• cümə, 19 Aprel, 15:35
  • Baku Bakı 25°C

Əbülfəz Qurbanlı niyə getdi?

09.07.15 11:08 1574
Əbülfəz Qurbanlı niyə getdi?
Əli Kərimlinin yaratdığı rejim, partiyada yaradılan maneələr öz “bəhrə”sini verməkdədir
Dünənin əsas xəbərlərindən biri də AXCP sədri Əli Kərimlinin müavini Əbülfəz Qurbanlının partiyasından istefa verməsi oldu. Bu haqda o özü Facebook səhifəsində məlumat verib və bu fikirləri paylaşıb: “Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacağam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım - haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.
Ə.Qurbanlının birdən-birə bu cür istefa verməsi birmənalı qarşılanmayıb və radikal müxalifət təmsilçisinin qərarı müzakirə mövzusuna çevrilib. Təbii ki, hərə bu istefanı bir cür yozub və müxtəlif versiyalar səsləndirilib. Amma bu gedişin əsil səbəbini aydınlaşdırmaq mümkün olmayıb. Belə ki, sözügedən şəxs gah telefonlara cavab verməyib, gah da bu haqda danışmaq istəmədiyini, statusda yazdıqlarının yetərli olduğunu bildirib. Onu da deyək ki, AXCP tərəfi bu məsələdə də iqtidarı təqsirkar kimi təqdim etməyə çalışıb. Bəzi cəbhəçilər Ə.Qurbanlının profilinin oğurlandığını, onun belə fikirlər paylaşmasının mümkün olmadığını iddia ediblər. Sözügedən şəxs isə belə fikirləri səsləndirənlərin yalanını üzə çıxarıb və profilinin oğurlanmadığını elan etməklə, partiyanın hansı vəziyyətə düşdüyünü bir daha bəlli edib. Çünki o, statusunda orada ona maneələr yaradıldığını açıq şəkildə yazıb. Bunun ciddi eyham olduğu isə dərhal hiss olunur. AXCP rəhbərliyindən də hələ ki, məsələyə münasibət yoxdur və heç kim bu istefa haqda rəsmi mövqe bildirməyib.
Ə.Qurbanlı istefası haqda geniş açıqlama verməsə də, onun qısa statusunun özü də partiyadakı vəziyyətin nə yerdə olduğunu məlum edib. Xatırladaq ki, bu, AXCP-də yaşanan üçüncü müavin istefasıdır və faktiki olaraq Əli Kərimlinin müavinləri bir-bir onu tərk edirlər. Əvvəlcə Fuad Mustafayev, daha sonra Asəf Quliyev partiyadan uzaqlaşmışdı. İndi isə analoji addımı Ə.Qurbanlı atır. Ə.Kərimlinin digər müavini Razi Nurullayevi isə sədrin özünün partiyadan qovduğunu bilirsiniz. Bütün bunlar partiya sədrinin eqoist davranışları haqda deyilənləri təsdiq edir. Faktiki olaraq, Ə.Kərimlinin yanlış siyasəti və ya yaşına yaraşmayan eqoizmi onun tək qalmasına səbəb olur. Göründüyü kimi, onu tərk edənlərin sayı durmadan artır və ən yaxın silahdaşları da onun səhv davranışlarına dözə bilmirlər. Sonuncu fakt neçə illərdir partiyada diktatura rejiminin hökm sürdüyü haqda deyilənləri təsdiqləyir və ard-arda verilən istefalar orada mühitin dözülməz olduğunu faş edir. Ola bilsin ki, Ə.Qurbanlı da “fake” profil açmaqdan, çoxlu sayda yalançı profil işlətməkdən, sədrin statusunu dərhal “like” edib paylaşmaqdan, profilinə Ə.Kərimlinin şəkilini qoymaqdan və ya onun şəkillərini yaymaqdan bezdiyi üçün istefa verib. Hər halda, çox keçməz, özü bu haqda daha dəqiq məlumatları verər və illərlə müdafiə etdiyi sədrinin əsil üzünü açmaqdan çəkinməz.
H.Əsgər
banner

Oxşar Xəbərlər