• şənbə, 20 Aprel, 03:56
  • Baku Bakı 15°C

“Dövlətçiliyimizə zərbə vurmaq istəyənlər cəzalanmalıdır”

03.05.14 08:26 1231
“Dövlətçiliyimizə zərbə vurmaq istəyənlər cəzalanmalıdır”
Son günlər mətbuatda ən çox müzakirə olunan mövzu Leyla Yunus və Arif Yunusun istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd edərkən hava limanında saxlanmasıdır. Bu mövzu və adıçəkilən şəxslərə xarici diplomatların yardım etməsi haqda ölkənin öndə gedən gənclərinin fikirlərini öyrəndik.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova qeyd etdi ki, Azərbaycanın milli maraqlarına zidd hərəkətlər edən və konkret şəkildə düşmənçilik mövqeyi tutan bir şəxsin azərbaycanlı olmağına şübhə edir: “Ölkəsini bütün dünyanın gözündən salmağa çalışan vətəndaşımızın olmasından təəssüf hissi keçirirəm. Anlaya bilmirəm ki, öz ölkəsini satmağa, düşmənlərlə əlbir olmağa onu nə vadar edir. Belə adamın “fəaliyyət”ini kütləvi şəkildə tənqid etmək lazımdır. Təşkilat sədri olaraq onun fəaliyyəti haqqında özümə də, yaxınlarıma da sual verir, hərəkətlərinin məntiqi izahını tapmağa çalışıram. Amma nə mən, nə yaxınlarım heç bir doğru-dürüst səbəb tapa bilmirik”.
G.Səfərovanın fikrincə, Leyla Yunus belə canfəşanlıq etməklə Avropanın qarşısında bir az da yazıq və siyasi məhbus görkəmi almaq istəyir: “Diplomatların ona qayğısını xüsusi qeyd etməliyəm. Düşünürəm ki, bu addımı normal hesab etmək olar. Çünki Leyla Yunus hər zaman Qərbin, Avropanın maraqlarına uyğun davranıb. Adı azərbaycanlı olan o insanın bütün davranışları anti-azərbaycançılığa hesablanıb. Yəni, bu münasibətlər qarşılıqlıdır. İndi də onlar tərəfdaşlarına yardım etmək istəyirdilər. Təəssüf ki, Qərb diplomatlarının belə davranışını ilk dəfə müşahidə etmirik. Çox arzulayardım ki, onlar Qarabağ müharibəsində əlil olmuş şəxslərə, şəhid ailələrinə baş çəksinlər, daha sonra Leyla Yunusun yanlış fikirlərini dinləsinlər. Təbii ki, bir Azərbaycan gənci kimi bu durum məni çox məyus edir”.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan da Azərbaycan dövlətinin maraqlarına zərbə olan, təhlükəsizliyimizi şübhə altına qoyan halları pislədiyini söylədi. Qeyd etdi ki, dövlətin mühüm vəzifələri olduğu kimi, hər bir vətəndaşın da xüsusi məsuliyyət daşıdığı məqamlar var: “Hər şeydən öncə vətənin təhlükəsizliyini düşünmək lazımdır. Hazırda baş verən prosesləri izlədikcə gördüklərimiz, müəyyən müstəqil dövlətlərin başına gələnlər, yaşanan inqilablar bizi daha ehtiyatlı davranmağa vadar edir. Dövlətimizi qanımızla, canımızla müdafiə etməliyik. Amma bəzi insanlar üçün belə dəyərlər mövcud deyil. Onlar heç zaman ölkə və ya millətin maraqlarını düşünməyiblər. Azərbaycanda yaşayan, onun bütün nemətlərindən faydalanan insanların bu vətənə xəyanətini gördükdə təəssüf hissi keçirirəm. Nə yaxşı ki, dövlətinə əks mövqedə dayanan satqın insanlar zamanında ifşa edilir”.
YAP-çı gənc vurğuladı ki, özlərini hüquq müdafiəçisi adlandıranlar mülkiyyət və digər hüquqları erməni işğalçıları tərəfindən kobud şəkildə pozulan, olmazın işgəncələrə məruz qalan 1 milyon qaçqın və məcburi köçkünümüzün heç birinin hüquqlarını beynəlxalq arenada müdafiə etməyiblər: “Azərbaycan xalqını, dilini aşağılamaqdan çəkinməyən Leyla Yunusun əməlləri dövlətçiliyimiz üçün təhlükədir. Onun əlaqədə olduğu xarici diplomatlar isə dövlətimizin işinə qarışmaq kimi sevdalarından əl çəkməlidirlər. Dövlətin daxili işinə qarışmaq açıq təhdid kimi qiymətləndirilə bilər”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirdi ki, Leyla Yunusun fəaliyyəti hamıya yaxşı bəllidir. O hər zaman ölkəmizin mənafelərinə zidd hərəkətlər edib, dövlətimizi gözdən salmağa çalışıb: “Belə ürəyiyanan vətəndaşdırsa, bir milyondan artıq haqqı tapdanan qaçqınımızın dərdini çəksin. Bilirsiniz ki, onların mülkiyyət hüquqları barədə Avropada məhkəmə çəkişməsi gedir. Leyla Yunus niyə onları müdafiə etmir? Guya vətəndaşlarımızın hüquqlarını müdafiə edirsə, niyə Ramil Səfərov həbs olunanda səsini çıxarmadı? O, cəbhə xəttində 9 yaşlı Fariz Bədəlovun vurulmasına da heç bir reaksiya vermədi. İndi də hər gün cəbhə bölgəsində atışmadır. Bu səbəbdən nə qədər mülki vətəndaşımız qətlə yetirilib və hüquqları pozulub. O isə yaşanan durumla bağlı heç bir fikir bildirmir. Söylənilənlər hamısı onun nə cür insan olduğunu bir daha aydınlaşdırır. O da bəllidir ki, Leyla Yunus Fransa, ABŞ və digər dövlətlərin diplomatları ilə yaxın münasibətdədir və bu yaxınlıqlar ölkəmizin əleyhinə yönəlmiş fəaliyyətdən başqa bir şey deyil”.
Müsahibimiz xatırlatdı ki, haqqında danışdığımız xanım ölkəni tərk etməyə cəhd edəndə yanında Fransa diplomatları olub. Bu isə ən çox təəssüf doğuran məqamdır: “Görmüşük ki, səfirlər, diplomatlar ölkələrinin naziri və ya digər nüfuzlu şəxslərini hava limanına qədər müşayiət edirlər. Ona görə də Leyla Yunusun onlar üçün kim olduğunu, hansı önəm daşıdığını cavablandırmaqda çətinlik çəkirəm. Göründüyü kimi, diplomatlar səlahiyyətlərini aşırlar və ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə edirlər. Bu, anlaşılan, qəbul edilən məsələ deyil. Onlar hüquqdan, qanundan danışırlarsa, nəzərə almalı idilər ki, baş prokurorluqdan Leyla Yunusa ölkədən çıxmamaq haqqında tapşırıq verilmişdi. Diplomatlar da, istənilən xarici qonaqlar da ölkə qanunlarına hörmətlə yanaşmalıdırlar. Necə ki, Azərbaycan onlara qarşı bu hörməti edir. Amma onlar neçənci dəfədir ki, hörmətsiz davranış sərgiləməkdən çəkinmirlər. Maraqlıdır ki, vətəndaşlarımız elmi konfranslarda iştirak etmək və digər səbəblərdən o ölkəyə getmək üçün bir aylıq viza alana qədər aylarla əziyyət çəkirlər. Amma bunlara iki saatın içində 5 illik viza açılır. Bilirsiniz ki, onlar ölkədən çıxmaq üçün hava limanına yollanarkən mülklərinin “kupça”larını da özlərilə götürmüşdülər. Təbii ki, bütün bunlar şübhəli məqamlardır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər