• çərşənbə axşamı, 16 aprel, 10:03
  • Baku Bakı 14°C

Dövrün tələbinə cavab verən dərs vəsaiti

03.05.16 14:40 2267
Dövrün tələbinə cavab verən dərs vəsaiti
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müasir dövrdə hər şeyi elm, savad, bilik və təhsil həll edir. Bu baxımdan təbiidir ki, məktəblərdə şagirdlərin bilik səviyyəsi, müəllimlərin hazırlıq dərəcəsi böyük rol oynayır. Şagirdlərin hazırlığı məsələsində isə dərsliklərin kamilliyi xüsusilə böyük önəm kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.04.2015-ci il tarixli 469 nömrəli əmri ilə təsdiq edilmiş və Hamlet Əliyev, Nizami Heydərov, Elnur Hüseynov, Şəhla Quliyeva və Səxavət Zeynalovun müəllifliyi ilə 2015-ci ildə "Çaşıoğlu” nəşriyyatı tərəfindən çap edilmiş ümumtəhsil məktəblərinin VII sinifləri üçün "Ümumi tarix” adlı dərs vəsaiti xüsusilə diqqəti cəlb edir.
Üç bölmədən ibarət olan dərs vəsaitində hər bir bölmənin əvvəlində şagirdləri tədris olunacaq mövzulara hazırlamaq üçün müvafiq və qeyri-müvafiq şəkillər verilir və onların hansı dövrlərə aid olduğu soruşulur. Təbii ki, belə şəkillər hələ müvafiq mövzular tədris edilməzdən əvvəl şagirdlərdə ilkin təsəvvür yaradır ki, bu da sonradan onların şagirdlər tərəfindən mənimsənilməsini asanlaşdırır.
Bundan başqa, tarixləri araşdırılacaq ölkələr dünya xəritəsində nömrələnmiş şəkildə verilmiş, bu ölkələrdə ilk dəfə nələrin kəşf olunması haqqında isə ayrıca suallar qoyulmuşdur. Təbiidir ki, bu suallara cavab tapmaq da şagirdlərdə tədris ediləcək mövzular, ölkələr haqqında ilkin təsəvvür yaradır ki, bu da son nəticədə tədris ediləcək mövzunun onlar tərəfindən daha yaxşı qavranılmasına səbəb olur.
Hər bir mövzunun əvvəlində isə haqqında söz açılan əsas məsələlər, proseslər haqqında böyük, məşhur şəxsiyyətlərin söyləmiş olduqları fikirlər çox qısa, yığcam şəkildə verilmişdir ki, bunlar da yenə şagirdlərdə tədris ediləcək mövzu haqqında ilkin təsəvvür yaratmaqla həm əqli hücum, həm də motivasiya rolunu oynayır.
Bundan başqa, hər bir tədris olunacaq mövzunun əvvəlində yenə də şagirdlərdə müvafiq paraqraf haqqında ilkin təsəvvür yaratmaq üçün şəkil, xəritə, açar sözlər verilmişdir ki, bunlar da yenə də ümumilikdə dərsdə əqli hücum rolunu oynayır.
Qeyd edilənlərdən başqa, hər bir bölmənin əvvəlində haqqında söz gedən dövrə aid olan bütün məzmun xətləri üzrə çox maraqlı araşdırıcı suallar da verilmişdir ki, bunlar da şagirdlərdə danışılan məsələlər haqqında anlayış yaradır.
Göstərilməlidir ki, kitabın içindəki hər bir mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün müvafiq qaynaq və mənbələrdən şagirdlərin müzakirəsi üçün kiçik də olsa parçalar verilmişdir. Belə mənbə və qaynaq parçalarının müzakirəsi isə təbiidir ki, yenə də şagirdlərdə məntiqi təfəkkür prosesini daha da dərinləşdirir, nəticə etibarı ilə onların daha iti düşüncəli və dərrakəli olmalarına səbəb olur. Bu isə, şübhəsiz ki, son nəticə etibarı ilə şagirdlərin daha geniş və əhatəli biliyə sahib olmaları ilə yekunlaşır.
Orta əsrlər dövrünə aid yazılmış bu dərsliyin müsbət cəhətlərindən biri də öz əksini onda tapmışdır ki, burada haqqında söz gedən hər bir ölkənin dünyanın siyasi xəritəsindəki yeri ayrıca göstərilmişdir. Beləliklə, şagirdlər dərsə başlamazdan əvvəl öyrənəcəkləri ölkənin, eləcə də onun yaxın qonşularının dünyanın siyasi xəritəsində harada yerləşdiyini bilirlər.
Deyilənlərdən başqa, hər bir mövzuya aid müxtəlif yad dillərdə olan termin və sözlərin izahı şagirdlər tərəfindən yaxşı dərk edilib başa düşmələri üçün lüğətdə verilmişdir ki, bunların da xüsusilə böyük rolu vardır.
Vəsaitin müsbət cəhətlərindən danışarkən onu da qeyd etmək yerinə düşərdi ki, burada demək olar ki, hər bir mövzuda, müxtəlif ölkələrin ayrılıqda çox yığcam, qısa şəkildə həm daxili, həm də xarici siyasəti, eləcə də elm və mədəniyyəti müvafiq rəngli, al-əlvan, gözoxşayan şəkillərlə verilmişdir ki, bunların da şagirdlərin dərsi mənimsəmələrində çox böyük rolu vardır.
Şagirdlərdə keçiləcək mövzular haqqında ilkin təsəvvür yaratmaq üçün hər bir paraqrafın əvvəlində ən azı beş sözdən ibarət açar sözlər də verilmişdir ki, bunların da xüsusilə böyük rolu vardır. Belə ki, bu sözlər də həmçinin öz növbəsində şagirdlərdə tədris ediləcək mövzu haqqında ilkin təsəvvür yaradır ki, bu da şagirdlərin dərsi daha yaxşı başa düşmələrinə və uzun müddət yadda saxlamalarına imkan verir.
Dərs vəsaitinin müsbət cəhətlərindən danışarkən qeyd etmək yerinə düşərdi ki, hər bir paraqrafın sonunda şagirdlərin uzun müddət yadda saxlamaları üçün vacib lazım olan müvafiq şəxsiyyət, yer, mədəniyyətə aid termin və sözlər onların internetdə tapmaları üçün ayrıca axtarış termini adı ilə verilmişdir. Şübhəsiz ki, şagirdlərin müxtəlif mövzulara aid belə terminləri internetdə ayrıca axtarıb tapmaları gələcəkdə onların müstəqil şəkildə tədqiqatçı olmaları üçün zəruri olan vərdiş və xüsusiyyətlərin yaranmasına səbəb olur.
Hər bir mövzunun sonunda haqqında söz gedən hadisənin zaman oxu üzərində göstərilməsi də təqdirəlayiq hal kimi göstərilməlidir. Belə ki, müxtəlif al-əlvan rənglərlə verilmiş zaman oxu və müxtəlif hadisələrin verildiyi çərçivə hadisələrin şagirdlərin yaddaşında uzun müddət qalmasına səbəb olur.
Haqqında söz gedən vəsaitin müsbət cəhətlərindən biri də özünü onda göstərir ki, qədim tarixə malik bir sıra ölkələrin – Ərəb xilafətinin, Çinin, Hindistanın, Səlcuq, Osmanlı, Teymuri imperatorluqlarının tarixinə aid ən vacib, maraqlı, uzun müddət yadda saxlanılmalı hadisələr "Öyrənin” başlığı ilə ayrıca verilmişdir.
Vəsaitin zənnimcə ən orijinal, müsbət cəhətlərindən biri də türk xalqlarının tədrisinə aid hissədə özünü göstərir. Belə ki, vəsaitdə "Yeni türk dövlətləri” adlı bölmədə Hun, Bulqar, Oğuz, Uyğur və Qıpçaq türklərinin özlərinin də böyük bir ağacın budaqları kimi necə ayrı-ayrı hissələrə bölünmələri göstərilmişdir. O biri səhifədə isə Mərkəzi Asiya dövlətlərinin ayrı-ayrı rənglərlə verilməsi, onların fonunda isə üzərində Oğuz xanın təsviri olan Türkmənistanın pul vahidi – 100 manatın şəklinin verilməsi xüsusilə güclü təəssürat yaradır. Belə güclü təəssürat yaradan əyani vəsaitlərin, rəngli şəkillərin verilməsi isə ayrı-ayrı mövzuların, fakt və hadisələrin (xüsusilə türk xalqlarının kök və budaqlarının ayrıca verilməsi ilə onların hər birinin ayrı-ayrılıqda) uzun müddət yadda qalmasına səbəb olur ki, bu da tədrisin qarşısında duran ən vacib məsələlərdəndir.
Haqqında söz gedən vəsaitin müsbət cəhətlərindən danışarkən hər bölmənin sonunda "Özünüzü yoxlayın” başlığı altında şagirdlər üçün nəzərdə tutulmuş müxtəlif cür orijinal tapşırıqlar xüsusilə diqqəti cəlb edir. Belə ki, burada ayrı-ayrı ən vacib, aparıcı mövzulara aid bir-birinə çox yaxın, oxşar məlumatları bildirən cümlələr verilmişdir ki, onların arasından da düzgün olanlarını seçmək artıq şagirdlərdən kifayət qədər dərin bilik tələb edir. Bundan başqa, burada keçilmiş bölmənin müxtəlif paraqraflarına aid müxtəlif açar sözlər verilmişdir ki, onların vasitəsi ilə şagirdlərdən A4 vərəqi həcmində kiçik hekayə yazmaq tələb olunur. Heç şübhəsiz ki, bu da şagirdlərdə artıq keçdikləri bölmədə olan paraqraflara aid ətraflı, dərin biliyin yaranmasına səbəb olur.
Lakin bütün yuxarıda sadalanan müsbət cəhətləri ilə bərabər vəsaitdə təbiidir ki, bəzi çatışmazlıqlar və nöqsanlar da vardır. Belə ki, bir çox paraqraflar həddən artıq ixtisarlar, sıxlaşdırmalar üzündən ən vacib məlumatlardan məhrum olmuşdur. Hesab edirəm ki, bu dərəcədə ixtisar yolverilməzdir.
Bundan başqa, bəzi şəkillər tam uğurlu alınmayıb. Amma onlar vəsaitdə xeyli yer tutub. Halbuki o şəkillərin əvəzinə şagirdlərə nə qədər bilik vermək olardı. Məsələn, vəsaitin 40-41-ci səhifələrində "Qaraxanlılar” və "Qəznəlilər” paraqrafları o qədər ixtisar olunub ki, az qala rəsmi Dövlət Proqramının tələbi ilə şagirdlərin bilməli olduqları bir çox məlumatlar dərslikdən çıxarılıb.
Amma ümumiyyətlə götürdükdə kitabın çap olunması hesab edirəm ki, ölkəmizdə vəsaitlərin hazırlanması istiqamətində irəliyə atılmış çox böyük bir addımdır. Belə gedərsə, yaxın gələcəkdə daha sanballı, elmi tutumlu, müasir dövr təhsilinin tələblərinə kifayət qədər yüksək səviyyədə cavab verən vəsaitləri görə biləcəyimizə şübhə etmirəm.
İlqar Abdullayev,
Nərimanov rayonu, MLK-nın tarix
müəllimi, "İlin ən yaxşı müəllimi”
müsabiqəsinin qalibi, əməkdar müəllim
banner

Oxşar Xəbərlər