Dövlətə qarşı hücum
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili verdiyi vədə əməl
edərək bazar günü qeyri-qanuni şəkildə Ukrayna ərazisinə daxil olub. O, Ukrayna-Polşa
sərhədində yerləşən "Şeqeni” beynəlxalq buraxılış məntəqəsini ora toplaşan
tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq
olub. Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş
verib. Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış
məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. M. Saakaşvili bildirib
ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib. "Bizi
süpürərək Ukraynaya apardılar”, - deyə o əlavə edib. Ukrayna rəsmiləri onun
sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının
yaralandığını bildiriblər. Ukrayna tərəfi bildirib ki, sərhəd rəsmiləri və Saakaşvilinin
dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib. Gürcüstan və sonra Ukrayna
vətəndaşlığı olan Saakaşvili hazırda vətəndaşlığı olmayan şəxsdir. Ukrayna
prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum
edib. Gürcüstanda onun barəsində cinayət işi açılıb, hərçənd o, həmin
ittihamları siyasi motivli adlandırıb. Bazar günü Saakaşvili Ukraynaya əvvəlcə
avtobusla daxil olmaq istəsə də, daha sonra Krakovets keçid məntəqəsində
provokasiya ehtimalına görə plana dəyişiklik etdiyini və qatarla getmək
istədiyini bildirib. Qatar reysi əvvəlcə geciksə də, daha sonra ümumiyyətlə
təxirə salınıb. "Qatar hərəkət etməyəcək, sərnişinlər Ukraynaya avtobuslarla
gedə bilərlər”, - deyə vağzalda elan edilib. Marşrutun dəyişdirilməsinə razılıq
verən sərnişinlərə biletin qiyməti məbləğində təzminat veriləcəyi deyilib.
Buna baxmayaraq, M.Saakaşvili məqsədinə nail ola bilib.
Ukrayna rəsmiləri məsələyə dərhal reaksiya veriblər. "Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla
keçməsi dövlətçiliyə qarşı hücumdur”. Bunu Ukraynanın baş naziri Vladimir
Qroysman "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini
zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
M.Saakaşviliyə qarşı cinayət işi də açılıb.
Bu barədə Ukrayna polisinin "Tvitter” səhifəsində
bildirilir.Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb. O
ki qaldı Poroşenkonun reaksiyasına - dövlət başçısı hələ ki, susur.
Bəs hadisələrin bundan sonrakı gedişi necə olacaq? Ukraynalı politoloqların
qənaətincə, baş verən hadisə ölkədə siyasi qüvvələr bölgüsünə təsirsiz
ötüşməyəcək və bu, növbədənkənar seçkilər keçirilməsi perspektivini
gücləndirəcək. Bir çoxları isə hətta 2003-cü il hadisələrinin təkrarlandığını
bildiriblər. O zaman Viktor Yuşşenko birdən-birə ölkədə ən populyar bir şəxsə
çevrildi. Məşhur ukraynalı jurnalist Sergey Yudenko xatırladır ki, 2003-cü ildə
heç kimim tanımadığı Viktor Yuşşeko birdən-birə milli qəhrəmana çevrildi. O xatırladıb
ki, o zaman "Bizim Ukrayna”nın liderini Donetskdə qurultay keçirməyə
qoymadılar: "Hətta onun aeroportdan çıxmasına imkan vermədilər. Donbasa iki
təyyarə uçurdu. Onların birində Yuşşenkonun komandasına daxil olan indiki
prezident Petro Poroşenko da var idi. O, Donetsk aeroportunda əlində çəkic
qapıları qırırdı. İndi isə Saakaşvilini ölkəyə buraxmır”. Ekspertlərin
qənaətincə, hazırda analoji proses baş verir. "Saakaşvilini Gürcüstanda milli
qəhrəmana çevirmək cəhdi göz önündədir”, - deyə Sergey Yudenko yazıb. Bir fakta
da diqqət yetirək ki, Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edəndə o,
Birləşmiş Ştatlarda idi. Avqustda Ukrayna sənədləri ilə Amerikanı tərk edərək
Avropaya gəldi və bir ay ərzində Ukrayna pasportu ilə bir sıra ölkələrdə səfərdə
oldu. Müşahidəçilər də diqqəti məhz bu fakta yönəldirlər. Onların sözlərinə
görə, ABŞ və Avropa İttifaqı Ukrayna prezidentinin Saakaşvilinin vətəndaşlıqdan
məhrum edilməsi barədə qərarını diqqətə belə almayıblar. Ekspertlər həm də
diqqəti ona yönəldirlər ki, keçmiş gürcü liderinin Donald Tramp komandası,
eləcə də Respublika və Demokrat Partiyasından olan siyasilərlə çox yaxşı
münasibətləri var. Bu səbəbdən də ehtimal edilir ki, Ukrayna hakimiyyət
orqanları həm Gürcüstanla, həm də amerikalılarla münasibətləri
gərginləşdirməməyə çalışacaq. Maraqlıdır ki, sabiq baş nazir Yuliya Timoşenko
da Saakaşvilini müşayiət edib. "Saakaşviliyə qarşı baş verənlər diktaturadan
başqa bir şey deyil”, - deyə o bildirib. Əksəriyyət indidən Saakakvili - Timoşenko
ittifaqından danışır. Hazırda sabiq baş nazirin partiyası reytinq cədvəllərində
və sorğularda ilk yerlərdən birində qərarlaşıb. Ekspertlər hətta hadisələrin
gələcək inkişaf ssenarisini da açıqlayıblar. Onların qənaətincə, Timoşenko
prezident, Saakaşvili isə baş nazir olacaq. Lakin bunun üçün növbədənkənar
parlament seçkiləri keçirilməli və partiyanı elə bir səslə parlament seçkiləri
keçirmək gərəkdir ki, hakim koalisiyanı formalaşdırmaq mümkün olsun. İndiyə
qədər bu hədəfə çatılması mümkünsüz idi. Lakin müşahidəçilər qeyd edirlər ki,
hakimiyyət yavaş-yavaş müxalifətə bu hədəfə çatmağa yardım edəcək. Onların
qənaətincə, Saakaşvili Ukrayna siyasətində heç vaxt oyunçu olmayıb, lakin artıq
Ukrayna siyasətçilərinin gələcəyinin asılı olduğu bir fiqura çevrilir.
Bəziləri isə bu qənaətdədir ki, Saakaşviliya qarşı duruş gətirmək çox
çətindir. Onunla hətta "qoca tülkü” ləqəbli Eduar Şevardnadze da bacarmamışdı.
Və indi Poroşenko eyni halla üzləşib. Sabiq gürcü prezidenti qarşısına çıxan
hər şeyi məhv edir, dağıdır, hakimiyyəti çalxalayır. Ən əsası, o, bu dəfə cəmiyyətə və siyasi opponentlərinə Ukrayna
hakimiyyət orqanlarının necə zəif və gücsüz olduğunu göstərmiş oldu. M.Saakaşvili
və onu dəstəkləyənlər hakimiyyəti alçatmaqla vəziyyətdən qalib çıxdılar, desək
yanılmarıq. Güc strukturları isə 40 milyonluq bir Avropa dövlətinin
sərhədlərinin pozulması faktı ilə barışdılar. Başqa sözlə desək son günlərə
qədər reytinqi sıfır olan Saakaşvili növbəti dəfə Qərbin dəstəyi ilə bu
prosesdən qalib, qəhrəman kimi çıxdı.
Azər NURİYEV