• cümə, 29 Mart, 15:23
  • Baku Bakı 14°C

Döyüşkənlik nümunəsi – Portret

23.12.14 13:43 4471
Döyüşkənlik nümunəsi – Portret
Azərbaycanda komanda oyun növlərindən voleybola, xüsusilə qadın voleyboluna həmişə böyük maraq olub. Möhtəşəm İnna Rıskalın böyüdüyü ölkədə yeni istedadların yetişməsi normal və zəruri haldır. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində parlayan nəsil öz son akkordlarını səsləndirməkdədir. Bu səbəbdən də voleybolumuzun yeni ruha, yeni nəfəsə ehtiyacı var. Sevindiricidir ki, ehtiyat qüvvə çox yaxşıdır. Ölkə çempionatındakı klublarda əcnəbi adların çoxluğu yeni ulduzlarımızın diqqət mərkəzinə gəlməsinə mane olur. Buna baxmayaraq, onlar legioner cəngəlliyi arasından keçərək milli komandaya qədər yüksələ bilirlər. Sayları azdır, ancaq çox böyük perspektiv vəd edirlər. Bu gün onlardan biri - Ayşən Abduləzimovanı yaxından tanıyacağıq.
Tribunadakı çılğın fanat...
11 aprel 1993-cü ildə Şəkidə anadan olan, ancaq ailəsiylə birgə Bakıda yaşayan Ayşənin voleybol sevgisi kiçik yaşlarına təsadüf edir. O, uşaqlıqda çox dəcəl olub, bir yerdə durmayıb. Həmişə məhəllədə “top-top” oynayıb, tükənməz enerjisini buna sərf etməyə çalışıb. Bu idmanla 10-11 yaşlarında məşğul olmağa başlasa da, həvəsi bundan xeyli əvvələ, məhz həmin illərə gedib çıxır. Anası ilə birlikdə milli komandanın oyunlarını canlı izləməyə gedən, çılğın fanat olan qızımız, bir müddət sonra tribunada yox, meydanda olmaq istəyinə düşür. Oyunlardan birində məşqçiyə yaxınlaşan Abduləzimovanın karyerası start götürür. Ailəsinin onun bu istəyinə qarşı çıxmaması, əksinə dəstək olması da ona çox yardımçı olur. Nəzərə alsaq ki, Ayşənin valideynlərini də idmançıdılar, buna heç də təəccüblənmədik. Voleybol oynamaq istəyi məktəbdə dərslərini üstələyəcək qədər böyük idi. Onu nə yaxşı, nə də pis oxuyan biri kimi qələmə vermək olmazdı. Təhsilin vacibliyini anlayan və onu tam itirmək istəməyən Əbdüləzimova 9-cu sinifdən idman məktəbinə keçməli olur. Burada voleybola daha çox vaxt ayıra bilən Ayşən, kitabların başını birdəfəlik buraxmır. Hələ indi də boş vaxtlarında kitab oxumaq onun əsas hobbisidir. Bu xüsusiyyəti gələcəkdə idmançı olmaq istəyən qızlar, lap elə digərləri üçün də nümunə xarakterdir.
...və ağır zədəyə qalib gələn peşəkar
Ayşənin ilk klubu “Azərreyl” olub. Təbii ki, vaxtilə televizordan, tribunadan izlədiyi voleybolçularla eyni komandada məşq etməsi ona böyük təkan verib. Xüsusilə Alla Həsənovanın onunla çalışması, xeyli vaxt ayırması müsbət təsirini göstərib. Həmin dövrlərdə “Azərreyl” demək olar ki, ölkənin milli komandası idi və burada parlayanlar karyeranın pillələrini daha tez arxada qoya bilirdilər. Ayşən də şansı əldən vermədi. Özünü yaxşı tərəfdən göstərməsi ilə yanaşı, oyun təcrübəsi də qazanmaq vacib idi. Ona görə “Lokomotiv”ə gedib iki il orada oynayan Ayşənin Biləcəri komandasında keçirdiyi dövrdə komanda “Çağırış Kuboku”nda əvvəlcə finala çıxdı, ardınca da kuboku başı üzərinə qaldıra bildi. Ancaq belindən aldığı ciddi zədə onun karyerasını məhv edə bilərdi. Yenidən meydançaya qayıtmaq böyük psixoloji hazırlıq tələb edirdi. Az qala voleybolla vidalaşmaq üzrə olan 18 yaşlı qızın özünü toparlaması, sınmayaraq nə vaxtsa Olimpiya Oyunlarında oynamaq arzusu üçün çətinliklərə sinə gərməsi alqışlanacaq bir məqamdır. Ayşən çoxlarının onu hesabdan sildiyi vaxtda geri qayıtdı və hədəflərinə doğru irəliləməyə başladı. Ötən mövsümü “Azərreyl”də keçirən voleybolçu, bu yaydan etibarən yenə də “Lokomotiv”in şərəfini qoruyur. O “Lokomotiv”in ki, hazırda Azərbaycan Super Liqasının lideridir və çempionluğa əsas namizəddir. Bu komandanın aparıcı oyunçularından biri isə məhz Ayşən Əbdüləzimovadır. Klub karyerasında üç dəfə Azərbaycan çempionatının gümüş medalçısı olan voleybolçu, cari mövsümün sonunda bu tendensiyanın əyarını dəyişmək, bundan sonra yalnız qızıl qazanmaq adətini ortaya qoymaq istəyir. Bunun belə olmaması üçün isə heç bir maneə yoxdur.
Parxomenkonu heyətdən sıxışdıran Ayşən
Klublar öz yerində, ancaq milli komandanın adı başqadır. Ölkənin ən yaxşılarının toplandığı kollektivin tərkibində meydanda olmaq böyük qürurdur. Bu şansı əldə etmək üçün isə böyük əzmlə çalışmaq, saatlarla məşq etmək, əziyyətə qatlaşmaq gərəkdir. Ayşən də bunu başa düşdüyündən başqaları kimi, bəzən onlardan da çox enerji sərf edib. Həftənin 6 günü, gündə iki dəfə məşqlərə dözmək hər kəsin işi deyil. Bu döyüşkənliyi ilə milli komandanın məşqçilərinin diqqətini cəlb edib. 18 yaşında Qubada keçirilən beynəlxalq turnirdə millidə debüt edən Əbdüləzimova, 2010-cu il gənclər arasında Avropa çempionatında meydana çıxıb. Həmin turnirdə “ən yaxşı blokçu” adının qazanan idmançımız, bunun ardınca böyüklərin Avropa və dünya çempionatlarının seçmə mərhələsində oynayıb. Cəmi 21 yaşı olmasına baxmayaraq, Əbdüləzimova əsas millidə 30-dan çox matçda rəqib qarşısına çıxıb. Əla göstəricidir. Onun rəqabətədavamlılığı da qeyd olunmalıdır. Uzun illər əsas heyətdəki yerinə şübhə qoymayan Yelena Parxomenkonu milli komandada ehtiyata oturdaraq yerini tutması Ayşənin daha bir üstünlüyüdür. Öz gəncliyi ilə təcrübəyə qalib gələn Əbdüləzimova İtaliyadakı dünya çempionatına da məhz bu həmkarı kimi güclü olduğu üçün yollanmışdı.
Möhtəşəm dünya çempionatı
Bu ilin sentyabrında start götürən voleybol üzrə dünya çempionatı Ayşən üçün karyerasının əsas məqamıdır. Heç kimin güvənmədiyi, yalnız məğlubiyyətlər gözlədiyi milli komandamızın gözəl oyunu hələ də yaddaşlardadır. Həmin parlaq kollektivin bir üzvü də gənc Əbdüləzimova idi. Turnirin kəşflərindən birinə çevrilən voleybolçumuz təcrübəli Yelena Parxomanekonun layiqli əvəzedicisi olmağı bacardı. Xüsuilə Yaponiyaya qarşı fantastik matçın iştirakçılarında biri olması, komandamızın hesabına 8 xal (3-ü blokdan) yazdırmağı diqqətdən qaçmadı. Azərbaycan voleybol səmasında daha bir ulduz parlamağa başlamışdı. Gənc, döyüşkən, əzmkar...
Komanda oyunçusu
Əbdüləzimova meydanda orta xətt oyunçusudur. Hücuma yetərincə yaxşı qoşulur, blok zamanı komandasına qazandırdığı xal sayı çoxdur. Hələ bu, onun blok üçün boyunun qısa olmasına baxmayaraq belədir. 184 sm rəqib hücumlarının qarşısını almaq üçün güclü sədd deyil (düzdür, Azərbaycan millisində uzunboy blokçular adətən az olur). Dünya qadın voleybolunda bloklar azı 190-195 sm boyu olan qızlardan qurulur. Hər şeyə rəğmən Ayşən məhsuldar voleybolçudur. Böyük enerji sərf etmə qabiliyyəti ona müdafiəyə də kömək etmək imkanı verir. Servislərdə də yaxşıdır. Təbii ki, zəif nöqtələri də var, ancaq Ayşəni tam bir komanda oyunçusu adlandıra bilərik. Çox fərdi oynamaq, yalnız özünü düşünüb eqoistlik etmək ona aid xüsusiyyət deyil. İstənilən kollektivdə çətin anda səhnəyə çıxıb vacib xal qazandıran birinə ehtiyac var. Gəncliyi ona bütün oyunboyu mübarizə aparmaq, döyüşmək şansı yaradıb. O da bundan maksimum yararlanır. Kimdən soruşsanız eyni sözü deyəcəklər: Ayşən meydanda əsl döyüşçüdür. Onu yenmək çox çətin məsələdir.
Gözəl qız, ictimai şəxs
Gənc olması ilə yanaşı xarici gözəlliyi daima diqqətləri onun üzərinə çəkir. İtaliyadakı dünya çempionatında “10 ən gözəl voleybolçu”dan biri seçilməsi buna sübutdur. Ayşən həm meydanda, həm də ondan kənarda enerji dağarcığı kimidir: sanki işıq saçır... Və gözəl bir qızın məşhur şirkətlər tərəfindən tez kəşf edilməsi də normaldır. Onun bu yaxınlarda reklama çəkilməsi, bununla da böyük bir ictimai fiqura çevrilməsi əlavə məsuliyyətdir. Onsuz da ölkənin milli komandasının aparıcı oyunçusu olaraq bu yük onun çiyinlərində idi. İndi isə hər addımında diqqətli olmalı, simasını qorumalıdır. Özü də deyir ki, əsl azərbaycanlı qızıdır və heç vaxt açıq-saçıq fotosessiyalarda görünməyəcək: “Məncə, idmançı yarıçılpaq çəkilişlərdə iştirak etməməlidir. Məni heç vaxt belə görməyəcəksiniz. Valideynlərimə, ətrafımdakı insanlara etdiyim hörmət bunu tələb edir. Həm də ki, mən özümü belə şeylərdə təsəvvür edə bilmirəm”.
Portret
Şəkildə gözəl bir qız sizə gülümsəyir. Gəncdir, enerji doludur, xoş təbəssümü var. Ancaq bütün bunlar yalnız dostlar üçündür. Meydandakı Ayşən tamamilə fərqlidir, rəqiblərinin qorxulu kabusudur. Hər matç onun üçün bir döyüş, hər qələbə bir zəfərdir. Təbəssümü aldadıcıdır. Matçın gedişində bu gülərüz qız amansız bir qladiatora çevrilə, ani zərbə ilə qarşısındakını “diz çökməyə” vadar edə bilər. Ona yuxarıdan-aşağı baxmaq, yaşının azlığına aldanmaq ən böyük səhvdir. Yalnız və yalnız qələbə qazanmağı düşünən Ayşən əsl döyüşçü, ordusu üçün bitməyən enerji mənbəyidir. Ən yaxşısı onun qarşısında yox, yanında olmaqdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər