• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

“Dövlətin gənclər siyasəti birbaşa prezidentin diqqətindədir”

19.12.14 10:49 1526
“Dövlətin gənclər siyasəti birbaşa prezidentin diqqətindədir”
“Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”. Bu sözləri ölkə başçısı İlham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında iştirakı zamanı deyib. Bildirib ki, hər bir gənc azərbaycanlı olması ilə fəxr etməlidir və dövlətçiliyin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməməlidir.
Prezidentin bu fikirləri gənclər tərəfindən də rəğbətlə qarşılanıb. Onlar hesab edirlər ki, həqiqətən də, dövlətçiliyin keşiyində durmaq hər bir ölkə gəncinin borcudur və hər kəs xarici dairələrlə münasibət qurarkən diqqətli olmalıdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında qeyd etdi ki, prezidentin mütəmadi şəkildə gənclərlə görüşməsi təqdirəlayiqdir: “Prezident Sabirabadda ASAN Könüllülərinin forumuna qatılmaqla gənclər siyasətinin dövlət üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırdı. Bu o deməkdir ki, dövlətin gənclər siyasəti birbaşa prezidentin diqqətindədir və bu siyasət onun üçün prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bir məqamı, müşahidəmi xüsusi qeyd etmək istəyirəm. İndiyə qədər izlədiyim xəbərlərdən, araşdırmalardan hələ yadıma gəlmir ki, digər ölkələrin prezidentlərindən kimsə bizim ölkə başçısı qədər gənclərə diqqət ayırsın. İl ərzində mütəmadi olaraq öz ölkəsinin gəncləri ilə görüşsün, onlarla bu qədər yaxından təmas qursun və onlara bu qədər qayğı göstərsin. Məlumdur ki, prezident forumda çıxışı zamanı bir çox məsələlərdən danışdı. Amma bu dəfə də vurğuladığı əsas məqam yenə də gənclər oldu. O, gənclərə mesaj verərək dövlətçilik maraqlarının hər şeydən üstün olduğunu xatırlatdı”. Ş.İsmayılovun fikrincə, hamı üzərinə düşən öhdəlikləri anlamalı və lazımınca yerinə yetirməlidir: “Ölkə gəncliyi nə qədər sağlam olarsa, dövlət ətrafında sıx birləşərsə, dövlətin gələcəyi də o qədər sağlam və etibarlı olar. Ölkəmizin uğurlarını görməyənlərin nəzərinə çatdırım ki, Azərbaycan cənab prezidentin uğurlu siyasəti nəticəsində elə yerə çatıb ki, bizə yalnız onunla fəxr etmək, qürurla danışmaq qalır. Bu gün biz rahatlıqla güclü iqtisadiyyatımızdan, müasir şəhərlərimizdən, inkişaf edən dövlətimizdən, istənilən sahədə görülən işlərdən və yeniliklərdən danışa bilirik. Sadaladıqlarımın hamısı biz gənclərin qürur mənbəyidir. Bilirsiniz ki, gələn il ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bakı Avropanın olimpiya mərkəzinə çevriləcək. Hesab edirəm ki, bütün görülən işlərdə yaxından iştirak etməliyik”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da ölkədə oturuşmuş uğurlu siyasətin olduğunu bildirdi: “İlk olaraq, forum haqda fikirlərimi bölüşüm. Düşünürəm ki, Azərbaycanda formalaşmış könüllülük siyasəti var. Ölkədə könüllülük siyasəti cənab prezident tərəfindən yürüdülən gənclər siyasəti çərçivəsindədir və bütün dünyaya təcrübə ola biləcək səviyyədədir. Ölkə başçısının da qeyd etdiyi kimi, könüllülük institutunun formalaşması birbaşa Azərbaycanın inkişafına dəstək göstərir. Könüllülük nəcib işdir, böyük anlayışdır. Çox yaxşı bir haldır ki, ölkəmizdə könüllülük haqqında qanunvericilik də var. Bütün könüllülər bu qanunvericilik vasitəsilə öz hüquq və vəzifələri haqda məlumatlar ala bilirlər. Təsadüfi deyil ki, prezidentin gənclər siyasəti çərçivəsində ən çox üstünlük verdiyi istiqamətlərdən biri də mütəmadi olaraq könüllülərlə görüşməsi, onlarla birbaşa ünsiyyətdə olmasıdır. Biz gənclər olduğumuz yerdən, tutduğumuz mövqedən asılı olmayaraq, istənilən zaman könüllü olmağa hazır olmalıyıq. Azərbaycanı beynəlxalq arenalarda, Avropa institutlarında və digər yerlərdə lazımi səviyyədə təmsil etməli, maraqlarını qorumalıyıq. Təbii ki, bu cür mövzulardan danışarkən ilk olaraq ağıla Ermənistanın Azərbaycana təcavüzü gəlir. Biz Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, daha geniş arenada tanıdılmasına çalışmalıyıq. Həmçinin Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində aktiv olmalıyıq”.
Müsahibimiz onu da vurğuladı ki, ölkəsi üçün faydalı olmaq istəyən gənclər dövlət siyasətinə yaxından bələd olmalı, kənar qüvvələrin təsiri altına düşməməlidirlər: “Bilirsiniz ki, prezident çıxışı zamanı xüsusi olaraq gənclərə səsləndi. Hesab edirəm ki, gənclər bu mesajlardan özləri üçün nəticə çıxarmalı, atdıqları addımları dəfələrlə götür-qoy etməlidirlər. Çünki kimlərinsə müəyyən məqamlarda bilərəkdən və ya bilmədən ölkə maraqlarına zidd hallara yol verdiyinin, dövlətçilik əleyhinə hərəkətlər etdiyinin şahidi olmuşuq. Belə mənfi məqamların yenidən yaşanmaması üçün yüz ölçüb bir biçməli, xarici dairələrlə münasibətlərdə ehtiyatlı olmalıyıq. Cənab prezidentin ətrafında yumruq kimi birləşərək yalnız ölkə üçün faydalı olacaq işlər görməliyik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər