• çərşənbə axşamı, 23 aprel, 17:22
  • Baku Bakı 24°C

Dövlətçiliyə qəsd müxalifətçilik deyil

04.11.13 16:52 2043
Dövlətçiliyə qəsd müxalifətçilik deyil
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun Yeni Azərbaycan Partiyasının saytına müsahibəsini təqdim edirik.
- Tağı müəllim, 9 oktyabr prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin dəstəyini alaraq möhtəşəm və inamlı qələbə qazandı. Təbii ki, cənab İlham Əliyevin bu qələbəsi Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişafla, əhalinin sosial rifah halının yaxşılaşması ilə birbaşa bağlıdır. Siz qələbəyə gedən yolu necə şərh edərdiniz?

- Görünən dağa nə bələdçi. Cənab İlham Əliyevin 10 ildə gördüyü işlər insanlar arasında elə möhtəşəm əks-səda yaratmışdır ki, hər bir vətəndaş böyük əhval-ruhiyyə ilə seçki məntəqələrinə gedib səs verirdi. O da məlumdur ki, seçki prosesində 1000 məntəqədə veb-kamera quraşdırılmışdır ki, bu da seçkilərin demokratikliyinə, şəffaflığına xidmət edən addımlardan idi.Veb-kameralar vasitəsi ilə seçki fəallığını, prosesin şəffaflığını, obyektivliyini izləmək mümkün idi. Müşahidəçi olduğum 5 məntəqədə də veb-kamera quraşdırılmışdı. İlk olaraq yaşadığım ərazidə seçki məntəqəsinə gedib cənab İlham Əliyevə səs verdim. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi səhər saat 8:00-da seçki məntəqəsi seçicilərin üzünə açılanda onlarda yüksək əhval-ruhiyyənin, fəallığın, ruh yüksəkliyinin şahidi oldum.Təbii ki, bu, bir vətəndaş olaraq məni çox sevindirdi.Onu da qeyd edim ki, bütün metropoliten işçiləri səsvermə prosesində fəal iştirak edib, vətəndaşlıq borclarını yerinə yetirərək Azərbaycanın davamlı inkişafını təmin edən namizədə-cənab İlham Əliyevə səs verdilər. Bu dəstəyi cənab İlham Əliyev 10 ildə gördüyü işlərlə, hər hər bir vədini konkret əməli işdə təsdiq etməklə qazanıb. Cənab İlham Əliyevin qələbəsi şəksiz idi. Görülən işlər, əldə olunan uğurlar göz qabağındadır. Bütün siyasi kampaniyalarda olduğu kimi bu ilki prezident seçkilərində də Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlıq işlərinin yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərdi. Partiyanın hər bir rayon təşkilatı, o cümlədən də Yasamal rayon təşkilatı üzərinə düşən məsuliyyəti lazımı səviyyədə yerinə yetirməyə çalışdı. Nəticə isə uğurlu oldu. Seçki məntəqələrinin səsvermə prosesinə hazırlanmasında yaxından iştirak etdik. Bu, həm bizim partiya üzvü, həm də bir vətəndaş kimi borcumuz idi. Seçkilər bir daha göstərdi ki, ölkə əhalisi reallığa dəyər verir. Cənab İlham Əliyevin son 10 ildə uğurlu daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəltdi. Cənab İlham Əliyevin seçkilərdə 84,54 faiz səs qazanması məhz bu gerçəkliklərə verilən dəyər idi. Səsvermə prosesini izləyən xarici müşahidəçilərin rəyləri də çox ürəkaçan oldu. Mən Flippindən olan müşahidəçilərlə birgə məntəqələrdə oldum. Onların səsvermə prosesi başa çatdıqdan sonra cənab İlham Əliyevin qələbəsini böyük sevinc hissi ilə qarşılamaları, Prezidenti bu münasibətlə ürəkdən təbrik etmələri bu həqiqəti bir daha təsdiqlədi ki, demokratik prinsiplərə hörmətlə yanaşan, demokratiya yolunda inamla irəliləyən ölkəmizdə seçkilərin nəticələri mövcud ab-havanı, yüksək çhval-ruhiyyəni əks etdirir. Bu yüksək ab-havanı, inamı, etimadı yaradan isə Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyevin gördüyü işlərdir. Xarici ekspertlerin, “exit-poll” keçirən təşkilatların proqnozları da özünü doğrultdu. Ən əsası seçkilərin nəticələri ilə “exit-poll”un nəticələrinin üst-üstə düşməsi, eynilik təşkil etməsi yaradılan demokratik şəraitin, şəffaflığın göstəricilərindən biridir. Seçkiləri izləyən müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin Müşahidə Missiyalarının rəylərində bu fikir xüsusi qeyd olundu ki, 9 oktyabr prezident seçkisi Azərbaycanda demokratik islahatların təntənəsidir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı bir daha nümayiş etdirdi. Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli mövqeyini ortaya qoydu. Dünyanın ilkili siyasəti olub, olacaq da. İşğalçı Ermənistanda keçirilən biabırçı seçkiləri məqbul saydılar, ancaq Azərbaycanda demokratik, beynəlxalq standartlara uyğun seçkilərə qərəzli yanaşaraq uğurumuza kölgə salmaq istədilər. Bu isə mümkünsüzdü. Azərbaycan demokratiya yolunu seçib,bu istiqamətdə inamlı addımlar atır. 9 oktyabr prezident seçkiləri də bunun təsdiqidir. MDB Müşahidə Missiyasının rəhbəri çıxışında bu həqiqəti qeyd etdi ki, heç bir ölkədə Azərbaycandakı kimi demokratik, şəffaf, beynəlxalq standartlara uyğun seçki keçirilməyib. Amerika müşahidəçiləri bildirdilər ki, biz Azərbaycanın seçki təcrübəsini öyrənməliyik. Bu seçkilər Azərbaycan dövlətinin, xalqının nüfuzunu ortaya qoydu. Xalqımızın Prezidentə sevgisini, inamını təsdiqlədi.
- Gələcək prioritetləri müəyyənləşdirmək üçün əldə olunan uğurları təhlil etməyə daim böyük zərurət duyulur. Son 10 il Azərbaycana nə verdi?

-Cənab İlham Əliyevin son on ildə gördüyü işlərin miqyası böyükdür. Bir faktı qeyd etmək kifayətdir ki, ötən dövrdə yoxsulluğun səviyyəsi 49 faizdən 5.5 faizə enib. Bu onun təsdiqidir ki,həyata keçirilən sosial-iqtisadi islahatlar uğurludur, vətəndaş amili dövlətin siyasətinin əsasında dayanır. Son on ildə ümumi daxili məhsulun 3 dəfə artırılması böyük uğurdur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, modernləşdirilmənin, yeniləşmənin əsas xətt kimi götürülməsi uğurlara yol açan əsas amillərdir. Regional inkişaf proqramlarının uğurlu icrası ölkənin hərtərəfli inkişafını təmin etdi. Paytaxt və bölgələrin siması dəyişdi. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Əmək haqları, pensiyalar 10 dəfədən çox artıb. İnsanlara nə lazımdı? Əlbəttə ki, rahatlıq, yaxşı yaşayış, əmin-amanlıq, ölkənin inkişafı, tərəqqisi. Bunlar da günümüzün reallıqlarıdır. 2002-2003-cü illərdə Bakı Metropolitenində orta aylıq əmək haqqı 47 dollar idisə,bu gün həmin rəqəm 725 dollardır. Mən bu inkişafı hələ Bakı Metropoliteninin timsalında qeyd etdim. Ümumilikdə əmək haqqları, pensiyalar iqtisadi inkişafa, maliyyə imkanlarının artmasına uyğun olaraq artır. Bu gün orta aylıq əmək haqqı 470 dollardan çoxdur. Bu, böyük göstərici, insan amilinə verilən dəyərdir. Dövlət başçısı İlham Əliyev neft kapitalının insan kapitalına çevirməyi əsas tezis kimi irəli sürüb. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı prioritet məsələdir. Sənaye, kənd təsərrüfatı inkişaf edir. Sahibkarlığın inkişafı üçün əhəmiyyətli tədbirlər görülür. Güzəştli kreditlərin verilməsi də aparılan sosial islahatlar sırasındadır. Təbii ki, bolluq olarsa, ucuzluq da olar. Azərbaycan bu gün inkişafın ən yüksək pilləsindədir. Əminik ki, bu yüksəliş davamlı olacaq. Azərbaycan xalqının yaşayış səviyyəsi ən inkişaf etmiş ölkələrin, xalqların yaşayış səviyyəsinə uyğun olacaq. Qarşıdakı 10 il üçün əsas hədəflərdən biri Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha 2 dəfə artırmaqdır. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyi ələ alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. 1991-ci ildə «olumla ölüm» dilemması qarşısında qalan Azərbaycan bu gün biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirib. 22 illik müstəqillik tarixinə malik olan ölkəmizin zaman baxımından qısa bir dövrdə qazandığı uğurların miqyası böyükdür. Azərbaycanın dünya üçün önəmi günbəgün artır. Uğurlu siyasəti ilə dünyanın 200 ölkəsi arasında özünə layiqli yer tutan Azərbaycanın gələcəyinə inam böyükdür. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.Azərbaycan bu gün eyni zamanda idman ölkəsi kimi tanınır. Azərbaycan «Eurovision»” mahnı yarışmasına ev sahibliyi etdi.
Uğurlarımızı sadalamaqla bitməz. Azərbaycan kosmik klubun üzvüdür. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. İqtisadi tərəqqi uğurlarımızın davamlılığına yol açır. Bu gerçəkliklərin içərisində olan xalqımızın cənab İlham Əliyevə, onun siyasətinə inamı böyükdür.Azərbaycan xalqı öz əqidəsini, mövqeyini ortaya qoyub İlham Əliyevə səs verməklə özünün, övladlarının gələcək rifahını, təhsilini yaxşılaşdırdı.Gənclərin xarici ölkələrdə təhsilini təmin etmək üçün Dövlət Proqramı təsdiqlənib və uğurla icra olunur. Hazırda minlərlə tələbə xaricdə təhsil alır. O da bəllidir ki, təhsilə yatırılan investisiya gələcək üçün stimuldir. Bunlar cənab İlham Əliyevin Azərbaycanı inkişaf etmiş dövlətlər sırasında görmək istəyinin gerçəkləşməsinə yönələn addımlardır. Seçkidən sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının qələbə münasibətilə H. Cavid adına bağda keçirdiyi möhtəşəm tədbirdə həvəslə iştirak edən insanlar sevinclərini bölüşdülər. Yığıncağın iştirakçısı, KİV nümayəndəsi mənə belə bir sual verdi: «Seçkilər bizə nə verdi?» Hər halda bu sualı ünvanlayan jurnalist seçkilərin bizə nə verdiyini çox yaxşı bilir. Seçkilər bizə gələcəyimizin daha da yaxşılaşdırılması qarantını verdi. Bu seçki uşaqlarımızın gələcəkdə yaxşı yaşamasına təminatı gücləndirdi. Bu seçki xalqımızın rifah halının daha da yaxşılaşdırılması demək idi. Bu seçki xalqımızın öz liderinə sevgisini, inamını nümayiş etdirdi. Biz artıq qarşıdakı 5 illiyin seçkilərinə hazırlaşmalıyıq. Qarşıdakı 5 ildə Azərbaycanı böyük uğurlar gözləyir.Xalqımız növbəti seçkilərdə də seçki məntəqələrinə böyük ruh yüksəkliyi ilə gələcək, yenə də ölkə əhalisinin dəstəklədiyi bu siyasətə etimad göstərəcək. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq səviyyədə qeyd olunur. Ulu öndər Heydər Əliyevin 10 ildə gördüyü işlər 50 ildə görülən işlərə bərabər idi. Cənab İlham Əliyevin 10 ildə gördüyü işlər 50-100 ildə görülən işlərə bərabərdir.Bu reallıqları xalqımız yüksək dəyərləndirir.
- Uğurlarımızın daxili bədxahlarımız tərəfindən inkarını, qarayaxmalarını necə şərh edərdiniz?

- Ölkəmizin uğurlarını müxalifət də görür. Amma bunu etiraf edə bilmədiyi üçün nəsə deməyə çalışır. Demokratik cəmiyyətdə müxalifət olmalıdır. Təbii ki,söhbət sağlam müxalifətdən gedir. Müxalifət dövlətçiliyə qəsd, Dağlıq Qarabağ məsələsində neqativ hallara yönəlirsə bu müxalifətçilik deyil. Müxalifət sağlam mübarizə aparmalıdır. Müxalifətin yoxluğu 9 oktyabr prezident seçkilərində xalqın «Milli Şura»”nın namizədinə münasibətindən aydın göründü. Müxaliflər xaricdən aldıqları maddi dəstəklə 1-2 nəfəri ətraflarına toplamaqla düşünürlər ki, sosial bazaları var. Amma bu,onların fərziyyələridir. Müxalifətin «varlığı» «qara piar» və qarayaxmadan başqa bir şey deyil.
- Tağı müəllim, yaxın zamanlarda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi qeyd olunacaq. 21 ildə keçilən yol gələcəyə hansı baxışı formalaşdırır?

- Yeni Azərbaycan Partiyası 21 ildə böyük inkişaf yolu keçib. Sovet dönəmində, tək partiyalılıq sistemində Kommunist Partiyasının 70 ildə 370 min üzvü var idi. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının 21 ildə 600 mindən artıq üzvü var. Hansı ki, 52 partiya qeydiyyatdan keçib. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dünənin,bu günün və gələcəyin partiyasıdır.YAP yaranmasından çox qısa vaxt keçdikdən sonra iqtidar partiyasına çevrildi. Həmin dövrdə ölkənin düşdüyü ağır durum xalqı öz xilaskarını axtarmaq üçün ayağa qaldırdı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Ümummilli liderin bu qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin idarəçilik və təşkilatçılıq qabilliyətinin yüksək səviyyədə olması uğurlarımıza stimul verdi. Bu günümüzdən həmin dövrə nəzər yetirəndə partiyanın yarandığı vaxtda vəziyyətin nə qədər ağır olduğunu daha dərindən dərk edirik. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranıb. Qısa zamanda yeritdiyi siyasətlə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının sıraları günbəgün genişləndi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafında yeni mərhələyə qədəm qoyan YAP bu gün yalnız ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır. Heydər Əliyev xalqına arxalanaraq düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Mart, oktyabr çevrilişi cəhdlərinin qarşısını böyük qətiyyətlə alan ulu öndər Heydər Əliyev dövlətçiliyimizi möhkəmləndirdi, müstəqilliyimizin əbədi və dönməzliyini təmin etdi. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ölüm hökmünün ləğvi də bu məqsədə xidmət edirdi.
Yeni Azərbaycan Partiyası sağlam düşüncəli insanların partiyasıdır. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyev isə əvəzedilməz şəxsiyyətdir. Ona görə də bunları nəzərə almaqla tam əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası əvəzolunmaz partiyadır. Bu partiya daha da inkişaf edəcək, yüksələcək, irəli gedəcək. Çünki partiyanın ətrafında birləşən insanlar üzvü olduqları təşkilatlarını qoruyacaq, nüfuzunu artıracaq. Çünki partiyanın əqidəsinə sadiq , qətiyyətli Prezident İlham Əliyev kimi sədri var. YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun Baş nazirin müavini vəzifəsinə təyin edilməsi partiyanın nüfuzunun göstəricisidir.Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi ilə nüfuzunu günbəgün möhkəmləndirir.YAP qələbələr partiyasıdır. Ölkədə keçirilən bütün seçki proseslərində qələbə qazanması əhalinin bu partiyanın həyata keçirdiyi siyasətə dəstəyi, gələcəyinə inamdır. 9 oktyabr prezident seçkiləri bir daha bu reallığı təsdiqlədi. YAP 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı,bu inkişafa,tərəqqiyə böyük töhfələr verib. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır, sıraları genişlənir. 21 ildə partiyanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar gələcəyə daha inamla baxmağa əsas verir.
banner

Oxşar Xəbərlər