• cümə, 19 Aprel, 20:21
  • Baku Bakı 24°C

Dövlətin vətəndaşlara qayğısının təzahürü

21.12.18 09:00 775
Dövlətin vətəndaşlara qayğısının təzahürü
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilsin. Qeyd edək ki, birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Millət vəkili Elman Nəsirov"Kaspi”yə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin ünvanlı dövlət sosial yardımı alan ailələrə 100 manat məbləğində birdəfəlik vəsaitin ayrılması haqda imzaladığı Sərəncam dövlətin sosial siyasətinin növbəti təsdiqi kimi dəyərləndirilə bilər: "2019-cu il büdcəsinin 33,4 faizi sosial yönümlü xərclərə ayrılıb. Bu da təqribən 8,3 milyard manat deməkdir. 2019-cu ildən başlayaraq pensiya və müavinətlərin artırılması əsas hədəflərdən biridir. 2019-cu il büdcəsində müstəqillik tariximizdə ilk dəfə ən böyük həcmdə gəlir gözlənilir. Qeyd etdiyim kimi, bu gəlirin üçdə bir hissəsi sosial məqsədlər üçün nəzərdə tutulub. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bu mənada imzalanan son sərəncama eyni məntiqlə qiymət vermək olar. Prezident aztəminatlı ailələrin sosial problemlərinin həllinə xüsusi həssaslıq və diqqətlə yanaşır. İmzalanan Sərəncam da bu siyasətin ifadəsi kimi dəyərləndirilə bilər”.

Millət vəkili Aydın Mirzəzadəqeyd etdi ki, aztəminatlı ailələrin sosial problemləri dövlət tərəfindən daima diqqətdə saxlanılır: "Prezidentin imzaladığı Sərəncam bunu bir daha təsdiq etdi. Yardıma ehtiyacı olan ailələrə dövlət tərəfindən maddi dəstəyin olunması onu göstərir ki, Azərbaycan vətəndaşı dövlətin diqqətindədir. Bu, prezidentin sosial problemlərin həll edilməsi nə daim diqqət ayırması anlamına gəlir. Yeni iş yerlərinin yaradılması, məktəb və xəstəxanaların təmir edilməsi və yenilərinin tikilməsi, tibbi sığortanın pilot layihə kimi istifadəyə verilməsi bu qəbildən olan məsələlərdir. Hər ailəyə 100 manat məbləğində yardım edilməsi ilə təqribən 50 min ailəyə bayramqabağı maddi yardımın göstərilməsi nəzərdə tutulub. Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşının problemlərinə qayğı ilə yanaşır”.

Milli Məclisin deputatı Aydın HüseynovAzərtac-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir: "Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür. Ölkəmizdə əhalinin aztəminatlı hissəsinin dövlətin həmişə diqqət mərkəzində olduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, hələ 2003-cü ildə yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib. Bundan başqa, sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə bağlı qəbul edilərək həyata keçirilən tədbirlərin də əsas məqsədi əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirmək olub. Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən də aşağıdır”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevbildirdi ki, Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı Sərəncam ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Onun sözlərinə görə, əhalinin sosial rifahının güclənməsinə hesablanan bu addım Yeni il qabağı aztəminatlı ailələrin hər birinə sevinc bəxş edir: "Sosial rifahın ilbəil yüksəldilməsi dövlət başçısının daim diqqət mərkəzində olub. Bundan əvvəlki illərdə də əhalinin sosial durumunun durmadan yaxşılaşması istiqamətində sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Sosial problemlərin yoluna qoyulması üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi, bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəldilməsi ölkə ictimaiyyəti tərəfindən daim rəğbətlə qarşılanıb. Əhalinin, xüsusən təqaüdçülərin, çoxuşaqlı ailələrin, əlillərin həyat səviyyəsinin yüksəldilməsi də Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin əsas məqsədlərindən biridir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində ölkə vətəndaşı dayanır. Məhz bu siyasətin nəticəsində, ölkədə hökm sürən sabitlik, davamlı inkişaf əhalinin sosial rifahının ilbəil yüksəlməsinə imkan verir. Sosial sahədə qazanılan uğurlar, xalqın ildən-ilə yüksələn rifahı dövlətimizin başçısının uzaqgörən siyasətinin əyani təsdiqidir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər