• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Əbədiyyət ünvanının əbədi sakini

04.10.17 13:00 3699
Əbədiyyət ünvanının əbədi sakini
Ötən əsrin sonlarında bir qrup yazıçı və ədəbiyyatşünas alimlərlə birlikdə uzaq Amerikada səfərdə idik. Bizi ölkənin müxtəlif yerlərinə gəzməyə apardılar. Qəfildən bələdçimiz təklif etdi ki, gəlin birlikdə mahnı oxuyaq. Mən zarafatla dedim ki, bəlkə sizdən başlayaq. Xanım bələdçimiz milliyətcə rus idi. "Mən sizin dildə oxuyacağam” dedi və məşhur "Cücələrim” mahnısının sözləri avtobusa yayıldı. Keçirdiyimiz qürur hissini ifadə edə bilmirəm. Sevimli şairimiz Tofiq Mütəllimovu minnətdarlıqla xatırladıq.
Uca boylu, gur saçlı, həmişə səliqə-sahmanlı olan Tofiq Mütəllibov bizim nəslin yaddaşında nəğməkar şair kimi qalıb. Doğrudur, sağlığında ona bu adı heç vaxt deməyiblər. Özü də təvazökar idi. Halbuki 300-dən artıq mahnının müəllifi olan Tofiq Mütəllibov bu janrın ən aparıcı simalarından sayılırdı. O, 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri olub. Onu yaxından tanıyanlar bilirlər ki, Tofiq müəllim vəzifəsini sadəcə, icra etmirdi. Həm də məsuliyyət və tələbkarlıqla Azərbaycan poeziyasının keşiyini çəkirdi. O dövrdə fəaliyyət göstərən qələm əhlinə çox gözəl məlumdur ki, "Azərbaycan gəncləri" qəzetində dərc edilmək "Pravda"ya düşmək kimi çətin idi. Bu mənada gənclərin sevimli qəzetində hər adamın şeiri dərc edilməzdi.Sənətkarlıq baxımından Tofiq müəllimi qane etməyən misralar heç bir vəchlə qəzet səhifəsinə yol tapa bilməzdi. İndi ədəbiyyata dəxli olmayan "moşusayağı şeirlər"in mətbuat səhifələrində meydan sulamasını görəndə, xiffətlə xatırladığımız ədiblərsırasında Tofiq Mütəllibov da var. Həqiqətən də belə insanların yeri görünür.
Tofiq Mütəllibov 63 dayanacaqlı bir ömür qatarının sahibi oldu.Əslində, insan həyatı üçün bu dayanacaqlar çox azdır. 1929-cu ildə Naxçıvan şəhərində, ziyalı bir ailədə anadan olmuş Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib,Azərbaycan Dövlət Universitetində təhsil alıbdır. Beləliklə, ömür qatarının dayanacaqlarına müxtəlif iş yerlərinin adı yazılıb. "Pioner" jurnalında (indiki "Günəş") məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində ("Savalan") şöbə müdiri vəzifəsində işləyibdir. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb.
Ötən əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Müttəlibov 30-a yaxın kitabın müəllifidir. Onun kitabları həm Bakıda, həm də keçmiş sovet məkanının müttəfiq respublikalarında, eləcə də Moskvada çap edilirdi."Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Şair bir şeirində vaqonları ay, il olan ömür qatarı haqqında belə yazıb:
Mənim ömür qatarım
Gör yol gedir nə vaxtdır,
Bu qatarın yolunda
Arzularım çıraqdır.
Bəzən yoxuşa qalxan, bəzən də səmtini enişə dəyişən yollarında həmişə yaşıl işıq yanmayan şairin bu ömür qatarı nəğmə soraqlı, şeir yarpaqlı və torpağa bağlı idi. Suallardan, nidalardan keçən ömür qatarının son dayanacağının nə vaxt olacağı kimə bəllidir ki?! Təpələnən dağlara, ləpələnən dənizlərə baxa-baxa yurdumuzun gözəlliklərinə, fəsillərinə, sənət adamlarına nəğmələr qoşardı Tofiq Mütəllibov. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti bu şairin yaradıcılığına məmnuniyyətlə müraciət edərdi.Fikrət Əmirov, Ağabacı Rzayeva, Arif Məlikov, Ələkbər Tağıyev, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov, Şəfiqə Axundova, Oqtay Rəcəbov kimi bəstəkarlar Tofiq Mütəllibovun dillər əzbəri olan şeirlərinə musiqi yozumu verərdilər.Bu mahnıları da dövrün çox məşhur müğənniləri məlahətlə ifa edərdilər. Onun mahnıları həmişə sevilə-sevilə dinlənilirdi. Ələkbər Tağıyevin bəstələdiyi "Mənim əzizlərim" mahnısı xalq artisti Zeynəb Xanlarovanın ifasında çox populyar idi. İndi də bu mahnını başqaları həvəslə oxuyurlar:
Aydan, gündən ucalır
Yurdumuzun sorağı.
Səndən ilham alıram
Azərbaycan torpağı.
Tofiq Mütəllibov hətta bu mahnıların sözlərini yazmasaydı belə, unudulmaz bəstəkar Qənbər Hüseynli ilə birlikdə musiqi dünyamıza bəxş etdikləri "Cücələrim" kifayət idi ki, hər iki sənətkar mədəniyyət tariximizdə əbədi qalsın. Dünyanın o qitəsi yoxdur ki, "Cücələrim" orada qanad açıb uçmasın.Bu uçuşun da bütün məqamları uğurlu olub.Bu, bir faktdır ki, Azərbaycanda adidən aliyə, balacadan böyüyə kimi hamı bu nəğməni əzbər bilir.Ana laylasından sonra balacalara xoş gələn, onların qəlbini isidən, sevincini, təbəssümünü artıran "Cücələrim" həm də neçə sənətkarın yetişməsində, püxtələşməsində böyük rol oynayıb.Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilir.Hətta uşaqlar üçün çəkilən cizgi filmlərində, məsələn, "Nu poqadi"də bu uşaq mahnısı ana dilimizdə səsləndirilib."Cücələrim"in şöhrəti dünyanı dolanmaqdadır.
Məzmunlu və bitkin şeirlər müəllifi Tofiq Mütəllibov uşaqlar üçün işləməyi həqiqətən çox sevirdi.Yadımdadır, müəllifin "Cücələrim", "Meşə nağılı", "Danışan qayalar" pyesləri müvəffəqiyyətlə tamaşaya qoyuldu.Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bilirdi.Ona görə də qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilirdi:
Torpaqda gül ətri var,
Səhərdir... hava təmiz,
Ürəyində arzular
Dərsə gedir Aybəniz.
Əlində təzə çanta,
Lent bağlamış saçına,
Yol verin Aybənizə,
Boz dumanlar, qaçın ha...
Açıb güllər, çiçəklər,
Sərin-sərin yel əsir,
Qanadlanıb quş kimi,
O, məktəbə tələsir...
Fikir verin, necə lövhə yaradılıb.Belə şeir yadda da qalır, göz önündə təbii mənzərələr də canlandırır. İndi uşaq ədəbiyyatının uğurlu nümunələrinin çoxazyarandığı bir dövrdə məhz Tofiq Mütəllibov kimi şairlərin balalarımız üçün yazdığı şeirlər həm latın qrafikası ilə yenidən çap edilməli, həm də bir daha bu cür müəlliflərə müraciət olunmalıdır.Əsərləri əsasında kompozisiyalar qurmaq, pyeslərini uşaq teatrlarında yenidən səsləndirmək mümkündür.Yaxşı əsər, bitkin sənət nümunəsi qızıl kimi dəyərlidir, heç vaxt qiymətdən düşmür.Nə vaxt əlinə alsan, oxumaq və öyrənmək istəsən, təzədir.
Ömürqatarıqəfildən dayanmasaydı, uzanan yolların birində onun ünvanına yəqin ki, xalq şairi fəxri adı da gələcəkdi. Amma fələyin yazdığınıkimpoza bilib ki?Sağalmaz xəstəliyə düçar olması istedadlı şairimizin təkcə yaradıcılığına yox, onun alacağı halal mükafatlara, təltiflərə də nöqtə qoydu.Qızı Çinarə xanım mənə danışmışdı ki, atası 1992-ciiloktyabrın 30-da vəfat edib.Ölümündən bir neçə gün əvvəl isə nəvəsi Aytacın bir yaşı münasibətilə son şeirini yazıb."Bakı" qəzetində dərc edilən həmin şeiri oxuyarkən atasının necə sevindiyini Çinarə kövrələ-kövrələ xatırladı:
Bir yaşı var Aytacın,
Günəş hörübdür saçın.
Çiçək bilib arılar,
Üst-başına sarılar.
Yanaqları dan kimi,
Baxışı ceyran kimi.
Tez boy at Aytacımız,
Ey gözəllik tacımız.
Nə qədər şirin, gözəl, ürəkaçan şeirdir.Ruhun şad olsun, Tofiq Mütəllibov.İndi sənin balaca Aytacın qızlar bulağından su içən bir gözələ bənzəyir.
Bəstəkar Nadir Əzimovun şairin sözlərinə bəstələdiyi "Barışırlar küsənlər" adlı məşhur mahnının coşqunluğu qəlbimizə süzülür:
Gözünüz aydın olsun,
Yasəmənlər, süsənlər.
Məhəbbət bayramıdır,
Barışırlar küsənlər.
Onun jurnalistlik fəaliyyəti də təqdirəlayiqdir.Ədəbiyyat və incəsənət xadimləri ilə bağlı qələmə aldığı yazılar hələ də yaddaşımızdan silinməyib.Ayda bir dəfə "Azərbaycan gəncləri" qəzetində gənc yazarların yaradıcılığı ilə bağlı icmallar qələmə alar, istedadlılara yaşıl işıq yandırar, cızmaqaraçılara isə kəskin və qəti sözünü deyərdi.İşdir, Tofiq Mütəllibov kiməsə "uğurlu yol" yazıb təqdir etsəydi, sanki ədəbi hadisə baş verərdi.Tofiq Mütəllibov əsl ədəbiyyat keşikçisi idi.Tərcümə ilə də məşğul olardı.Orta Asiyada yaşayan şairlərdən tutmuş, Rusiyadakı həmkarlarına kimi, çoxunun yaradıcılığından azərbaycanlı oxucuları xəbərdar edirdi.
Tofiq Mütəllibovun kitablarını vərəqlədikcə, ürəyimizə bir sərinlik, duyğularımıza rahatlıq gəlir.Həqiqətən bu şairin qələmindən qopan bütün misralar poetik yükünə, dəyərinə və mövzusuna görə çox maraqlıdır, təsirlidir, yaddaqalandır, ilhamdan doğulan şeir nümunəsidir.Tofiq Mütəllibov yalnız Azərbaycan poeziyasının inkişafında yaratdığı əsərlərinə görə yox, həm də onun keşikçisi kimi ehtirama layiqdir.Xüsusilə də uşaqlar üçün qələmə aldığı şeirləri bir özgə aləmdir.Sadə, aydın, mənalı və məntiqli.Bunlar təsdiqləyir ki, unudulmaz şair söz üzərində zərgər dəqiqliyi ilə işləməyi bacardığından poeziyamızda əbədiyyət ünvanı qazanıb.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər