• çərşənbə axşamı, 19 mart, 08:23
  • Baku Bakı 8°C

Döyüş bitir, müharibə yox

18.02.19 16:00 1151
Döyüş bitir, müharibə yox
Bir ömürdə iki dünya müharibəsi yaşayan Erix Maria Remark Almaniya, eləcə də dünya ədəbiyyatında müharibə mövzusunun yazıçısı kimi tanınmışdır. O, 1898-cil ildə Almaniyanın Osnobryuk şəhərində anadan olmuşdur. 1916-cı ildə Birinci Dünya Müharibəsində iştirak etmiş və yaralanmışdır. Hesab edirəm ki, Remarkın ədəbiyyatdakı ən böyük uğuru "Zəfər Tağı” romanıdır.
"Zəfər Tağı” Parisdə yerləşən arxitektura abidəsidir. Bu abidə qaliblər şərəfinə və ya hansısa vacib hadisə şərəfinə ucaldılır. Romanın qəhrəmanı "Ravik” dəfələrlə bu abidənin ətrafında gəzişir. Bəlkə, də öz daxilində gedən müharibənin qalibi olmaq istəyirdi. Yəqin, elə Remark da bunun üçün romanın adını "Zəfər Tağı” qoymuşdu.
Romanda hadisələr İkinci Dünya Müharibəsi illərində baş verir. Romanın baş qəhrəmanı olan Ravik almandır, ixtisasca həkimdir. İki yəhudinin qaçmasına imkan verdiyi üçün Gestapo zabiti Haake ona işgəncə verir. Ravikin işgəncələrə dözməyən qadını isə lagerdə intihar edir. Ravik lagerdən qaçır və mühacirlərin ən sevdiyi ölkə olan Parisə gəlir. Pasportu və şəxsiyyəti təsdiq edən sənədi olmadığından Parisdə gizli yaşayır. Dörd dəfə tutulur, deportasiya edilir. Hər dəfə yeni adlarla Parisə qayıdır. Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir. Onun həyatdan umacağı və itirəcəyi heç bir şey yoxdur. Daima təqibdə olmasına baxmayaraq, ruhən azad adamdır Ravik. Özünün dili ilə desək, "İnsan, uğrunda yaşadığı hər şeyi itirdikdən sonra azad olur”.
Ravik qazandıqlarını içkiyə və qadınlara xərcləyir. Daima lagerdə ona edilən işgəncələrin, qadınının qisasını Haakedən almaq barədə düşünür. Bir anda özü də istəmədən onun həyatına Joan Madu daxil olur. Joan özünü körpüdən atmaq istəyərkən Ravik onu xilas edir. Əsas hadisələr də bundan sonra başlayır...
Remark müharibə, sevgi və başqa bəşəri mövzuları Ravikin dili ilə oxucuya çatdırır. Oxucu ancaq Raviki görür, bütün hadisələr onun ətrafında baş verir. Ravik Remark dünyasının mərkəzində durur. Hadisələr olduqca axıcıdır və axıcı olmasıyla bərabər oxucunu tərpədir, oturduğu masadan, yatdığı çarpayıdan qalxmağa məcbur edir.
Ravikin öz doğruları, öz inanc yeri öz həqiqətləri, həyat nəzəriyyəsi var. Bu nəzəriyyənin adı "təsadüflər” nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən həqiqətə uyğun olmayan hər şey, az qala həmişə həqiqət olur. Ona görə də Ravik deyir ki, "Adam heç inanmır ki, bir gün müharibə olacaq. Ona görə müharibə olur ki, adam inanmır, inanmadığı üçün də hazır olmur...” Amma Ravik hər şeyə hazır idi, olacaq hər şeyi öncədən duyurdu. Çox yorulmuşdu gizli yaşamaqdan, ömrü boyu qaçmaqdan. Onun üçün əvvəllər meşşanlıq kimi qəbul etdiyi kitablar, ocaq, sakitlik, dinclik, indi isə itirilmiş cənnət haqqında əfsanəyə çevrilmişdi.
Xoşbəxtlik həmişə hardasa lap yaxındadır, sadəcə, əyilib götürmək lazımdı. Ravikin xoşbəxtliyi, bəlkə, Joan Maduda, bəlkə, "Şəhrizad” kafesində içdiyi kalvadosda, bəlkə də, Haakedən alacağı qisasda idi, nə bilmək olar?.. Remark Raviki çox qapalı, bir o qədər açıq bir obraz kimi yaradıb. Eynilə də digər obrazları bir rəssam dəqiqliyi və həssaslığıyla yaradıb: bir rəng digər rəngə cüzi də olsa qarışsa, bütün tablo məhv olacaq...
Ravikinin sevməyi də çox qəribə idi. Gah sevirdi, gah da bezirdi. Bezən zamanlarda deyirdi: "Qadından qurtulmaq istəyirsənsə, ona 3-5 günlük görmədiyi həyatı bəxş elə. Həmin həyatı yenə istəyəcək. Görəndə ki, səndən bir şey çıxmır başqasını tapacaq”. Roman boyu Ravik Parisin küçələrini gəzərkən 3-4 dəfə "Zəfər Tağı” abidəsinin yanından keçir. Hər dəfə "Zəfər Tağı”nı gördükcə daha da ruhlanır, mübarizəyə davam edir.
Romanının demək olar ki, hər səhifəsində aforizmə çevrilə biləcək cümlələr var. Roman təsvir və təhkiyədən çox, dialoqlarla zəngindir. Təsvirlər isə olduqca konkretdir. Çox az halda təsvirdə poetik sözlərə rast gəlirik. Bu səbəbdən də oxucu hadisələri film kimi xəyalında canlandırır və əsəri qavramaq daha asan olur.
Ravik artıq öyrəşmişdi: Ağrılara da, Joan Maduya da, bizim deyimlə desək, şirinçay əvəzinə içdiyi kalvadosa da... Günlərin bir günü Ravik onun həyatını məhv edən, Gestapoda ona işgəncə verən Haakedən çox ustalıqla qurduğu plan nəticəsində qisas alır, amma... Döyüş bitə bilər, müharibə isə heç zaman bitmir.
Əsər Polislərin Raviki tutub, digər mühacirlərlə birlikdə müharibəyə göndərilməsiylə bitir: Maşın "Vaqram” prospektindən keçib, "Etual” meydanına çıxdı. Heç yerdə işıq yanmırdı. Meydan elə zülmətə bürünmüşdü ki, heç "Zəfər Tağı” da görünmürdü...

Emil Hacıyev

banner

Oxşar Xəbərlər