AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Döyüş enerjisini kuklalarından alan qız – Portret

Döyüş enerjisini kuklalarından alan qız – Portret

Gənclik qəzeti
02 May 2020, 10:00 2224
 
Və ya bir yanda uşaq saflığı, digər yanda isə əsl döyüşçü ambisiyası...
 
 
Azərbaycanda qadın cüdosu deyərkən, ilk olaraq Zülfiyyə Hüseynova və Kifayət Qasımova yada düşür. Məhz ikincinin karyerasını bitirməsi nəticəsində yığmada ciddi boşluq yarandı. Doğrudur, bu, bir müddət keçdikdən sonra legionerlərin hesabına dolduruldu. Ancaq etiraf edək ki, bütün hallarda, millilərdə yerli məktəbin nümayəndələrini görmək daha arzulanandır. Üstəlik, nəzərə almaq lazımdır ki, digər növlərdən fərqli, bir ənənə kimi cüdoda öz yetirmələrimizin uğurları ilə öyünmüşük. Qızlarımız uzun ara vətəndən kənarda fərqlənməkdə çətinlik çəkirdisə, beynəlxalq yarışlarda ardıcıl iştirak sayəsində toplanan təcrübə son bir ildə bəhrəsini verməyə başlayıb. Hazırda yığmamız dörd çəki dərəcəsi üzrə "Tokio 2020"yə iddia ortaya qoyub ki, onların ikisində yerli qızlarımız mübarizə aparır. Başqa sözlə, ölkə cüdo məktəblərinin yetişdirdiyi üç qadın tatami ustasının olimpiadaya real lisenziya imkanı var. Çoxillik "Portret" rubrikası çərçivəsində xanımların ikisi haqqında söhbət açılıb. Aralarında daha titullu olan Leyla Əliyevanın təqdimatı isə bu günə qismət imiş...

Evdə tək qalmasın deyə

Ötən ilin sentyabrında Daşkənd Qran Pri yarışının finalına çıxaraq, sürprizə imza atan Leyla, 1997-ci ildə Bakıda, zəhmətkeş ailədə doğulub. İdmanla məşğul olan gənclərin əksəriyyəti kimi, onun da ailəsində bir idman ənənəsi var. Anası çox gənc yaşlarında karate, atası isə cüdoda özünü sınayıb. Ümumiyyətlə, 6 nəfərdən ibarət olan Leylagilin ailəsində elə bir adam yoxdur ki, idman təcrübəsi yaşamasın. Leylayadək qardaşları cüdoya yazılmışdı. Ata işdə olur, ana isə onları hər gün məşqə aparıb-gətirirdi. Yay tətilində bacısı da nənəsigilə getdiyindən, balaca Leyla evdə tək qalmalı olurdu. Bundan narahatlıq keçirən ana, günün birində onu da özü ilə cüdo zalına aparır. Beləcə, Leyla, 9 yaşından qardaşları ilə birgə Rəşad Məmmədovun yanında ilk addımlarını atmağa başlayır. Qardaşları əsgərlik yaşları çatanadək cüdo ilə məşğul olurlarsa, sonradan onlara qoşulan böyük bacısı da uzun müddət davam gətirir. "Lakin heç birinin Leyla qədər istedadı yox idi” deyir, Rəşad Məmmədov: "Bir ara məşqlərdən bezdiyini deyib getmişdi. O birilər olsaydı, elə narahatlıq keçirməzdim. Oxuduğu məktəbə getdim, birtəhər dilə tutub zala qaytardım. Sonra eşitdim ki, sən demə, cizgi filmlərinin həsrətini çəkib, kuklalarından ötrü darıxırmış".
 


Uğura doymayan yeniyetmə, zədəyə qurban gedən "gənclik"

Əksər azyaşlı qızlar kimi, Leylanın da ilk yarış təcrübələri oğlanların turnirindədir. 19 kq çəki dərəcəsi üzrə Hövsanda keçirilən məktəblilərarası şəhər birinciliyindəki qələbəsini xatırlayan cüdoçu xanım, hərdən məhəllənin oğlanlarına da gücünü göstərib. Yox, onun tatamidən kənarda dava-dalaşla arası olmayıb. Sadəcə, uşaqlar bir araya gəlib, öz aralarında cüdo, güləş turnirləri təşkil edirlərmiş.

Beləliklə, Suraxanıdan başlayan yol, Əliyevanı respublika birinciliklərinə, az vaxtda qitə arenalarına aparır. Leyla, yeniyetmə, gənc, 23 yaşadək və usta cüdoçular arasında üst-üstə 10-dan çox Azərbaycan çempionu və şəhər birinciliklərinin mükafatçısıdır. Yeniyetmələrdə 12 dəfə Avropa kuboklarında fərqlənib ki, bunların 4-də fəxri kürsünün ən yüksək pilləsində dayanıb. Yeniyetmələr arasında Avropa çempionu və qitə birinciliyinin gümüş mükafatçısı, habelə, 2013-cü ildə Mayamidə keçirilən dünya çempionatının və "Nankin 2014" Yay Olimpiya Oyunlarının vitse-çempionu, gənclərdə iki dəfə Avropa kubokunun gümüş mükafatçısı olub. Ardıcıl zədələr üzündən gənclərdə istənilən kimi çıxış edə bilməyən Əliyeva, 21 yaşadək cüdoçular arasında yalnız bir beşinciliklə (Maribor, 2017) yadda qalıb. Bunadək isə o, 2015-ci ildə, cəmi 18 yaşında olarkən 23 yaşadək cüdoçuların AÇ-sində medalın bir addımlığınadək gəlmişdi.
 

 
Komanda yoldaşı ilə "qonşu" - "Bir bürünc bəs edər"
 
2018-ci ildən yalnız böyüklər arasında mübarizəyə qatılan Leyla, sözün hər mənasında yıxıla-yıxıla böyüyən uşağı xatırladır. İlk ilində qatıldığı yarışlarla, adətən, ilk və ya ikinci mərhələdən vidalaşan Əliyeva, ötən iki il ərzində üç mükafatla yadda qalıb. İlk olaraq o, Rumıniyada keçirilən "Avropa Open" turnirinin bürünc, Daşkənd Qran Prisinin gümüş, ardınca isə Kamerunun ev sahibliyi etdiyi "Afrika Open"in qızıl medalını qazandı. Medalların hamısı son bir ilə təsadüf etsə də, Leyla müxtəlif turnirlərdə ardıcıl iştirakı hesabına bu gün olimpiya lisenziyasına namizəddir. Yeri gəlmişkən, hazırda Əliyeva 1446 xalla 30-cu sıradadır. Komanda yoldaşı Aişə Qurbanlını 21 xal önə buraxıbsa, daha yuxarıdakı rəqiblərlə böyük fərqi yoxdur. Şəxsi məşqçisi Rəşad Məmmədovun sözünə qüvvət, qarşıdakı bir ildə stabil çıxış və ya Qran Pri seriyasından olan bir turnirin mükafatı bəs edər ki, qızımızı cüdonun vətənində keçiriləcək olimpiadada görə bilək.
 

 
"1 nömrə"dən çəkinmir: "Ondan, az da olsa, ehtiyat edirəm"
 
48 kiloqram çəki dərəcəsinin hazırkı reytinq lideri ukraynalı Dariya Bilodiddir. 19 yaşa iki dünya, bir o qədər də qitə çempionluğu sığdırmaqla rekord müəyyənləşdirən vunderkind, bu gün üçün dünya cüdosunun əsas tapıntısı sayılır. Ancaq Leyla onun haqqında fərqli fikirdədir. Hesab edir ki, titullu həmkarının öhdəsindən gəlmək elə də çətinlik törətməməlidir. Əvəzində, başqa rəqibindən çəkindiyini gizlətmir: "Dariyanı uşaqlıqdan tanıyıram, birgə təlim-məşq toplanışlarında olmuşuq. Titullarından çəkinmirəm, nə vaxtsa üz-üzə gəlsək, düşünürəm, qələbə şansım az olmayacaq. Mən, bizim çəkidəki qızlardan daha çox kosovolu Distriya Krasniqini qeyd edərdim. Çox möhkəm qızdır. Etiraf edim ki, ondan, az da olsa, ehtiyat edirəm".

Biz də onu etiraf edək ki, qadın cüdosunda baxımlı fəndlərə çox rast gəlinmir. Ancaq Leyla, texnikası ilə seçilən cüdoçulardandır desək, yanılmarıq. Arsenalında bir neçə fənd var. "Skalen", parterdə çevirmə, "o uçi qari" və "uçi mata", cüdoçuların dili ilə desək, kral fəndləridir. Qadın cüdosu tarixindən heç kimi özünə ideal seçməsə də, bir kumiri var. Uzaqdan yox, elə bizdən biridir: Rüstəm Orucov. "Niyə məhz o" sualını qısaca, "o, mükəmməl idmançıdır" deyə, cavablandırdı.
 

 
Birdən-birə 5 il böyümüşdü: "Hər yerə kuklaları ilə..."
 
Xarici səfərlər, dünya ilə tanışlıq idmançı həyatının önəmli, əvəzolunmaz hissəsidir. Hələ cüdoçular, az qala, hər həftə yarışlara yollanırlar. Hər səfər də bir macəradır. Adətən, bu mövzunu idmançının özü ilə müzakirə etsək də, indi fərqli üsul seçdik. Həm də qadınlardan ibarət yığmamızın çalışdırıcısı postunu tutan Rəşad Məmmədov yaddaşını vərəqləyir: "Uşaqlıqdan özündən böyüklərlə güləşib. İstəyirdim, tez möhkəmlənsin. 14, ya da 15 yaşı olanda Polşaya təlim-məşq toplanışına aparmışdım. Günün ilk seansında özündən üç yaş böyük qızla çıxıb əməlli-başlı əzildi. O dərəcədə ki, ağrı-əsəbdən hönkür-hönkür ağlayırdı. Yaxınlaşıb mənə dedi ki, baxarsız, axşam bunun əvəzini ondan çox pis çıxacağam. Dediyi kimi də oldu. Sanki səhərki qorxaq, çəkingən uşaq birdən-birə 5 il böyümüşdü. Ümumiyyətlə, Leylanın çox qəribə xarakteri var. Bu gün-sabah 23 yaşı olacaq, hələ də hər yerə kuklaları ilə gedir. Deyirəm, axı, neyləyəcəksən bunları? Deyir, mən onlarsız qala bilmirəm də, müəllim, başa düş. Təsəvvür edin, böyüklər arasında respublika çempionatını udandan dərhal sonra əlində "meymun" keçib oturub tribunada. Kadrı göstərdilər, dedim, sağ ol də, Leyla (gülür)".
 
Portret
 
Maraqlıdır, deyilmi? Bir tərəfdə zamana meydan oxuyan uşaq saflığı, digər yanda isə əsl döyüşçü ambisiyası...

Cüdo ölkədə ənənəvi idman növlərindən sayılır, aşağı yaş qrupları üzrə nailiyyətlərimizin sayı-hesabı itib. Belədə, yazının titullarla bağlı hissəsi çoxları üçün adi, sıradan görünə bilər. Ancaq xeyr! Leyla, yeniyetmə qızlar arasında Azərbaycanın yeganə olimpiya və dünya medalçısıdır. Odur ki, əslində, onun imza atacağı hər hansı uğur bizləri təəccübləndirməməlidir.
 
Sahib