• cümə, 26 Aprel, 09:41
  • Baku Bakı 12°C

Əbədiyaşar insan

09.05.14 10:21 1617
Əbədiyaşar insan
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir və sanballı şəxsiyyətlərdən biri qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi, əvəzedilməz lider Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkəmizin tarixində silinməz izlər qoymuş, sözün həqiqi mənasında Azərbaycanı qeyri-adi bir inkişaf pilləsinə çatdırmışdır.
Bu böyük şəxsiyyət tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsilə daim xalqının, vətəninin, dövlətinin xidmətində dayanmışdır. Həyatımızın ən çətin, mürəkkəb məqamlarında Heydər Əliyev özünün xilaskarlıq missiyası ilə xalqımızın köməyinə çatmışdır.
Heydər Əliyev hələ sovet hakimiyyəti illərində var-qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, xalqın rifah halının yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmışdır. Elə bunun nəticəsində dövlət idarəçiliyində özünəməxsus dəst xətti, prinsipiallığı, proseslərə müntəzəm şəxsi məharəti, tələbkarlığı və obyektivliyi nəticəsində 1970-1980-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində uğurlu inkişaf baş verdi. Sənaye məhsulunun artım sürətinə görə ölkəmiz sovetlər birliyində öncül yerlərdən birinə çıxdı.
Onu da qeyd etmək lazımdır ki, məhz əsrin sonlarında keçmiş SSRİ-də gedən siyasi proseslər nəticəsində dövlət idarəçiliyi mexanizmi dağıdıldı, zəruri əlaqələr pozuldu, cəmiyyətdaxili ünsiyyətdə vacib şərt olan bir çox dəyərlər süquta doğru getdi. Həyatımızın başqa sahələri ilə bərabər iqtisadiyyatda da geriləmələr başladı. Xalq psixoloji cəhətdən ümidsizliyə düçar oldu. Vaxtilə sakit və firavan dolanan əhalinin yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşdü, maddi vəziyyətləri pisləşdi.
1993-cü ilin ortalarına doğru isə ölkədə vəziyyət daha təhlükəli şəkil aldı. Vətəndaş müharibəsinin simptomları müşahidə edilməyə başlandı. Bu, dövlətçiliyin itirilməsi, Azərbaycan Respublikasının dünya xəriyəsindən silinməsi kimi böyük fəlakətlərə gətirib çıxara bilərdi. Belə gərgin dövrdə xalq üzünü öz xilaskar oğluna - Heydər Əliyevə çevirdi. Ölkədə çox gərgin və təhlükəli vəziyyətin, özbaşınalığın, hərc-mərcliyin yaranması o böyük insanı qorxutmadı. Öz həyatını təhlükə altına qoyaraq böyük iradə və cəsarət sahibi olan ulu öndər xalqının çağırışına mətanətlə “hə” cavabı verdi və o çətin anda doğru və ağıllı tarixi addım atdı. Vaxtilə min cür əzab-əziyyətlə qurub-yaratdığı Azərbaycanını xaosun pəncəsindən xilas etməyə qərar verdi.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və sədri olduğu YAP ilə sıx bağlıdır. 1992-ci ildə noyabr ayının 21-də YAP-ın Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransından sonra partiyaya kütləvi axının olması Heydər Əliyev şəxsiyyətinə, siyasətinə inamından, etimadından irəli gəlirdi.
Bəli, o böyük insanın ağıllı və uzaqgörən məntiqli addımı Azərbaycanın qurtuluş anının başlanğıcı oldu. Qısa vaxt ərzində respublikada ictimai-siyasi vəziyyət sabitləşdi, qanlı müharibə dayandırıldı, atəşkəs elan olundu, həyat yavaş-yavaş öz axarına düşməyə başladı. 1994-cü ilin sentyabrın 20-də o böyük insanın zəkası nəticəsində ölkəmizdə taleyüklü hadisə baş verdi. Dahi strateq Heydər Əliyevin fövqəladə uzaqgörənliyi, qətiyyətli addımları və mətin iradəsi sayəsində “Əsrin müqaviləsi” imzalandı. Ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyası XXI əsrin astanasında Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu. Ulu öndərin uzaqgörənliklə işləyib hazırladığı, bu günsə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycan xalqının rifahı naminə zəngin ehtiyatlarından səmərəli istifadə edilməklə özünü tam doğrultmuşdur.
Ulu öndərin dünyanın aparıcı ölkələrinin rəhbərləri arasındakı nüfuzu bir çox dövlətlərin, beynəlxalq təşkilatların və iri şirkətlərin Azərbaycanla əməkdaşlığa maraq göstərməsinə səbəb oldu. Sevindirici haldır ki, bu gün məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsində AZərbaycan 40-a yaxın beynəlxalq siyasi, iqtisadi, maliyyə-bank, mədəni humanitar təşkilatın tamhüquqlu üzvüdür.
Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, memarı və qurucusudur. Bu gün 23-ci ilini yaşayan müstəqil dövlətimizin iqtisadi-mənəvi, hətta ideoloji özülü uzaq 70-ci illərdə Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində qoyulmuşdur.
Artıq müasir Azərbaycan hazırkı inkişaf tempinə görə nəinki MDB ölkələri arasında, hətta bütün regionda öncül yerlərdən birini tutur. Dünya birliyinə inteqrasiya prosesinin digər respublikalarla müqayisədə daha uğurla həyata keçirilməsi onu göstərir ki, müstəqilliyimizin iqtisadi bünövrəsi həqiqətən də möhkəm qurulmuşdur. İkinci dəfə hakimiyyət sükanı arxasına keçən dahi öndər fövqəladə bacarıq və məharətlə həmin bünövrə üzərində yeni bir Azərbaycan qurmuş, qoruyub saxlamış, dirçəltmiş və sabit inkişaf relsləri üzərinə qoyaraq etibarlı ələ təhvil vermişdir. 2003-cü ildən bu ölkəyə inamla rəhbərlik edən İlham Əliyevin prezidentliyi ilə xalqımız daha uğurlu qələbələrə və inkişaf yoluna imza atır. İnanırıq ki, ölkə Prezidentinin rəhbərliyi altında gələcəkdə də yeni-yeni uğurlar qazanılacaqdır.
banner

Oxşar Xəbərlər