• cümə axşamı, 25 aprel, 12:24
  • Baku Bakı 23°C

Əcnəbilər üçün ediləcək güzəştlərin əmək bazarına təsiri

12.10.17 12:30 2233
Əcnəbilər üçün ediləcək güzəştlərin əmək bazarına təsiri
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır. Trend-in məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər edilir. Dəyişikliklər bürokratik əngəllərin qarşısını almaq məqsədilə təklif olunur. Məcəlləyə təklif edilən layihəyə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) üçün ailə tərkibi haqqından arayışa, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə, peşə ixtisası olduğu təqdirdə bununla bağlı sənədlərin notariat qaydasında təsdiq olunmuş surətlərinin təqdim olunmasına ehtiyac olmayacaq. İş icazəsinin verilməsi üçün də işəgötürənin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlərin sayı azaldılıb. Layihəyə əsasən, iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərdən birinə - Azərbaycanda başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətinin verilməsinə ehtiyac olmayacaq. Hazırda daimi yaşamaq üçün icazənin alınması ilə bağlı 16 sənəd tələb olunur. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin əmək bazarına necə təsir edəcəyini, hansı effekti verəcəyin, əcnəbilərin kütləvi gəlişinə səbəb olub-olmayacağını öyrənməyə çalışdıq.

Vətəndaşların Əmək Haqlarının Müdafiəsi Liqasının rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov bəzi sənədlərin notariat qaydada təsdiqinə ehtiyac olmadığını deyir: "İlk olaraq deyim ki, sadələşdirilmə ölkədə daimi yaşamaq üçün icazə almaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində olacaq. Daimi yaşayış hüququ əldə edən şəxslər üçün bir neçə sənəd azaldılacaq. Ona görə ki, nikah haqqında şəhadətnamənin, peşə-ixtisası barədə olan sənədin notariat qaydada təsdiq olunmuş surətinə ehtiyac qalmır. Notariat haqqında məlumat onsuz da bazada olur. Və yaxud, peşə ixtisası ilə bağlı sənədə nə gərək var? Bəlkə birinin heç peşəsi yoxdur, buna görə onun daimi yaşamaq hüququ niyə məhdudlaşdırılmalıdır? Yəni bu kimi məsələlər bir sıra problemlər yaradır. Daimi yaşamaq hüququ olan əcnəbi artıq işə qəbul olunarkən iş icazəsi almır. Ona görə bu asanlaşmanın bilavasitə o məsələ ilə əlaqəsi yoxdur. Tutaq ki, bir əcnəbi Azərbaycanda qeydiyyatı olan vətəndaşla evlənib, burada daimi yaşayır. Bu zaman iş icazəsi almağa ehtiyac yoxdur. Həmin əcnəbi də, öz vətəndaşlarımız kimi iş tapıb işləyə bilər. Sadəcə, burada söhbət daimi yaşayış hüququn əldə olunmasından gedir. Onun üçün də, əvvəlcə Azərbaycanda müəyyən müddət yaşamaq lazımdır. Ondan sonra icazə almaq hüququ yaranır”.

Ekspert deyir ki, bizdə iş icazəsini əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi işə götürənin özü alır: "Əcnəbi şəxs tutaq ki, işə düzəlmək üçün yox, başqa əsaslarla ölkəmizə gəlib. Amma indi işə düzəlmək istəyir. Bu zaman icazəni onu işə götürən alır. Əvvəl əcnəbi bu ölkədə niyə yaşadığı üçün sənəd təqdim etməli idi. Qanunsuz əsasla yaşayarsa, ona iş icazəsi verilməz. Ancaq indi bu, qanunvericilikdən çıxarılacaq. Çünki Dövlət Miqrasiya Xidmətinin bazasında ölkədə qanunauyğun şəkildə yaşayan hər bir əcnəbi haqqında məlumat var. Bu da əmək bazarına əcnəbilərin kütləvi axınına təsir etməyəcək. Çünki bu elə də ciddi sadələşmə deyil ki, əcnəbilərin axınına səbəb olsun. Hazırda ölkəmizdə əmək bazarında gərginlik hökm sürür. Doğumun səviyyəsi yüksəkdir. Öz vətəndaşlarımız belə bəzən iş tapa bilmirlər. Biz əcnəbilər üçün kvota müəyyən etmişik. Yalnız işə götürənin müraciəti əsasında iş icazəsi alına bilər. Amma Rusiyada hər əcnəbi özü icazəni alır, harada istəyir işləyə bilir. Bizdə isə belə deyil. Mənim fikrimcə, bu dəyişiklik nisbətən bürokratiyanı aradan qaldıracaq. Əcnəbilərdən ibarət işçi təbəqəsinin artmasına təsir etməyəcək”.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirdi ki, daimi yaşamaq üçün icazə almaq istəyənlərin qeydiyyata düşməsi və müvafiq qaydada sənədlərin təqdim olunması ilə bağlı sadələşdirilmə bilavasitə onları bəzi inzibati prosedurlardan azad edir: "Deməli, qanunvericilikdə belə bir məqam var idi ki, bəzi sənədlərin surəti notariat qaydada təsdiq olunmalı və əsli ilə birgə təqdim edilməlidir. Müəyyən uyğunlaşdırmalar aparılandan sonra əsli geri qaytarılır, surəti isə Miqrasiya Xidmətində qalırdı. İndi təkliflərin mahiyyəti ondan ibarətdir ki, daimi yaşamaq üçün müraciət edən şəxslər bəzi sənədlərini notariat qaydada təsdiq etdirməyəcəklər. Bu, onları həm müəyyən məsrəflərdən, həm də vaxt itkisindən azad edəcək. Şuranın sədri bu sadələşmənin əmək bazarına təsirindən də danışdı: "Əmək bazarına gəlincə, qeyd etdiyim məsələlər əmək bazarı ilə əlaqəli deyil. Ola bilsin ki, nəzəri cəhətdən daimi yaşamaq üçün icazə alan əcnəbilər həmin o prosedurlardan keçməmək üçün müraciət etməyiblər. Amma bir qayda var ki, daimi yaşamaq üçün icazə almış şəxs əmək fəaliyyəti ilə icazə olmadan məşğul ola bilər. Bu, onlar üçün böyük üstünlükdür. Yəni bazarda müəyyən mənada ola bilsin gərginlik yaranar. Çünki bu sadələşmədən sonra daimi yaşamaq üçün müraciət edənlərin sayının çoxalma ehtimalı var. Bu, az da olsa bazara təsir edə bilər. Amma hesab etmirəm ki, bu təsir ciddi olsun”.

Günel Azadə

banner

Oxşar Xəbərlər