• cümə, 26 Aprel, 10:23
  • Baku Bakı 12°C

DYP-nin rəis müavini avtobuslarda kamera quraşdırılmasından danışdı

01.07.16 16:40 3269
DYP-nin rəis müavini avtobuslarda kamera quraşdırılmasından danışdı
"Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarında müşahidə kameralarının olması qəzaların, qayda pozuntularının və oğurluq hadisələrinin üstünün açılmasına kömək edir". Avtosfer.az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov bu gün "Xaliq Faiqoğlu" MMC-nin Təmir Mərkəzində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu şirkətin bütün avtobuslarında müşahidə kameralarının olması başqalarına da nümunə olmalıdır: "Dünyanın əksər dövlətlərində bu təcrübə var. Biz də "Xaliq Faiqoğlu" şirkətinin avtobuslarında kameraların olmasını alqışlayırıq və inanırıq və başqa şirkətlər də tezliklə bu sistemi quracaqlar".
Rəis müavini bildirib ki, avtobuslarda kameraların olması polisin işinə dəstək verir. Üstəlik, sahibkarlar üçün də faydalıdır: "Sahibkar kamera vasitəsilə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsinə, sərnişinlərlə münasibətinə, ümumiyyətlə, avtobusda baş verənlərə tam nəzarət edə bilir. Yol polisi isə həmin kameraların köməyi ilə hansısa qayda pozuntusunun, qəzanın tam və daha dəqiq araşdırılmasına çalışır. Ümumilikdə isə avtobuslarda baş verən oğurluq və digər neqativ hallara qarşı mübarizədə bu kameraların köməyi əvəzsizdir".
Fərhad Eyyubov avtobus sürücülərini nizam-intizamlı olmağa çağırıb: "Yol polisi avtobuslarla bağlı çox ciddi tədbirlər görür. Çox istəyirik ki, bütün sürücülər "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etsinlər, qaydalara uyğun şərəkət etsinlər. Əks halda, heç kimə güzəşt olunmayacaq və cərimə ediləcək".
Rəis müavini sonda bildirib ki, avtobus şirkətlərinin öz işini qaydaya salması, müasir texnika və texnologiyyalardan istifadə etməsi yol polisi tərəfindən alqışlanır və bütün bu işlər sərnişinlərə keyfiyyətlə xidmət göstərməyə hesablanmış addımlardır.
banner

Oxşar Xəbərlər