AZE | RUS | ENG |

“Dövlətə qarşı müxalifətdə olmaq yolverilməzdir”

“Dövlətə qarşı müxalifətdə olmaq yolverilməzdir”
Raqif Abbasov: “Dövləti, müstəqilliyimizi qurban verib hakimiyyətə gəlmək istəyən insan sağlam təfəkkürə malik ola bilməz”


Azərbaycan dövlətinin gənclər siyasəti, gənclərin sosial problemlərinin həlli, seçki öncəsi gənc seçicilərlə görüşlərin keçirilməsi, paytaxt idmanının səviyyəsi, müxalif düşüncəli gəncliyin hadisələrə yanaşma tərzi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov cavablandırır.

- Azərbaycan dövlətinin gənclər siyasətini necə xarakterizə edərdiniz?

- Azərbaycanda dövlət gənclər siyasəti təsdiqlənmiş normativ hüquqi aktlara söykənir. Gənclər siyasəti ilə bağlı olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ictimai müzakirəyə çıxarılmış bir sənəddir. Siyasi düşüncəsindən, dini-irqi mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərinin təklifləri cəmləşdirilərək, müvafiq beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bunlar sözügedən proqramda əks olunub. Ailə institutu, genefondun qorunması, hərbi vətənpərvərlik sahəsi, elmi tədqiqat, ixtiralar, beynəlxalq tədbirlərdə iştirak və ev sahibliyi etmək hüququ, gənclər təşkilatlarının tərkibinə düşmək, təşkilatlanma, ali təhsil, idman, xaricdə təhsil və sair məsələlər ictimai müzakirələrdən sonra iki mindən çox təklif gənclər və idman nazirliyinə, onun tərkibində fəaliyyət göstərən şuraya təqdim olunub. Təkliflər işləndikdən sonra proqram şəklinə salınıb. Bu, bir növ XXI əsrin çağırışı əsasında hazırlanıb və əhalinin mütləq əksəriyyətini təşkil edən gəncliyin rəyi nəzərə alınmaqla formalaşıb. Deməli, sözügedən proqram və bundan irəli gələn tədbirlər cəmiyyətin tələbidir. Belə olan halda, oradakı hər hansı bəndin icrası zamanı bu və ya digər sahəyə, təbəqəyə marağı olan gənc özünü həmin tədbirlər vasitəsilə tapır, fikirlərini bölüşür, təkliflərini səsləndirir. Bu isə normativ hüquqi aktın cəmiyyətin və dövlətin bağlılığından irəli gəldiyinin göstəricisidir. Digər tərəfdən, yaşı 35-ə qədər olan bu günkü müasir gənclik əhalinin 60 faizdən çoxunu təşkil edir. İctimai-siyasi proseslərdə fəallıq, kəmiyyət və keyfiyyət baxımından da üstünlük gənclərdədir. Məntiqlə görülmüş, görülən və görüləsi işlər əsasən gənclərlə bağlıdır. Birmənalı olaraq, Azərbaycanda gənclər təşkilatlanıb. Bunu bir neçə amilə söykənərək deyə bilərik. Beləki hazırda ölkədə fəaliyyət göstərən ayrı-ayrı QHT-lər, tələbə gənclər təşkilatları, ictimai birliklər və şuralar özündə müxtəlif fikir ətrafında eyni düşüncə sahibi olan gəncləri birləşdirib. Sağlam rəqabətə davamlılıq nəticəsində gələcəkdə cəmiyyətdə özlərini təsdiq etmək üçün burada meydan mövcuddur. Dövlət başçısı tərəfindən yaradılmış Azərbaycan Prezidenti yanında Gənclər Fondu həm fiziki, həm də hüquqi şəxslərin istənilən layihəsini lazımlılıq, maraqlılıq, zərurililik nəzərə alınmaqla maliyyələşdirir. Gənclər və idman nazirliyi dövlət qurumu olaraq gənclər siyasətinin icrası ilə məşğul olur. Bu, heç də bütün dövlətlərdə belə deyil. Azərbaycanda olan bütün imkanlar ona yönəlib ki, gənclik özünü tapsın. Aydın məsələdir ki, problemi olan, axtarışda olan, innovativ qüvvəni, kreativ düşüncəni özündə cəmləşdirən də məhz gənclikdir. Sadəcə hər hansı dövlət qurumunun, xüsusi proqramın mövcudluğu ilə yanaşı, gənclər özü də lazımi məkanda, lazımi məqamda özünü tapa bilməli, təqdim etməli, cəmiyyət üçün lazımlılığını sübuta yetirməlidirlər. Bunlar vəhdət şəkildə olsa qarşıya qoyulan məqsədə çatmaq daha asan olar.

-Gənclərin sosial problemlərinin həlli istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Bəşəriyyət müqayisəyə alternativ icad etmədiyi üçün hər şey müqayisə ilə ölçülür. Gənclik dövrü 70-ci illərin sonu, 80-ci illərin əvvəlinə, müstəqilliyimizin ilk dövrlərinə təsadüf edən vətəndaşlarımız mövcud quruluşun dağılıb yeni demokratik dövlətin yaranmasının şahidi olublar. O zaman onlara tanınan imkanlar, dövlətin onlara verə biləcəyi faydalar bu günkü gün gəncliyə yaradılan şəraitlə müqayisə edilə bilməz. Arada tamamilə böyük fərq var. Bu gün xaricdə təhsil üçün dövlət zəmanəti var. Dövlət özü hər hansı gənci yaxşı oxuduğuna görə seçir və xaricə göndərib orada ali təhsil almasına, mütəxəssis kimi yetişməsinə şərait yaradır. Bununla həmin gənin avtomatik olaraq məişət problemi həll olunur. Ödənişlidirsə təhsil haqqı dövlət tərəfindən ödənilir, geri qayıdanda isə müvafiq işlə təmin olunur. Eləcə də Azərbaycanda ali təhsil ocaqlarının bazasının möhkəmlənməsi, yataqxanaların əsaslı şəkildə yenidən təmiri, təqaüdlərin artırılması, qəbul imtahanında yüksək bal toplayanlara prezident təqaüdlərinin verilməsi, İpoteka Fondunun mövcudluğu, gənclərin mənzil-məişət qayğılarının aradan qaldırılması və sair gənc vətəndaşlarımıza göstərilən diqqətin əyani sübutudur. Bu, gənclərin sosial problemlərinin həlli istiqamətində görülən işlərin az bir hissəsidir. Bunlardan başqa Azərbaycanda mövcud olan çoxsaylı ixtisasartırma kursları, texniki peşə təhsilinin pulsuz olması, beynəlxalq səviyyəli tədbirlərin burada keçirilməsi, əmək yarmarkalarının fəaliyyəti, ali təhsil ocaqlarında karyera sərgilərinin təşkili, könüllülük prinsipi üçün nəzərdə tutulan bir çox məsələlərə gənclərin cəlb olunması da dolayısı yolla vətəndaşlarımızın sosial rifahına hesablanıb. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər də diqqətdən kənarda saxlanılmayıb.

-Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində 600 min gənc ilk dəfə səs verəcək. Seçki öncəsi onlarla hər hansı səviyyədə iş aparılırmı?

-Azərbaycan Konstitusiyasının, Seçki Qanunvericiliyinin imkan verdiyi və Mərkəzi Seçki Komissiyasının təqdim edəcəyi normalar çərçivəsində seçkilərə gəlişin təbliğatının aparılması hüququna malik dövlət qurumuyuq. İlk dəfə səs verəcək seçicilərlə bizim görüşlərimiz olacaq. Burada daha çox maarifləndirmə işindən söhbət gedəcək. Bu yöndə paytaxtın bütün rayonlarında tədbirlər həyata keçirməyi planlaşdırırıq. 18 yaşı yeni tamam olmuş, ilk dəfə səs verən seçicilərə izah ediləcək ki, səsvermədə iştirak etmək hər bir vətəndaşın hüququdur. Hər bir vətəndaşın səsi ölkənin gələcək taleyinin həll edilməsində mühüm rol oynayır. Demokratik və beynəlxalq hüquq normalarına uyğun şəkildə inkişaf edən dövlətimizin daha da tərəqqisinə nail olmaq üçün hər bir vətəndaş müəyyən məsuliyyət daşıdığını bilməlidir. Gənclərimiz seçmək hüququndan istifadə etməli, gələcəyə səs verməlidir. Gənclər arasında sadaladığım istiqamətdə iş aparacağıq. Bu fəaliyyət sadəcə texniki-peşə məktəblərini, ali təhsil ocaqlarını deyil, həmçinin islah əmək müəssisələrində, hərbi hissələrdə, təmas xəttində olan gəncləri, fiziki qüsuru olan vətəndaşlarımızı da əhatə edəcək. onlara öz hüquqları izah ediləcək. Ona görə ki, hər bir fərdin gücü bütövlükdə dövlətimizin gücüdür.

-Prezident seçkilərinə hakim partiya ilə yanaşı, müxalif siyasi təşkilatlar, onların təmsil olunduğu birliklər də hazırlıq görürlər. Buna misal olaraq radikal müxalifətçilərin Milli Şura yaratmasını, kinorejissor Rüstəm İbrahimbəyovun, ardınca Cəmil Həsənlinin namizədliyini irəli sürməsini göstərmək olar. Sizin müxalifət düşərgəsində olan gənclərə sözünüz nədir?

-Mən bu suala idarə rəisi kimi deyil, Yeni Azərbaycan Partiyasının bir üzvü kimi cavab vermək istəyirəm. Hər bir şəxs bilməlidir ki, o, nə istəyir, nədən razıdır, nədən narazı. Narazı tərəf adətən hansısa konseptual fikir qoymalıdır ortalığa. Yəni, bu günə kimi hansı yeni bir ideya irəli sürüldü, yeni nə deyildi ki, hazırkı günə qədər Yeni Azərbaycan Partiyasının rəhbərliyi onu deməyib? Müxalifət tərəfindən bu günə kimi deyilməyən hansı yeni istiqamət verilir? Bunlar məsələnin birinci tərəfidir. Digər tərəfdən, müxalifətdə olmaq olar. Amma dövlətə qarşı müxalifətdə olmaq yolverilməzdir. Dövləti, müstəqilliyimizi qurban verib hakimiyyətə gəlmək istəyən insan sağlam təfəkkürə malik ola bilməz. Müxalifət liderlərinin ətrafında olan çox az sayda gənc bir balaca dərindən düşünsə görəcək ki, pafos və emosionallığa, hansısa quru vədlərə aldanan gənclərin hazırda getdiyi yol həqiqətdən, reallıqdan uzaqdır. Təəssüf ki, hansısa bir dövrdə, xüsusən də gənclik illərində səhv etmək, yanlış düşünmək mümkündür. Bu ondan irəli gəlir ki, gənclik dövründə insan tam formalaşmayıb. Lakin yaş ötdükcə, insan fərqli düşünməyə başlayır. Əminəm ki, müxalifət liderləri ətrafında olan az sayda gənclik çox qısa zaman kəsiyindən sonra fərqli düşüncə tərzi ortaya qoyacaqlar. Onlar arasında xüsusi istedadlısı, hansısa sahənin mütəxəssisi də olacaq. Bunlar gəlib dövlətə, bu günkü gündə yaradılan inkişaf modelinə müraciət etdiyi təqdirdə özlərini daha tez tapacaqlar. Əslində müxalifətin olması normal haldır. Bütün dövlətlərdə bu, ola bilər. Sadəcə olaraq, müxalifət və onun platforması, onun cəmiyyətə verə biləcəyi konseptual düşüncələr hakim iqtidarın söylədiklərindən yaxşı mənada fərqli olmalıdır. Təəssüf ki, biz bunu görmürük. Ona görə də belə qüvvələr arxasınca gedən gənclik bir az dərindən düşünsə, öz valideynləri, müəllimləri ilə məsləhətləşsə hansı yolun daha düzgün olduğunu dərhal anlayacaqlar. Fakt budur ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti hazırda Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.

-Bakı şəhər Gənclər və İdman Baş İdarəsi olaraq hazırda paytaxt gənclərinin hansı idman nailiyyətlərini qeyd edə bilərsiniz?

-Bizim idarə gündəlik fəaliyyətini gənclər və idman nazirliyi və Bakı şəhər icra hakimiyyətinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq qururuq. Bu tədbirlər planına 50-dən artıq idman növü daxil edilib. Bu idman növlərinin gerçəkləşməsində statistik təhlillər aparmaq mümkündür. Bu təhlillərə nəzər salsaq görərik ki, ildən-ilə xanım idmançıların sayı, sağlam rəqabət artmaqdadır. Paytaxt birinciliyi və çempionatlarındakı idman göstəriciləri dünya təsnifatına, dünya təcrübəsinə maksimal dərəcədə yaxınlaşıb. Yəni, artıq paytaxt rekordları Avropa və dünya çempionatlarındakı o yaş qrupunun göstəricilərinə çox yaxındır. Bu onu göstərir ki, bizdəki rəqabət, maraq, cəmiyyət və klubların sayı paytaxt yarışlarında iştirakın sayını artırıb. Bundan başqa, Azərbaycan bir neçə beynəlxalq səviyyəli idman tədbirlərinə ev sahibliyi etmək hüququnu qazanıb. Buna misal olaraq, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının, 2015-ci ildə şahmat üzrə dünya kuboku yarışlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini göstərmək olar. Beynəlxalq idman tədbirlərinə ev sahibliyi hüququnun qazanılması bir neçə amilin dünya standartlarına uyğun olmasının göstəricisidir. Bura idman infrastrukturunun mövcudluğu, idman göstəriciləri, dövlət zəmanəti, cəmiyyətin istəyi və marağı, idman bazalarının olması və sair daxildir. Belə olan halda Azərbaycanda, o cümlədən paytaxtda keçirilən yarışlar test xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq, ayrı-ayrılıqda ad çəkməsəm də, ümumilikdə paytaxtda da idmanının inkişaf etdiyini, idmançıların nailiyyətlərə imza atdığını söyləmək olar.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976