• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

Dövlətimiz koronavirusla mübarizədə üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir

07.04.20 15:52 423
Dövlətimiz koronavirusla mübarizədə üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir
Hazırkı xüsusi karantin rejimində ən çox səsləndirilən fikirlərdən biri də ciddi tədbirlərə rəğmən, artım dinamikasının niyə yüksək olmasıdır. Bu, əslində normal prosesdir və pandemiya dövrü keçən bütün ölkələrə aiddir. Çünki yeni vaxtlarda koronavirus haqda heç təsəvvür belə yox idi, onun mahiyyəti belə anlaşılmırdı. Üstəlik, virus belə geniş yayılmamışdı, karantinə alınanlar, potensial xəstələr mövcud deyildi, testlər ölkəyə yeni gətirilmişdi, o da az miqdarda. Gün ərzində cəmi 200-300 test edilirdi. İndi isə xəstəliyin miqyası genişlənib. İnsanlar artıq bu xəstəlik barədə məlumatlıdırlar.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
Deputat bildirib ki, hazırda insanlar çox diqqətli və ehtiyatlıdırlar, ən kiçik şübhə yarandıqda həkim çağırırlar. Sutka ərzində çox sayda insan testdən keçir. Karantində qalan insanların sayı ən azı 10 dəfə çoxalıb. "Təbii ki, bu gedişlə dinamikanın artması gözləniləndir. Lakin əsas məsələlərdən biri budur ki, hazırda Azərbaycan koronavirusla mübarizədə öz resurslarından istifadə edir. Bütün klinikalar, tibb müəssisələri operativ şəkildə laborator vasitələrlə təmin edilib. Ağciyər ventilyasiyasını təmin edən süni tənəffüs aparatlarının sayı yetərincədir. Tibbi heyəti iş başındadır. Yəni, dövlət öz üzərinə düşən vəzifəni maksimum və artıqlaması ilə yerinə yetirir”, – deyə E.Musayev vurğulayıb.
Onun sözlərinə görə, vətəndaşlar da fərdi məsuliyyət baxımından öz üzərilərinə düşən vəzifəni yerinə yetirsələr, koronavirusa çox tezliklə qalib gələ biləcəyimiz şübhəsizdir. Koronavirusla mübarizə prosesində vətəndaş dövlətə kömək etməli, hər kəs bir amal uğrunda səfərbər olmalıdır. Koronavirusun ən mənfi tərəflərindən biri onun inkubasiya dövrüdür. Çünki normal qriplərdə bu müddət 4-7 gün çəkirsə, məlum virusda proses 28 günədək uzana bilir. Bu isə xəstəliyin təyin edilməsində və yoluxmuş insanın kontaktda olduğu mühiti, miqyası müəyyən etməkdə çox ciddi problemlər yaradır.
Xəstəliyin hüdudunu müəyyənləşdirməyin çox çətin olduğunu diqqətə çatdıran deputat deyib: "Təsəvvür edin, həkimlər, mütəxəssislər 28 gün normal həyat tərzi keçirən və sonra anidən virus simptomları ilə baş-başa qalan insanın bütün ətrafını müəyyən etməlidir. Bu, mümkündürmü? Mümkündür. Lakin məhdud çərçivədə. Çünki adam bazara gedir, marketə gedir, liftə minir. Miqyas abstraktdır. Ona görə xəstəliyin hüdudunu müəyyənləşdirmək, onu nəzarətə almaq, lokalizə etmək də olduqca çətindir. Hazırda test cavabı pozitiv çıxanların əksəriyyəti karantində qalanlardır. Bu insanlar potensial daşıyıcı qorxusu ilə karantinə alıblar. Bu isə o deməkdir ki, karantinə götürmə mexanizmi düzgün işləyir. Yəni, proses düzgün idarə olunur. Üstəlik, nəzərinizə çatdırım ki, inkişaf etmiş ölkələrin əksəriyyətində xaricdən qayıdan vətəndaşlar karantinə alınmır. Buna heç resursları, imkanları da yoxdur”.
Elşən Musayev vurğulayıb ki, digər ölkələrlə müqayisədə Azərbaycan dövləti hətta qeyri-tibb müəssisələrini də bu işə səfərbər edərək, mümkün olmayanı gerçəkləşdirib. Dövlətimiz öz vətəndaşını qorumaq üçün hər addımı atıb. Deputat məhz belə ciddi tədbirlər sayəsində vəziyyətin sabit saxlanılmasının mümkünlüyünü qeyd edib. Bildirib ki, bunlar olmasaydı, nələrin baş verəcəyini düşünmək belə çətindir. "Xüsusilə vurğulayıram ki, Azərbaycan dövləti və hökuməti digərlərinin etmədiyini və yaxud edə bilmədiyini edir. Büdcədən yetərincə maliyyə vəsaiti ayrılıb. Vəziyyətə hər an nəzarət olunur, nəticələr açıqlanır. Bütün xəstələr, karantində olanlar dövlətin himayəsindədirlər. Hər şey ona hesablanıb ki, itki az olsun, bu qorxunc dövrü minimum zərər və ziyanla adlaya bilək”, - deyə deputat əlavə edib.
Elşən Musayev bildirib ki, müdrik Azərbaycan xalqı bu bəlanın da öhdəsindən mütləq gələcək. Bu mübarizədə dövlətimizə və xalqımıza milli adət-ənənələrimiz, dəyərlərimiz, həmrəyliyimiz və birliyimiz yardım edəcək.
banner

Oxşar Xəbərlər