çəkmək baxımından faydalı ola bilər”.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov da düşünür ki, qanuna dəyişiklik edilərək sözügedən müddəanın orada əksini tapması Azərbaycan üçün faydalı ola bilər: “QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi və QHT rəhbərlərinin təmsil olunduğu toplantıda bu məsələ bir dəfə müzakirə olunub və bir çox QHT-lər tərəfindən də dəstəklənib”.
Lalə
banner

Oxşar Xəbərlər