• çərşənbə axşamı, 23 aprel, 10:17
  • Baku Bakı 20°C

Əcnəbi pulları yerli QHT-ləri necə radikallaşdırır?

11.05.13 10:22 1749
Əcnəbi pulları yerli QHT-ləri necə radikallaşdırır?
Ötən sayımızda xarici donorların Azərbaycandakı sevimli QHT-ləri ilə bağlı məqalədə bir sıra faktları açıqlamışdıq. Qeyd etmişdik ki, xarici donorların maliyyə ayırdıqları QHT-lərin əksəriyyətinin rəhbəri müxalifət təmsilçiləridir.
Aşağıda qeyd edəcəyimiz faktlar da bu iddiaların əsassız olmadığını ortaya qoyur. Məlum olur ki, xarici donoarlar Azərbaycanda əsasən müxalifətə bağlı təşkilatlara qrant ayırırlar.
Məsələn, İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan Leyla Əliyevanın rəhbərlik etdiyi «Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi» İctimai Birliyinə qısa müddət ərzində ümumilikdə 139 min manat qrant ayrılıb. Qrantların mənbəyi isə ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), «Civicus world alliance for» təşkilatı və İrlandiyanın «Front Line Bol» təşkilatıdır.
İcra etdiyi qrant layihələri ilə yanaşı Leyla Əliyeva həm də politoloq və siyasətçi kimi çıxışlar edir. Əsas mövzuları da insan hüquqlarının pozulması, demokratiyanın inkişafına mane olan amilləri önə çəkməkdir. Bununla paralel olaraq Leyla Əliyeva Azərbaycanda insan haqlarının və demokratiyanın durumu barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar hazırlayaraq beynəlxalq təşkilatlara göndərir, radikal yönümlü ictimai-siyasi qurumların liderləri ilə gənclərin görüşlərini təşkil edir, Azərbaycanda ictimai-siyasi təşkilatların fəaliyyəti, siyasi partiyalar haqqında qanunun icrası, bu istiqamətdə olan məhkəmə prosesləri və onların nəticələri ilə bağlı hesabatlar dərc etdirərək donor qurumlara ünvanlayır. Başqa sözlə desək, donorların ayırdığı 139 min manat konkret məqsədlər üçün istifadə edilir.
Xarici donorlar Azərbaycanın hüquq sistemini tənqid edən, məhkəmələrimizin yarıtmaz fəaliyyətini işıqlandıran QHT-lərə də xüsusi şövqlə qrantlar ayırırlar. Belə QHT-lərdən biri də «Hüquq və İnkişaf» İctimai Birliyidir. Rəhbəri Hafiz Həsənov olan bu təşkilata ümumilikdə 260 min manat qrant ayrılıb. Maliyyə vəsaitini təşkilata ABŞ-ın German Marşal fondu, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Avrasiya Əməkdaşlıq Fondu, Avropa Komissiyası, ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ayırır.
Bunun müqabilində Hafiz Həsənov da hakimiyyətin vətəndaş cəmiyyətini sıxışdırması, QHT-lərin fəaliyyətinə süni maneələrin yaradılması, seçkilərin qeyri-legitim keçirilməsi, hakimiyyətin beynəlxalq qurumların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə tədbirlər keçirir və qeyd olunanlara dair beynəlxalq qurumları məlumatlandırır.
Mütəmadi olaraq ermənilərlə dostluq əlaqələrinin yaradılmasının təşəbbüskarı kimi çıxış edən, bütün ictimai etirazlara baxmayaraq hətta Ermənistana də səfər edən Əvəz Həsənovun rəhbərlik etdiyi Humanitar Tədqiqatlar Mərkəzi» İctimai Birliyi də həmişə xarici donorların diqqət mərkəzində olan təşkilatlardandır. Bu təşkilatın həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə xarici donorlar tərəfindən ümumilikdə 204 min manat vəsait ayrılıb. Əvəz Həsənov daha çox ABŞ-ın «Şərq-Qərb İnstitutu», Norveçin «Human Right» fondu, Gürcüstanın «Gürcüstan Birliyi» təşkilatı, Böyük Britaniyanın «Consialition resources» təşkilatı və ölkəmizdəki səfirliyindən qrant vəsaiti əldə edir.
Bunun müqabilində də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktinin həll edilməsində mövcud hakimiyyətin istənilən səyi göstərməməsi, bu problemin həllinin hökumətə sərf etməməsi, hakimiyyətin bundan istifadə edərək ömrünü uzatması və ölkə rəhbərliyini bu istiqamətdə siyasətini düzgün qurmaması barədə çıxışlar edir.
Ermənilərə «sevgisi» ilə ad çıxarmış digər QHT təmsilçisi Razu Abdullayeva da beynəlxalq donorların sevimlisidir. Onun rəhbərlik etdiyi «Helsinki Vətəndaş Assambleyası»nın yerli nümayəndəliyinə ümumilikdə 205 min manat qrant ayrılıb. Maliyyə vəsaiti ABŞ-ın German Marşal fondu, Hollandiyanın «Stichting Samenwerkingsverband» təşkilatı, Finlandiyanın «Crisis Management İnitiative» və «ULKOASİAİNMİNİSTERİO» təşkilatları tərəfindən verilib. Bunun müqabilində Arzu Abdullayeva sərbəst aksiyalarda toplaşmaq, söz, ifadə azadlığının məhdudlaşdırılması, icazəsiz aksiyalarda həbs olunan müxalifyönümlü şəxslərin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu elan edilməsi, müxalifət təmsilçilərinin qanunsuz olaraq dövlət qurumları tərəfindən təqiblərə məruz qalması, demokratik fikirli şəxslərin əsassız olaraq həbslərə məhkum edilməsi və onların cəzaçəkmə müəssisələrində işgəncələrə məruz qalması barədə çıxışlar edir və hesabatlar hazırlayır.
Digər hüquq müdafiəçisi İradə Cavadova da xarici donorlarla iş sahəsində böyük təcrübəyə malikdir. Onun rəhbərlik etdiyi «İnsan Hüquqları üzrə Maarifləndirmə» İctimai Birliyinə ümumilikdə 195 min manat qrant ayrılıb. Bunun müqabilində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olan bu hüquq müdafiəçisi Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutu Yardım Fondundan, Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən və ATƏT-in Bakı ofisindən qrantlar əldə edib.
O, mütəmadi olaraq mövcud hakimiyyət tərəfindən vətəndaşların hüquqlarının pozulduğunu, hüquq müdafiəçisi olaraq vətəndaşlara pulsuz yardım göstərdiyi, bu istiqamətdə onları maarifləndirdiyi, dövlətin vətəndaş cəmiyyətinin inkişafında maraqlı olmadığı, QHT-lər barədə qanuna edilmiş dəyişikliklərin vətəndaş cəmiyyəti nümayəndələrini sıxışdırmağa yönəldiyi barədə bəyanatlar verir.
Vaxtilə «Azadlıq» qəzetində çalışmış, AXCP sədri Əli Kərimlinin yaxın adamı olan Səbuhi Qafarlının rəhbərlik etdiyi Almaniyanın «Fridrix Nauman» fondunun (FNF) yerli nümayəndəliyinin fəaliyyəti də bu xüsusi vurğulanmalıdır. İctimai Palatadan bu yaxınlarda istefa vermiş Ərəstun Oruclu bu fondun sədri olduğu 2010-2012-ci illər ərzində onun hesabına FNF-in Berlində yerləşən mərkəzi ofisindən 275 min manat, fondun Cənubi Qafqaz Layihəsinin rəhbəri Yasəmən Pamukun hesabına isə 144 min manat pul vəsaiti köçürülüb.
FNF vətəndaş cəmiyyəti quruculuğu, azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquqlarının qorunması və söz azadlığının təmin olunması sahələrində də fəal iş aparır. Bu maliyyələşmə tempi sonrakı ildə də qorunub saxlanmaqdadır.
Göründüyü kimi, bəzi özünü müxalifətçi kimi təqdim edənlər heç də boşuna danışmırlar. Onların radiallaşdıran, ölkədə inkişafı görməmələrinə stimul verən amillər var…..
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər