• cümə, 19 Aprel, 08:26
  • Baku Bakı 13°C

Əbədiyyət nəğməsi

05.06.13 09:13 8215
Əbədiyyət nəğməsi
Cəmi 29 il yaşamış, 11 il də yazıb-yaratmış Mikayıl Müşfiq elə əsərlərə imza atdı ki, yaratdıqları ədəbiyyatımızın əbədiyyət nəğməsinə çevrildi. Təkcə şəkillərdə cavan qalmayıb ki… Poeziyamızda da həmişə təzə, dəliqanlı, şaqraq şeirlər müəllifi kimi gənc simalı Müşfiq ölməzliyin ünvanıdır. 105 yaşlı şairin yaradıcılığı həmişəbahar çiçəkləri kimi əbədidir və seviləndir.
Yazdıqlarının əbədiliyini istedadı ilə təsdiqləyən Mikayıl Müşfiq 5 iyun 1908-ci ildə Xəzərin sahi-lində, Bakıda müəllim ailəsində dünyaya göz açmışdı. Fələyin qara yelləri lap körpəlikdən onun başı üzərində əsməyə başladı. Lap erkən anasını, altı yaşında isə atasını itirən Mikayıl yetimliyin qara pəncəsinə keçərək həyatın acılıqlarını yetərincə çəkmişdi. İçindəki məğrurluq, elmə, maarif-lənməyə sönməz həvəs onu uşaqlıqdan hamıdan fərqləndirirdi. Orta məktəb illərində bütün yol-daşlarından yaxşı oxuyurdu. Ədəbiyyata sonsuz marağı vardı. Yazdığı şeirləri ilə müəllimlərinin diqqətini çəkirdi. Hamı bilirdi ki, bu gənc oğlanın köksündə çox həssas, duyumlu bir ürək çırpınır. Onun gələcəyinə inanırdılar. Azərbaycan Dövlət Universitetində oxuduğu illər Mikayıl Müşfiqi nəinki Bakıda, artıq respublikada bir şair kimi tanıyırdılar. "Küləklər" adlı ilk kitabı çapdan çıxan-da 20 yaşı var idi.
Ali məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə müəllimliklə başlayan Mikayıl Müşfiq sonra "Azərnəşr"də redaktor və mütərcim işləmişdi. "Küləklər" şeiri kitabının qədəmi uğurlu oldu. On-dan sonrakı illərin sevinci bir-birinə bağlandı. Kitabları bir-birinin ardınca işıq üzü görməyə baş-ladı. Səkkiz ildə doqquz kitabı ona oxucu sevgisi gətirmişdi. On birinci kitabını nəşrə hazırlayırdı. 1935-1937-ci illərdə yazdığı şeir və poemalarını daxil etdiyi "Çağlayan" kitabının əlyazmasının nəşri müəllifə nəsib olmadı. Bir şeirində deyirdi: "Yelkənim açılır, qara yel əsmə". Təəssüf ki, 1937-ci ildə başlayan repressiyaların qara caynaqları Azərbaycanın sayseçmə oğullarının taleyin-dən yan keçmədi. Kimini elə Bakıdaca Xəzərin sularında balıqlara yem etdilər, kimini uzaq Sibi-rin buzlu çöllərinə saldılar, kimini də… Naməlum qalan aqibətlərdən birini də Müşfiq yaşadı.
Müşfiq haqqında çox deyilib, çox yazılıb. Çünki onun incə rübabından qopan odlu nəğmələr neçə könüldə ünvan tapıb, neçə ürəyi vəcdə gətirib. Hamı böyük sənətkara olan tükənməz eşqini, vur-ğunluğunu sözlə deməyə çalışıb. Amma bir şəxsiyyət də var ki, o, bütün ömrünü Müşfiq yaradıcı-lığına, onun tədqiqinə, irsinin toplanmasına həsr edib. Bu, filologiya elmləri doktoru, Mikayıl Müşfiqin mənəvi varisi Gülhüseyn Hüseynoğludur. Bu fədakar alimin Müşfiqlə bağlı apardığı bü-tün tədqiqatlar təqdirəlayiqdir. Gülhüseyn müəllim həm də Müşfiqin əqidə dostu olub. 1937-ci ilin amansız repressiyalarına məruz qalaraq sürgün həyatı keçirmiş vətəndaşlarımızdan biri kimi bu zülmün hər cür sifətini, müdhiş əzablarını görüb. Mikayıl Müşfiqin latın qrafikası ilə üç cilidliyinin nəşr edilərək oxuculara çatdırılmasında böyük əmək sərf edən Gülhüseyn Hüseynoğlu yazırdı: "Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Ədəbiyyatımızda şairlərin vətəndaşlığından danışarkən Müşfiq örnək kimi göstərilməyə layiq cəsarətli, uzaqgörən bir şair kimi həmişə diqqət mərkəzindədir". Buna bariz nümunə kimi göstərə bilərik: milii musiqi alətimizdən olan tarın qafası dönmüş məmurlarımız tərəfindən Konservatoriyadan çıxarılması haqqında verdiyi qərar Müşfiqi, demək olar ki, əsəbiləşdirərək bu hadisəyə şeirlə etirazını bildirməyə sövq etmişdi:
Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar, səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti -
Alovlu sənəti.
Təkcə bu şeiri Mikayıl Müşfiqin mənəviyyatının necə dərin və zəngin olduğundan xəbər verir. Halbuki ötən əsrin 20-30-cu illərində tarın ünvanına rişxənd dolu münasibətlər mətbuat səhifələ-rində baş alıb getməkdə idi. Təkcə tara qarşımı? Hətta ədəbiyyatımızın klassiklərini də top atəşinə tutaraq onların yazdıqlarını köhnəliyin qalığı kimi qələmə verirdilər. Belə etinasız, sərt münasibət-lərə böyük şairimiz Məhəmməd Füzuli də düçar olmuşdu. Yenə də Müşfiq əsl varis, ədəbiyyat fədaisi kimi bir vətəndaş olaraq bu cahillərə qarşı şeiri ilə cavab verirdi:
Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.
Mikayıl Müşfiq elə əsərlərə imza atıb ki, onlardan həmişə müdrik ifadə və meyar kimi istifadə edirik. Məlumdur ki, bu gün Azərbaycan ədəbiyyatında cızmaqaraçı müəlliflərin sayı artmaqda-dır. Hər yerindən duran əlinə qələm alaraq moşusayağı şeirlər yazır. Bu gün bizim həm də müasiri-miz olan Müşfiq öz poeziyasında belələrini ciddi tənqid atəşinə tutaraq deyirdi:
Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm, söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!
Müşfiqi daha yaxından duymaq, anlamaq üçün onun haqqında yazılan bütün xatirələri yenidən oxumalı, düşünməli olduq.
Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin böyük məhəbbətlə qələmə aldığı "Müşfiqli günlə-rim" kitabında Müşfiqin işıqlı obrazı görünür, sevən ürəyinin səsini eşidir, istedadlı yaradıcılığı ilə yaxından tanış oluruq. Dilbər xanımın xatirələri Müşfiqin məhəbbətinə bürünərək könül etirafına çevrilib. Vaxtilə heç bir kitabına düşməyən, nəşr edilməyən, yalnız Dilbər xanımın hafizəsində ya-şayıb qalan Müşfiq şeirlərinin bu kitabda verilməsi təqdirəlayiqdir. Kitab bir neçə dəfə nəşr edilib. Həmişə də oxucular tərəfindən maraqla qarşılanıb. Çünki bu kitabda Müşfiqin surəti necə vardısa, elə də yaradılıb.
Bu gün Müşfiqin şeirlərinə musiqi yozumu verilir. Sənətkarlar onun yaradıcılığına müraciət edir-lər. Korifey ifaçılardan tutmuş gənc istedadlılara qədər Mikayıl Müşfiqdən oxumağı özlərinə şə-rəf sayırlar. Unudulmaz Şövkət Ələkbərovanın həzin səslə ifa etdiyi "Oxu, tar, oxu tar", Zeynəb Xanlarovanın məlahətlə oxuduğu "Qal, sənə qurban", "Sənin gülüşlərin", rəhmətlik Nəzakət Məm-mədovanın can verdiyi "Maralım", Eyyub Yaqubovun təqdim etdiyi "Ana" mahnıları dinləyici al-qışını, rəğbətini qazanmış sənət inciləridir.
Düşünəndə ki Mikayıl Müşfiq cəmi 29 il yaşayıb heyrətlənməyə, dəhşətə gəlməyə bilmirsən. Belə qısa ömürdə bu qədər mükəmməl yaradıcılığa nail olmaq ancaq istedadın sayəsində mümkün idi. Bir də tədqiqatçılar haqlı olaraq söyləyirlər ki, Mikayıl Müşfiqin qəlbində həmişə bir səksəkə var-mış. Əgər belə olmasaydı, o, 1935-ci ildə "Necə əl çəkim" şeirini nədən yazardı. Müşfiq sanki sövqi-təbii duyurmuş ki, onun açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək. Yoxsa, 27 yaşlı gənc bu harayı çəkməzdi:
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
İlhamının çağlayan vaxtında sumbatyanların, gerasimovların, qalstukyanların, topuridzelərin hə-yata keçirdikləri cinayətlər nəticəsində 1937-ci ilin 4 iyun gecəsi (səhəri ad günü olacaqdı) Müş-fiqi apardılar. Ölümə, şərə, böhtana, dönməzliyə apardılar. Sanki Müşfiq qara bataqlıqlarda qətlə yetiriləcəyini əvvəlcədən bilirmiş kimi "Əbədiyyət nəğməsi" adlı şeirində yazırdı:
Bir sərxoş ölümün əlindən düşüb,
Nə zaman qırılan kaşı mən olsam,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq.
Ömrünü qara tufanlarda görünməz etsələr də, yazdıqları inci kimi üzə çıxdı. Sanki uşaqlara söylə-diyi nağıllar dil açıb bizə Müşfiq haqqında həzin bir xatirə danışdı:
Biri vardı, biri yoxdu.
Bir şair vardı,
Od kimi alışıb yanardı,
Yandırardı.
Mikayıl Müşfiq hisslərdə, duyğularda, ürəklərdə iz salan, daim yaşayan, sevilən şairdir. Mikayıl Müşfiqin elə şeirləri var ki, onlar yaşından asılı olmayaraq hər kəsin dilinin əzbəridir. "Yenə o bağ olaydı" şeiri əgər gənclərin etirafını, sevgisini bildirirsə, yaşlı insanlarda da "nostalgiya" yaradır, ötən günləri yada salır. Azərbaycanda bu şeiri əzbər bilməyən az adam tapılar:
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim;
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilhamE
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Bu cür pak duyğularla, hisslərlə çırpınan şair hansı pisliyin, namərdliyin yiyəsi ola bilərdi? Hərdən ona da təəssüflənirsən ki, Müşfiq həbs edilən gecənin səhəri mətbuat səhifələrində onun ünvanına hədyanlar yağdı. Onu "inqilab düşməni", "Vraq narodov" adlandırdılar. Özü demişkən, "Bu du-manlı dağın başı mən olsam, dibinin ağlıyan daşı mən olsam" yenə də nə vaxtsa əsl həqiqət üzə çı-xacaq. Müşfiqi aparan qara yellərin əsl sənət nümunələrini itirməyə gücü çatmadı. Müşfiq əbədi olaraq xalqının qəlbində, ədəbiyyatında yaşamaqdadır! Həyat sevgisi, çoşqun poeziyası, yaşına uyuşmayan müdrikliyi ilə çoxundan seçilən Mikayıl Müşfiq xalqına, millətinə bağlı bir söz sərrafı idi.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər