Dövlətin dəstəyi medianın müstəqilliyini möhkəmləndirir
XX əsrin
sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən bir müddət
sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın
inkişafında da əsaslı dönüş yaranıb. Xüsusən də 1993-cü ildə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş
cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edib.
Ulu öndər ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o
cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin (KİV)
fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması,
redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirib. Beləliklə, mətbuatın kəmiyyət və keyfiyyət
göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Azərbaycan milli jurnalistikası
həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan
Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılmasından sonra ölkəmizdə mətbuat daha sürətlə inkişaf etməyə
başlayıb. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin
sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması
istiqamətində də mühüm işlər görülüb.
Hazırda
Azərbaycanda 5 mindən artıq KİV, o cümlədən yüzlərlə qəzet, jurnal, çoxsaylı
televiziya və radio kanalları, onlarla mətbuat yayımı şirkəti və jurnalist
təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya
resurslarının yaranmasına da səbəb olub, yeni-yeni xəbər portalları, onlayn
media qurumları həyata vəsiqə alıb. Ölkə əhalisi arasında internet yayımı 80
faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan çoxdur. Bütün
bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun
Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyinin, xüsusən də
dövlət başçısının mediaya diqqətlə yanaşdığının, onun azad sözə, azad fikrə
geniş imkanlar yaradılmasının tərəfdarı olduğunun göstəricisidir. Lakin
əfsuslar olsun ki, bəziləri dövlətin mediaya dəstəyini, ölkə başçısının bu
sahəyə həssas yanaşmasını doğru-düzgün qəbul etmir, bunu medianın fəaliyyətinin
çərçivəyə salınması, müstəqilliyinin azaldılması kimi anlayırlar. Halbuki,
Prezident İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün nəzərdə
tutulan yaşayış binasının açılış mərasimində çıxış edərək, Azərbaycan
jurnalistikasının inkişaf etdiyini, cəmiyyətdə çox müsbət rol oynadığını
vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat
edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır.
Prezident İlham
Əliyev bildirib ki, jurnalistlər cəmiyyəti incidən, narahat edən problemləri
üzə çıxarırlar. O, deyib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı
məlumatı mətbuatdan əldə edir. Dövlət başçısı bu mənada jurnalistləri özünün
köməkçisi adlandırıb: "Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif
məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm
də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları
narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal
reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən
şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki,
onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri
də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm
ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında
yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ
reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu
məsələlərə cəlb edəcəksiniz”.
Dövlət başçısı
İlham Əliyevin söylədiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan dövlətinin,
Prezidentinin mediaya dəstək verməsinin mahiyyətində mətbuatın fəaliyyətini
çərçivəyə salmaq, onun müstəqilliyini əlindən almaq deyil, müstəqil medianın
daha da inkişafına təkan vermək dayanır. Jurnalist
Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu mövzuya dair "Kaspi”yə
açıqlamasında bildirib ki, dövlətin vətəndaşına qayğı göstərməsi onun
funksiyasıdır. O, vaxtilə qəzetlərin maddi baxımdan ağır təhlükə altında
olmasını xatırladıb. Deyib ki, ulu öndər Heydər Əliyevin mətbuata qayğı
siyasətini Prezident İlham Əliyev daha da şaxələndirib: "Yazılı media
orqanlarına onların təqdim etdikləri layihələr çərçivəsində maliyyə dəstəyi
göstərilir. Bu redaksiyalarda onlarla azərbaycanlı çalışır, dövlətin maliyyə
dəstəyi onların iş yerlərində davamlı əmək haqqı almalarına səbəb olur. Bununla
yanaşı, artıq 410 jurnalist mənzillə təmin olunub. Hansı ki, bu jurnalistlər
əmək haqqı ilə heç vaxt ev sahibi ola bilməzdilər. Bütün bu dəstəyin, qayğının
müqabilində hələ elə bir KİV orqanı yoxdur ki, sifariş aldığını desin. Elə bir
jurnalist yoxdur ki, ona hansısa məsələ ilə bağlı diktə edildiyini bildirsin.
Əksinə, ikinci binanın açılış mərasimində Prezident İlham Əliyev jurnalistləri
neqativ hadisələrin üstünə getməyə, onları yazıb işıqlandırmağa çağırdı. Bu gün
iqtidaryönlü qəzetlərin səhifələrini açıb tənqidi yazılara rast gələ
bilərsiniz. Dövlətin mətbuata qayğısı nə müstəqilliyə, nə də jurnalistin
sərbəst düşüncəsinə az da olsa mənfi təsir etmədi. Monitorinq aparsaq, görərik
ki, neçə-neçə məmur məhz dövlətdən dəstək alan mətbuat orqanlarının yazdıqları
əsasında vəzifələrini itirdilər, onlar arasında məsuliyyətə cəlb olunanlar da
oldu. Məhz ona görə Prezident jurnalistlərə üzünü tutub "Siz mənim
köməkçilərimsiniz” dedi. Bu şəraiti yüksək dəyərləndirmək, etimada görə dövlət
başçısına minnətdarlıq edərək, peşəkar fəaliyyət çərçivəsində dövlətçiliyi
qorumaqla yolumuza davam etməli, jurnalistikanın qədim ənənəsinə - obyektivlik
və dövlətə qayğı fəlsəfəsindən yaranan ənənəyə xələl gətirməməliyik”.
"Region Plus” jurnalının baş redaktoru Namiq Mailov Azərbaycanda
jurnalistlərə dövlət tərəfindən mənzillərin verilməsinin dünyada ilk belə
təcrübə olmasına diqqət çəkib. Bildirib ki, bununla Azərbaycan dövləti
mətbuata, jurnalistlərə dəstəyini ifadə edir: "Bilirsiniz ki, bizdə dövlət
həmçinin media orqanlarına maliyyə dəstəyi göstərir və onların arasında ən
müxtəlif yönümlü, ən fərqli baxışları olan media qurumları var. Eyni yanaşma
mənzillərin paylanması zamanı da tətbiq olunur. Buna əmin olmaq üçün jurnalist
binalarında mənzil alan həmkarlarımızın siyahısını xatırlamaq bəs edir. Yəni
burada hər hansı bir çərçivədən və ya azad sözün məhdudlaşdırılmasından söhbət
gedə bilməz. Ümumiyyətlə, ölkədə minlərlə jurnalistin, mətbu orqanın olduğu,
sosial şəbəkələrin, internetin güclü inkişaf etdiyi bir şəraitdə cəmi 400-500
nəfər jurnalistin mənzillə təmin olunması ilə mətbuatın çərçivəyə salınmasını
düşünmək məntiqdən də kənar olardı. İlk mənzillərin verilməsimdən ötən müddət
göstərdi ki, dövləti tənqid edən də, təqdir edən də yenə öz mövqeyində, öz
işindədir. Elə ölkə başçısının bizdən istədiyi də odur. Yadımdadır, 2013-cü
ildə mənim də mənzil aldığım ilk binanın açılışında prezident İlham Əliyevin
bizə yeganə çağırışı o oldu ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış
edək. Bu il o, eyni çağırışı yenidən etdi. Bu isə hər bir azərbaycanlının
mənəvi borcudur”.
Rufik İSMAYILOV