• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

Əbədi vunderkind - Portret

04.10.19 19:49 7356
Əbədi vunderkind - Portret
Ölkədə istənilən yüz nəfəri saxlayıb "Şahmatçı deyəndə ağlınıza gələn ilk azərbaycanlı kimdir” deyə soruşsanız, yarıdan çoxu onun adını çəkəcək - Teymur. Həmin Teymur Rəcəbov. Hamımızın yaddaşında "həmin uşaq” deyə qalan əsl vunderkind, möcüzəli oğlan. İndi vaxtilə dünyanı lərzəyə salan o uşaq artıq böyüyüb, əsl şahmat canavarına çevrilib. "Kaspi" xəbər verir ki, o, dünya tacı uğrunda ən kiçik yaşlarından başladığı mübarizəsini hər gün, hər saniyə davam etdirir. Bir gün mütləq istəyinə nail olacaq. Buna heç kəsin şübhəsi yoxdur. "Su gələn arxa bir də gələr” deyiblər.
Kasparova "yol göstərən” atanın oğlu
12 mart 1987-ci ildə Bakıda anadan olan Teymurun göbəyi şahmata biçilmişdi, desək, yanılmarıq. Atası Boris Şeynin neftçi, kimya elmləri namizədi, SSRİ-nin əməkdar kəşfçisidir. Ancaq işin maraqlı tərəf bu deyil. Odur ki, atası da uşaqlıqda böyük şahmat həvəskarı olub və Bakı Pionerlər Sarayındakı məşqlərə məşhur Kasparovla birlikdə qatılıb. Onda Harri məktəbə hələ təzə gedir, Boris isə 5-ci sinifdə oxuyur, gələcək dünya çempionuna hamilik edib, onun tramvay yollarını keçərkən başına bir iş gəlməməsinə nəzarət edirdi. Birinci dərəcəli idman ustası olan Şeyninin oğlunun çox kiçik yaşlarda qrossmeyster olacağını və həmin Kasparova böyük məğlubiyyət yaşadacağını isə heç kim ağlının ucundan belə keçirməzdi. Anası – ingilis dili müəlliməsi və tərcüməçi Leyla Rəcəbova da həmçinin. Teymurun məhz anasının soyadını qəbul etməsi isə, eyni şeyi etmiş Kasparovla necə oxşar həyat hekayəsi olmasına daha bir sübutdur.
7 yaşlı dünya çempionu
Özünün ilk beynəlxalq turnirini 1994-cü ildə Çexiyada həmyaşıdları arasında qazanır. Həmin il Drezdendə yaşı 10-a qədər olan şahmatçılar arasında 13 mümkün xaldan 13-nü qazanan Teymur, ardıcıl 7 dəfə yeniyetmələr arasında Avropa və dünya çempionatlarının mükafatçısı olur: beş qızıl, bir gümüş və bir bürünc medal. Özü də gənc vunderkind öz maksimallığı ilə seçilib. Məsələn, 1997-ci ildə 10 yaşlılarda 9 xaldan 8-ni, bir il sonra Avstriyada artıq üçqat Avropa çempionu və həmçinin 12 yaşlılarda dünya çempionu qismində 10 xaldan 9,5-ni yığaraq gücünü ortaya qoymuşdu. Həmin il 16 yaşlılar arasında "Kasparov Kuboku”nda qalib olması isə üfüqdə böyük ulduzun parladığını göstərirdi. Hələ bu harasıdır? Gənc şahmatçının ustalığı az qala hər gün yox, hər saat artırdı. 18 yaşlılar arasında Yunanıstandakı Avropa çempionatında Rəcəbov soyadlı cəmi 12 yaşlı uşağın peyda olması faktının özü belə böyük sürpriz idi. Yarışın son partiyası bitəndə bu balacanın adının qarşısında "Çempion” sözünün yazılmasına isə şərh vermək çətin idi. Teymur bu uğuruna görə beynəlxalq dərəcəli usta adını alır. 2001-ci ildə Aluştada qrossmeyster adını qazanan Rəcəbov, 14 yaşında bunu edən ən gənc şahmatçı olaraq adını tarixə yazdırır.
Çempionların qənimi
Onun karyerasında bir çox böyük qələbələr var. 2003-cü ildə Linares və Veyk-An-Zee kimi ən yüksək səviyyəli şahmat turnirlərində nümayiş etdirdiyi fantastik çıxış görülməyə dəyər idi. Cəmi bir il əvvəl FİDE-nin ən güclü 100-lüyünə daxil olan ən gənc şahmatçı olaraq adından söz etdirən Rəcəbov, 2003-cü ildə bir ildə üç dünya çempionunu (Veyk-An-Zeedə Ruslan Ponomaryov, Linaresdə Harri Kasparov, Dortmundda Vişvanatan Anand) yenən ilk oyunçu olur. Bütün bunları edəndə onun cəmi-cümlətanı 16 yaşı vardı. 2004-cü ildə dünya çempionatının yarımfinalı, bir il sonra Dos-Ermanasdakı çempionluq və Varşavadakı Avropa çempionatında gümüş medal, 2006-cı ilin fevralında Linaresdə ikincilik, 2007-ci ilin fevralında isə Veyk-An-Zeedə çempionluq qazanan həmyerlimiz, 2008-ci ilin əvvəlində sürətli şahmat üzrə Dünya Kubokuna sahib çıxır. 2009-cu ildə Novi-Sad, dörd il sonra Varşavada qazanılan Avropa milli komandalar çempionluğu, 2011-ci ildəki ikincilik, eyni zamanda 2012-ci ildə Eylatda qazanılan Avropa Kuboku onun həm də bir komanda oyunçusu olduğunu göstərir. Rəcəbovun iştirak etdiyi və mükafatlara layiq görüldüyü bütün yarış və turnirləri sadalasaq, qəzet səhifəsi yetməz. Yaş ötdükcə bərkiyən, möhkəm döyüşçüyə çevrilən qrossmeysterin karyerasında bir çox maraqlı digər məqamlar da var.
"Bakı tacı uğrunda döyüş”də qələbə!
Onlardan biri, bəlkə də ən maraqlısı 2003-cü ilin martında İspaniyanın Linares şəhərində baş verib. Böyük sensasiya idi: Teymur Rəcəbov bir sıra superturnirləri udaraq ora Ponomaryov, Topalov və Anand kimi nəhəngləri yenən birisi kimi gəlmişdi. Yarışda 4,5 xal yığan həmyerlimiz əsas qələbəsini 13-cü dünya çempionu, sabiq bakılı Harri Kasparov üzərində qazanır. Özü də qara fiqurlarla! Simvolik olaraq "Bakı tacı uğrunda döyüş” hesab edilən bu oyun o qədər gərgin və maraqlı alınmışdı ki, təşkilatçılar onu turnirin ən gözəl matçı seçmişdilər. Bu durum Kasparova çox ağır təsir etmişdi. Yenilgini qəbul etməyən qrossmeyster dava salaraq özünü pis vəziyyətə qoymuşdu. Təbii ki, çempion 15 yaşlı uşağa uduzmağı həzm edə bilmirdi. Əslində isə Kasparov günahı özündə axtarmalı idi. 27-ci gedişdə fillə df1 gedişi edən çempion, həmin filin topu qoruduğunu unudur. Atla b3 xanasından şah veriləndən sonra isə şah taxtanın mərkəzində demək olar ki, müdafiəsiz qalır. Bu durum gözlənilmədən qaraları üstün tərəfə çevirirdi. Kasparov səhvə yol vermiş, həqiqi istedad Rəcəbov isə bundan maksimum yararlanmışdı.
Sürətli və soyuqqanlı
Ümumiyyətlə, oyun tərzi olaraq Rəcəbov çox sürətlidir. Səhvləri ümumiyyətlə bağışlamır. Hələ ən kiçik yaşlarında belə taxta arxasında çox soyuqqanlı olan Teymur, istənilən rəqibə qarşı mübarizəyə köklənməyi bacarmış, turnirin vacibliyindən və gedişindən asılı olmayaraq öz ən yaxşı oyununu göstərməyə çalışmışdı. Sevimli "Köhnə hind müdafiəsi” tərzi ilə bir çox rəqiblərinə çətin anlar yaşadan qəhrəmanımız, hazırda dünya şahmat elitasının əsas üzvlərindən biri olaraq qalır. Hər il dünya tacı uğrunda mübarizəyə qoşulan vunderkind, illər ötdükcə daha ehtiyatlı, daha düşünülmüş oyun tərzinə üstünlük verməyə başlayıb.
Portreti
İştirak etdiyi ilk beynəlxalq turnirdən 20 il kimi böyük bir müddət keçsə də, hamımız onu elə həmin gənc vunderkind kimi tanıyırıq. Bizlər üçün Teymur Rəcəbov həmişə 15 yaşlı, həmişə gülərüz və uşaq sevinci ilə işıq saçan biri kimi qalacaq. Həyatını 64 xanalı ağ-qaralı taxta üzərindəki oyuna həsr edən "balaca möcüz”, artıq böyük həm idman, həm də həyati təcrübəyə malik biridir. Evli və bir qızı olan Teymur Linaresli günlərindən uzaq olsa da, bizlər onu məhz belə tanıyır, xatırlayırıq. Azərbaycan idmanının çətin vaxtlarını yaşadığı dövrdə xalqımızı böyük turnirlərdə sensasiyalara səbəb olaraq sevindirən 15 yaşlı vunderkindin siması uzun illər eyni cür qalacaq. Teymurun portretini çəkmək istəyən rəssam da bunu nəzərə almalıdır. O, daha 20, lap 40 ildən sonra da gənc, geniş təbəssümlü biri olaraq qalacaq. İllər isə ona güc gələ bilməyib, uzaqbaşı alnına bir-iki qırış atacaq. Portreti bir qədər ertələyib qəhrəmanımızı başında dünya şahmat tacını da çəkmək olar. Axı hamı inanır... Xeyr, əmindir ki, o mütləq dünya çempionu olacaq! Az qalıb...
Kənan Məstəliyev
Qeyd: Bu yazı "Kaspi" qəzetinin "Gənclik" əlavəsinin 13 may 2014-cü il tarixli sayında dərc olunub.

banner

Oxşar Xəbərlər