• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

Dövlətin siyasəti gənclərin potensialını üzə çıxarmağa yönəlib

04.12.13 10:53 1557
Dövlətin siyasəti gənclərin potensialını üzə çıxarmağa yönəlib
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə gənclər təşkilatları rəhbərlərinin və fərdi şəxslərin iştirakı ilə keçirilən toplantı bu yolda atılan növbəti uğurlu addım kimi qiymətləndirilir. Toplantıda iştirak edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün gənclər üçün vəsait ayırmaq Azərbaycan dövlətindən ötrü heç bir problem yaratmır. O səbəbdən bundan sonra da istedadlı gənclər aşkarlanacaq, onların liderlik keyfiyyətlərinin inkişafına dəstək veriləcək və bu gənclər vasitəsilə ölkənin gələcəyi qurulacaq.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı tədbir haqda təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, Azərbaycanda Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının fəaliyyəti daha da stimullaşdırıldı. Bu cür əhəmiyyətli addım atılmamışdan öncə də gənclər təşkilatları ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirdilər. Lakin fondun yaradılması ilə daha real nəticəli layihələrin həyata keçirildiyinə şahid olduq. Fond təkcə gənclər təşkilatlarının deyil, fərdi layihə verən şəxslərin də layihələrini maliyyələşdirir: “Bu o deməkdir ki, istedadlı, potensiallı gənclərin heç biri dövlətin dəstəyindən kənarda qalmayacaq. Əvvəllər gənclər təşkilatları müxtəlif yerli və beynəlxalq donorlara müraciət edərək hansısa layihənin gerçəkləşməsinə nail olurdular. Potensiallı gənclər isə bu prosesdən kənarda qalırdılar. Fondun yaradılması ilə bu kimi hallara son qoyuldu. Bundan sonra hər birimiz müxtəlif sahələrdə fərqlənən gənclərin təşəbbüslərinin dəstəkləndiyinə şahid olacağıq”.
Azərbaycan gəncliyini intellektual, dövlətçiliyə bağlı, dünyada gedən rəqabət prosesinə tab gətirə biləcək şəkildə yetişdirmək məqsədi güdən gənclər siyasəti amalına hər gün daha çox yetişir. Bunun nəticəsidir ki, ölkənin idarə olunmasında gənc təbəqə yaxından iştirak edir: “Bildiyiniz kimi, Milli Məclisdə gənc millət vəkilləri təmsil olunur. Yəni, ölkənin qanunverici və məhkəmə orqanında, icra strukturunda, bələdiyyə qurumlarında gənclər aktiv rol alırlar. Bütün bunlar ölkəmizdə çox yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin məntiqi nəticəsidir. Ölkəmizə səfər edən xarici ekspertlər də hər zaman vurğulayırlar ki, bizim gənclər siyasətinin dünyada analoqu yoxdur”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da tədbir haqda çox yüksək fikirdə olduğunu, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tam qənaətbəxş həddə çatdığını bildirdi: “Gənclər və İdman Nazirliyi yarandığı gündən üzərinə düşən vəzifələri çox layiqincə həyata keçirir. Gənclərin təşəbbüslərinin dəstəklənməsi, istedadlı və yaradıcı gənclərə kömək edilməsi, bütün sahələrdə gənclərin fəaliyyətinin stimullaşdırılması və artırılması siyasəti uğurla həyata keçirilir. Gənclər Fondunun yaradılması ilə ölkə gənclərinin önündə yeni imkanlar açıldı. Bu fond gənclərin arzularını reallaşdıran bir qurum kimi özünü təsdiq etdi, yüzlərlə gəncin və gənclər təşkilatlarının layihələrini maliyyələşdirdi. Bununla da, dövlətin gənclər siyasətinə ciddi töhfələr verildi”.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dünyaya örnəkdir. Ölkəmizə təşrif buyuran bütün xarici qonaqlar layihə haqqında ən xoş sözlər söyləyirlər: “Onlar siyasətimizə həsədlə baxır, bu layihənin dünyada alternativinin olmadığını deyirlər. Fikir verirsinizsə, Azərbaycanın gənclər siyasətini formalaşdıranlar da, həyata keçirənlər də gənclərdir. Yəni, dövlətin bu layihəsinin həm obyektində, həm də subyektində gənclər dayanır. Tədbirdə Əli müəllim də vurğuladı ki, prezidentin yaratdığı Gənclər Fondunun əsas məqsədi gənclərin təşəbbüslərini fond vasitəsi ilə həyata keçirməkdir. Xüsusən fərdi gənclərin layihələri maliyyələşdiriləcək, onların liderlik xüsusiyyətləri üzə çıxarılacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər