• şənbə, 20 Aprel, 07:54
  • Baku Bakı 14°C

“Dövlətçilik və millətçilik maraqları hamını birləşdirməlidir”

13.04.18 18:08 899
“Dövlətçilik və millətçilik maraqları hamını birləşdirməlidir”
Aprelin 13-də Beynəlxalq Mətbuat Mərkəzində professor Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, media rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan millət vəkili, professor Musa Qasımlı qonaqlara kitab haqqında ətraflı məlumat verərək bildirdi ki, ölkədən kənarda yaşayan azərbaycanlıların ən böyük mənafeyi dövlətin maraqları olmalıdır: "Aygün Attar böyük tarixçi alim, professordur. Onun bu gün sizlərə təqdim etdiyimiz kitabı Türkiyədə nəşr edilib. Aygün xanım neçə illərdir ki, Türkiyədə fəaliyyət göstərir. Aygün Attar deyəndə gözümüzün önündə ilk növbədə qeyrətli Azərbaycan qadını canlanır. O harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, daima Azərbaycanın maraqlarını müdafiə edib. Bu mənada A.Attar həm də mübarizədən çəkinməyən tarixçidir, eyni zamanda, qətiyyətli siyasi mübarizlik simvoludur. Aygün xanımın fəaliyyəti onu göstərir ki, xaricdə Azərbaycan haqqında mənfi söz deyilirsə, dərhal cavabı verilməlidir. Bu mənada o, bir nümunə ortaya qoyub. İnsanlar fərqli düşünə bilərlər, amma dövlətçilik və millətçilik maraqları zamanı qəti mövqe ortaya qoymaq lazımdır. Göstərdiyi fəaliyyətə görə ona böyük təşəkkür düşür. Təqdim olunan kitab bir neçə vacib məsələni özündə cəmləşdirir. Sözügedən kitab zəngin tarixi materiallar və faktlar əsasında hazırlanıb”.
Daha sonra tədbirdə çıxış edən professor, siyasi elmlər doktoru Elçin Əhmədov qeyd etdi ki, Aygün Attarın fəaliyyəti hər bir azərbaycanlı üçün nümunə olmalıdır: «Onun gördüyü işlər diaspor təşkilatlarına bir istiqamət olmalıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Aygün Attar bu istiqamətdə böyük işlər görür. Ayrı-ayrı dövrlərdə ermənilərin yürütdüyü siyasətin mahiyyəti kitabda açıq şəkildə göstərilib. "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün xaricdə yaradılan partiyaların proqramına uyğun olaraq Türkiyə və Azərbaycanda həyata keçirilən soyqırımları haqqında geniş məlumatlar var. 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Naxçıvanda, İrəvan quberniyası ərazisində minlərlə insanın qətlə yetirildiyi faktlar əsasında sübuta yetirilib. 1918-20-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları elmi mənbələr əsasında təhlil olunub. Sözügedən kitab mart soyqırımı ərəfəsində Türkiyədə nəşr olunub. Kitab nəşr olunduqdan sonra tez bir zamanda satılıb qurtarıb. 100 il bundan qabaq azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında ətraflı məlumatlar var. O dövrdə baş verən hadisələr geniş şəkildə tədqiq edilərək erməni millətçilərinin vəhşilikləri mənbələrlə təsdiqini tapıb. Kitabın ən böyük üstünlüyü ondadır ki, burada xarici mənbələrə geniş istinadlar var”.
Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə də çıxış edənlər arasında idi: "Aygün Attarın növbəti elmi-tədqiqat işi kitab şəklində çap olunub. Bu münasibətlə onu təbrik edirəm. Məncə, bu kitab hər kəs tərəfindən oxunmalıdır. Aygün xanımı ilk dəfə Türkiyədə yaşayan azərbaycanlıların qurultayında tanımışam. O həmin qurultayda elmin tələb etdiyi qaydada çıxış edirdi. O, konfrans zalını tərk edəndə Azərbaycandan olan nümayəndə heyəti olaraq ona dəstək verdik. Mən həmin vaxt Aygün Attarın Qarabağın, Şuşanın yetirdiyi ziyalı olduğunu gördüm. Onun göstərdiyi cəsarəti hər kəs göstərə bilməzdi. Azərbaycana qarşı yönəlmiş mənfi fikirlərlə mübarizə aparırdı. Onun elmə olan həvəsindən və kitablarından xəbərdaram. Azərbaycanla bağlı təşkil etdiyi tədbirlərin əksəriyyətində iştirak etmişəm. Aygün Attar Azərbaycan sevgisini və rəğbətini itirməyən yazıçı və alimdir. Kitabı açarkən bir ananın, bir qadının harayı və dünyaya müraciətini gördüm. Professor-alim də olsa bütün hallarda o, bir anadır. Burada qoyulan məsələlərin hər biri ayrı-ayrılıqda mükəmməl şəkildə işlənilib. Bu kitab bütün dünya üçün faktlar və sənədlər toplusudur. Bu sənədlər toplusunda təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz bölgəsinin tarixi əksini tapıb”.
Millət vəkili Aqil Abbas çıxışında qeyd etdi ki, xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətini yaxından izləyir: «Mən onlarla həmişə fəxr etmişəm. Bizi xaricdə təmsil edən həmvətənlərimizin sayı çoxdur. Amma bir xanımın Türkiyədə belə bir kitab yazması böyük uğurdur. Bu baxımdan onun fəaliyyəti yüksək qiymətləndirilməlidir. Azərbaycanda hər kəs onu tanıyır və fəaliyyətini izləyir. İstərdim ki, bu kitab Azərbaycan dilində də nəşr olunsun. Bu, Aygün Attarın özünün əməyinin nəticəsidir. Ermənilərin şəbəkələşmə və lobbiçilik fəaliyyəti genişdir. Onların arxasında dayanan böyük qüvvələr var. Onların buna təkbaşına gücü çatmaz. Aygün Attara dərin təşəkkürümüzü bildiririk ki, belə bir kitabı ərsəyə gətirib. Mən özüm də bu kitabı oxuyacağam. Gələcək fəaliyyətində ona uğurlar arzulayıram”.
Millət vəkili Adil Əliyev bildirdi ki, kitab Aygün xanımın elmə nə qədər dəyər verdiyini göstərir: "Mən tez-tez Rusiyada oluram və kitabxanalara gedirəm. Amma təəssüflər olsun ki, oranın ən böyük kitabxanalarında Azərbaycanla bağlı kitablar yox dərəcəsindədir. Bu kitabların kimlər tərəfindən hazırlanması da vacibdir. Aygün xanımın göstəriş gözləmədən milləti və dövləti üçün belə bir addım atması təqdirəlayiqdir. Bu, hər bir azərbaycanlıya nümunə olmalıdır”.
Daha sonra tədbir digər qonaqların çıxışları ilə davam etdirildi.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər