• şənbə, 20 Aprel, 09:32
  • Baku Bakı 14°C

Dövlətin siyasəti gənclər üçün daha da geniş imkanların açılmasına yönəlib

04.06.14 10:18 2089
Dövlətin siyasəti gənclər üçün daha da geniş imkanların açılmasına yönəlib
İyun ayının 2-də Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VII Forumu keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan, bir çox rəsmi şəxslərin də qatıldığı forumda 1700-dən artıq gənc iştirak edib. Qeyd edək ki, prezident İlham Əliyev təbrik məktubu göndərərək forum iştirakçılarını toplantının başlaması münasibəti ilə təbrik edib və yeni nəslin problemlərinə diqqətin xeyli artırıldığını bildirib. Bu forum, orada səsləndirilən təkliflər, gənclərin dövlətçilikdə rolu və digər məqamlarla bağlı suallarımızı “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatının sədri Gülsel Səfərova cavablandırır.
- Bu günlərdə baş tutan Gənclər Forumunun nəticələrini necə qiymətləndirərdiniz?
- Azərbaycanda yeddinci forumun keçirilməsinin özü mütərəqqi bir haldır. Çünki bununla gənclər siyasəti yeni bir mərhələyə addım atmış oldu. Nəzərinizə çatdırım ki, forum çərçivəsində bir çox məsələlər haqda danışıldı. Xüsusən, gənclər təşkilatlarının daha da inkişaf etdirilməsi, onların qeydiyyatı məsələləri, beynəlxalq əlaqələrin genişləndirilməsi, gənc sahibkarlar üçün şəraitin yaxşılaşdırılması, innovativ layihələrə dəstək və s. məqamlara ayrıntılı şəkildə toxunuldu. Gənclər, gənclər təşkilatları müzakirə olunan mövzular haqda öz fikirlərini rahat və istədikləri şəkildə bildirdilər. Bu, bir bəyanat idi. Göründüyü kimi, gənclərin səsi, gənclərin fikirləri, gənclərin ideyaları bəyanatda əksini tapır. Bu da o deməkdir ki, gənclər siyasətində həmin fikirlərə əsaslanmış işlər həyata keçiriləcək. Azərbaycan dövlətinin bu siyasəti gənclər üçün daha da geniş imkanların açılmasına yönəlib. Onların istəkləri bu yolla reallaşdırılır. Ona görə də mən bütün gəncləri təbrik etmək istəyirəm. Son iki günü gənclər üçün çox xoş, məhsuldar adlandırmaq olar.
- Müxalif gənclər belə fikirlər söyləyiblər ki, sizin də iştirakçısı olduğunuz Gənclər Forumunun gənclərə heç bir aidiyyəti yoxdur. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
- Bu fikirlə qəti şəkildə razı deyiləm. Çünki Gənclər Forumu adından da göründüyü kimi gənclərlə bağlıdır. Həmin gün Heydər Əliyev sarayına toplaşan 2000-ə yaxın şəxsdən 80 faizi, təxminən, 1600-1700 nəfəri məhz gənclər idi. Təklif edirəm ki, o sözü deyən insanlar sadəcə olaraq paylaşılan şəkillərə, yaxud mətbuata, KİV-lərə nəzər salsınlar. O zaman aydın şəkildə görəcəklər ki, aktiv fəaliyyət quran gənclər və gənclər təşkilatları orada iştirak edirdi. Demək olar ki, foruma 200-ə yaxın təşkilat qatılmışdı. Sevindirici haldır ki, tədbirdə gəncləri maraqlandıracaq bütün suallar verildi, fikirlər, təkliflər səsləndirildi, lazımi cavablar alındı. Bilirsiniz ki, cənab prezident də forum iştirakçılarına öz təbrik məktubunu yolladı. Bildirdi ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk gənclər forumu ölkə həyatında dərin izlər buraxıb. Həmin siyasət bu gün də uğurla davam etdirilir. Cəmiyyətin əsas simalarından olan gənclər üçün çox sahələrdə yaxşı şərait yaradılır. Ona görə də müxalifət gənclərinə demək istəyirəm ki, belə sözlər söyləməmişdən öncə faktlara əsaslansınlar. Yaxşı olar ki, mətbuatda gedən informasiyaları diqqətlə oxusunlar və özləri üçün nəticə çıxarsınlar.
- Sizcə, gənclər dövlətçiliyin qorunmasında nə dərəcədə yaxından iştirak edə bilirlər?
- Hər zaman demişəm, indi də deyirəm, gənclər flaqmandır. Gənclər cəmiyyətin ən aktiv təbəqəsidir. Hesab edirəm ki, dövlətçiliyin qorunması daha çox dövlətin öz üzərinə düşən böyük bir missiyadır. Amma bu istiqamətdə görülən işlərdə gənclərin də böyük rolu var. Bu, daha çox onların milli, mənəvi dəyərlərə sahib çıxması, azərbaycançılıq, dövlətçilik ideyalarını yaşatması, hər şeydən öncə öz ölkəsini sevməsi ilə bağlıdır. Düşünürəm ki, Azərbaycanı xaricdə layiqincə təmsil etmək istəyi, sevgisi, ölkəmizin adını yüksəklərə qaldırmaq arzusu, ümumiyyətlə bu istiqamətdə olan fəaliyyətlərin hamısı dövlətçiliyin möhkəmlənməsinə xidmətdir. Bundan başqa, hər bir gənc düşünməlidir ki, Azərbaycana fayda vermək üçün öz işində yetərincə peşəkar və kifayət qədər intellekt sahibi olmalıdır. Yalnız bu halda, onun hər hansı addımı cəmiyyətə töhfə verəcək. Xüsusən, ictimai fəallar, gənclər təşkilatları gördükləri işlərdə daha məsuliyyətli və diqqətli olmalıdırlar. Çünki onlar bizi xaricdə daha çox təmsil edirlər. Belə şəxslər bir növ, qeyri-formal səfirdirlər. Yalnız Azərbaycan adına fayda verəcək işlərlə məşğul olmaq lazımdır. Bu cür fəaliyyət quran gənclər öz dövlətçilikləri üçün əhəmiyyətli şəxslərə çevriləcəklər.
- 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı haqqında nə deyə bilərsiniz?
- Mən özüm bu proqramın hazırlanmasında iştirak edən işçi qrupunun üzvü olmuşam. Əminliklə deyə bilərəm ki, 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı ölkədə reallaşdırılan ən uğurlu layihələrdən biridir. 2011-ci ildə gənclər tərəfindən gələn təşəbbüslər ümumiləşdirilərək bu proqramda öz əksini tapdı. Səhv etmirəmsə, həmin vaxt 2000-ə yaxın təklif qeydə alınmışdı. Bu qədər fikir ümumiləşdirilərək müddəalar şəklində proqrama salındı. Məncə, hamı təsdiqləyə bilər ki, haqqında danışdığımız layihə özəlliyi və məhsuldarlığı ilə seçilir. Bildiyiniz kimi, bu proqram çərçivəsində Prezident yanında Gənclər Fondu təsis olundu. Eyni zamanda, gənclər təşkilatlarımızın beynəlxalq layihələrdə iştirakına böyük dəstək verildi. Düşünürəm ki, Gənclər Fondunun yaradılması bu proqram çərçivəsində ən çox danışılan mövzu oldu. Çünki fond yüzlərcə gənci öz ətrafında birləşdirə bildi və onun vasitəsilə gənclər öz ideyalarını reallaşdırdılar. Ona görə də 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramının çox yaddaqalan və məhsuldar olduğunu deyirəm. Hesab edirəm ki, gələcəkdə, yəni bu proqram yekunlaşdıqdan sonra qəbul olunacaq bütün layihələr daha yüksək səviyyədə olacaq. Bir gənc kimi, cavan nəslin kənarda qalmasını istəmirəm və ümid edirəm ki, gələcəkdə də bütün layihələrin mərkəzində gənclər olacaq. Gənc nəsil də başa düşməlidir ki, dövlətimizin gənclər siyasətinin əsas hədəf qrupu məhz onlardır. Bu durumdan yaxşı mənada istifadə etmək, faydalanmaq lazımdır. Belə vəziyyətdən yararlanmaqla həm öz gələcəklərini qura, həm də dövlətçiliyimizə xeyir verə bilərlər. İstənilən fəaliyyət yönünü tutan şəxs azərbaycançılıq ideyalarını unutmamalı, bu yolda bacardığını etməlidir. Çünki unutmaq olmaz ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində onların da payı olmalıdır. Qeyd edim ki, bu gün Avropa məkanına daha çox azərbaycanlı gənc səyahət edir, xarici təcrübə ilə tanış olur. Cavanlar oraya müxtəlif proqramlarla yollanıb təhsil də alırlar. Bu baxımdan, Azərbaycanın düzgün təqdimatı önəmli məsələdir. Azərbaycanla bağlı yanlış fikirlərin deyil, doğru məlumatların çatdırılması əsasən gənclərin üzərinə düşür.
- Təbii ki, 4 il ərzində bütün problemlərin həll olunması mümkün deyil. Sizcə, növbəti illərdə daha hansı işlər görülməlidir?
- Əlbəttə, heç bir proqram unikal deyil. Bütün proqramların yerinə yetirilən və yetirilməyən tərəfləri olur. Sadəcə olaraq, 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı əsas hədəfinə ona görə çatmış hesab olunur ki, qarşıya qoyulan əsas məqsədlərin çoxu reallaşdı. Hazırda Gənclər Fondundan yararlanan gənclərin sayı da bunu göstərir. Vurğulayım ki, növbəti proqramda gənc sahibkarlar üçün şəraitin daha da yaxşılaşdırılması, innovativ layihələrə dəstək nəzərdə tutulub. İnnovativ layihələr dedikdə, ixtiraçılığı ön plana çəkmək istəyirəm. Bilirsiniz ki, dünyada ixtiraçılıq, beyin mərkəzlərinin sayı gündən-günə artır və bu da qeyri-neft sahəsinin inkişafına gətirib çıxarır. Ona görə də istərdim ki, növbəti illərdə İKT sahəsində ivvonativ layihələr reallaşdırılsın. Biz, AGAT olaraq, gələn il üçün öz fikirlərimizi, ideyalarımızı formalaşdırıb təqdim edəcəyik.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər