• cümə, 29 Mart, 02:33
  • Baku Bakı 7°C

“Dövlətlərin ərazi bütövlüyünü dəstəkləməyimiz kiminsə əleyhinə yönəlməyib”

04.07.14 09:38 1465
“Dövlətlərin ərazi bütövlüyünü dəstəkləməyimiz kiminsə əleyhinə yönəlməyib”
İyunun 28-dən iyulun 2-dək davam edən ATƏT PA-nın Bakıda baş tutan 23-cü sessiyası işini başa vurub. Müxtəlif ölkə nümayəndələri, millət vəkilləri, QHT təmsilçilərinin iştirak etdiyi sessiyada fundamental hüquqlar, demokratik dəyərlərin müzakirəsi ilə yanaşı, bölgədə yaşanan gərginliklər, Ukraynanın parçalanmaya məruz qalması, dövlətlərin ərazi bütövlüyü prinsipləri də müzakirə olunub, yekun qərarlar çıxarılıb. Sessiyanın sonuncu günündə Bakı bəyannaməsi qəbul olunub. Bu və digər məqamlarla bağlı suallarımızı politoloq Elman Nəsirov cavablandırır.
- Ölkəmizdə mütəmadi olaraq beynəlxalq təşkilatların iclaslarının keçirilməsini Azərbaycanın artan nüfuzunu göstərən məqam kimi qiymətləndirmək olarmı?
- Şübhəsiz ki, bu, belədir. Azərbaycan dövlətinin yürütdüyü çevik, balanslaşdırılmış, dinamik xarici siyasət kursunun nəticəsidir ki, ölkəmiz bu gün dünyada etibarlı tərəfdaş imici qazanıb. Aydın görünür ki, Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər artıb və getdikcə də artmaqdadır. Dediklərimizin məntiqi təsdiqi kimi, ölkəmizin son zamanlar ardıcıl şəkildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də göstərmək olar. Bu məqam cənab prezidentin müəyyən etdiyi xarici siyasət kursunun özünütəsdiqi kimi də dəyərləndirilə bilər. Qeyd edim ki, Azərbaycan hər zaman belə məsuliyyətli işlərin öhdəsindən gəlməyi bacarıb. Xatırlayırsınızsa, ölkəmizdə keçirilən tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu var. Həmçinin 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirləri ilə Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda toplantısı keçirildi. İki müxtəlif mədəniyyətin, sivilizasiyanın daşıyıcıları məhz Bakıda ciddi problemlər barədə danışdılar, mədəniyyətlərarası dialoqla bağlı məsələləri müzakirə etdilər. Bu, olduqca vacib məqamdır. Onu da demək lazımdır ki, Azərbaycan “Avroviziya” kimi nüfuzlu musiqi yarışmasına ev sahibliyi edib. Bunun özü də ölkəmiz üçün mühüm məqam idi. Dövlətimizi gələcəkdə də sınaqlar gözləyir. Bilirsiniz ki, 2015-ci ildə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Bunlar hamısı Azərbaycanın imkan və potensialının, ölkəmizdəki siyasi sabitliyin, dövlətin iqtisadi inkişafının ifadəsi, nümayişi kimi dəyərləndirilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanda keçirilən belə beynəlxalq tədbirlər dünyanın diqqətinin ölkəmizə yönəlməsinə səbəb olur. Bütün bu məqamlar həm də onu göstərir ki, Azərbaycan artıq təkcə regionun lider dövləti deyil. Ölkəmiz bu səviyyənin sərhədlərini çoxdan aşıb. Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmağı özünə hədəf seçib. Belə tədbirlər bizim həmin hədəfə çatmaq yolunda keçdiyimiz əhəmiyyətli və dəyərli məqamlar kimi yadda qalır.
- Bakıda baş tutan sonuncu beynəlxalq tədbir ATƏT PA-nın 23-cü sessiyası oldu.
- ATƏT PA-nın Bakıda keçirilən sessiyası onların təhlükəsizlik və əməkdaşlıqla bağlı missiyalarına Azərbaycanın töhfə verməsi baxımından çox əhəmiyyətlidir. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında, çox böyük tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Eyni zamanda, tədbir iştirakçıları ölkəmizin imkanları haqda təsəvvürlərini əyani şəkildə, öz gözləri ilə gördülər. Onlar Bakı şəhəri haqqında da geniş məlumat əldə edib, paytaxtımızla yaxından tanış oldular. Ölkəmizə gələn xarici ölkə nümayəndələri mədəniyyətimiz, incəsənətimiz haqda da məlumat əldə etdilər. Hesab edirəm ki, bu tədbir zamanı avropalı parlamentarilər və ATƏT-ə üzv dövlətlərin təmsilçilərinə Azərbaycan haqqında daha dəqiq informasiya çatdırıldı. Bundan əlavə, sessiyada Azərbaycanın müstəqil siyasət yeridən dövlət olduğu bir daha təsdiqlədi. Hamı gördü ki, dövlətimiz istənilən halda milli maraqlarını müdafiə edir. Toplantıda Ukraynada baş verənlər müzakirə olunan zaman da ölkəmiz ənənəvi mövqeyindən çıxış etdi. Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərini dəstəkləyib. Biz ATƏT-in Helsinki Yekun Aktından, eyni zamanda, BMT Nizamnaməsindən irəli gələn prinsiplərə sadiqliyimizi nümayiş etdiririk. Bütün dünya dövlətləri bilsin ki, Azərbaycanın atdığı addımlar yalnız özünün milli maraqlarının müdafiəsinə əsaslanır. Mövqeyimizi yenidən bildirməmiz baxımından, ATƏT-in Bakıda baş tutan sessiyasını ölkəmiz üçün uğurlu hesab edirəm. Qeyd edim ki, sessiya ATƏT üçün də əhəmiyyətli oldu. Məncə, ATƏT fərqindədir ki, tədbirə ev sahibliyi edən dövlət daha böyük, daha universal təşkilatda, yəni, BMT Təhlükəsizlik Şurasında təmsil olunmuş dövlətdir. Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş ölkədir. Yəni, bilirlər ki, Azərbaycan sıradan bir dövlət deyil. Azərbaycan bu gün beynəlxalq siyasətin subyekti yox, aktoru kimi çıxış edir.
- Tədbirdə Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirildi. Bu, işğala məruz qalan digər ölkələrə, həmçinin Azərbaycana nə verə bilər?
- Azərbaycan Ukrayna böhranı və Krımın ilhaqı məsələsində mövqeyini həm BMT Baş Məclisində, həm AŞ PA-da, həm də ATƏT PA-nın tədbirində ifadə edib. Ölkəmizin mövqeyi başqa cür ola da bilməz. Əgər hadisələrin əksi baş versəydi, yəni, Ukrayna Rusiya ərazisinin bir hissəsi olan Krımı ilhaq etsəydi, o halda təbii ki, Azərbaycan Ukraynanı tənqid edəcək, Rusiyanın ərazi bütövlüyünü dəstəkləyəcəkdi. Burada söhbət qəbul olunmuş prinsiplərdən gedir. Biz prinsipləri müdafiə edirik və dövlətlərin kimliyinə baxmırıq. Bizim bəlli olan mövqeyimiz var. Azərbaycan tərəfi hansı ölkədə olmasından, hansı tribunada çıxış etməsindən asılı olmayaraq hər zamankı mövqeyini elan edir, prinsiplərə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev də hər zaman bu məqamı qabardır, başqalarının reallığı nəzərə alaraq Azərbaycanın mövqeyinə hörmətlə yanaşmasını istəyir.
- Belə fikirlər səsləndirilir ki, Azərbaycan paytaxtında aparılan müzakirələr, Bakı bəyannaməsinin qəbul edilməsi Rusiyanı Azərbaycandan incik sala bilər.
- Hesab edirəm ki, belə yanaşma düzgün deyil. Rusiyanın hazırkı prezidenti Vladimir Putin kifayət qədər praqmatik siyasətçidir. Onun komandası da yetərincə realist düşüncəli adamlardan ibarətdir. Məncə, onlar yaxşı başa düşürlər ki, Azərbaycan-Rusiya əlaqələri strateji xarakter daşıyır və hər iki dövlət münasibətlərin inkişafında maraqlıdır. Çünki onların dövlətçilik maraqları bunu tələb edir. Hamı bilir ki, 2008-ci il fevralın 17-də Kosovanın müstəqilliyi Birləşmiş Ştatlar və NATO tərəfindən elan olunarkən Azərbaycan nəinki onun müstəqilliyini tanımadı, hətta sülhməramlı qüvvələrini oradan çıxartdı. Təbii ki, bu, Birləşmiş Ştatların və NATO-nun əleyhinə yönələn qərar deyildi. Azərbaycanın onlarla yaxşı münasibətləri var. Sadəcə, bunu ona görə etdik ki, Azərbaycan üçün ərazi bütövlüyü məsələsi hər zaman prioritet olub. O zaman ABŞ da, NATO da bu qərarımıza normal yanaşmışdı. Hesab edirəm ki, bu gün də Rusiya həmin münasibəti sərgiləyəcək. Azərbaycan hansısa dövlətə zidd getmək üçün belə mövqe ortaya qoymur. Bu, bizim həmişəki prinsipial mövqeyimizdir. Ölkəmiz üçün ən önəmli məsələ milli dövlətçilik maraqlarının qorunmasıdır. Biz beynəlxalq hüququn normalarına əsaslanıb çəkinmədən məlum mövqeyimizi ortaya qoyuruq.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər