“Dövlət yazılı medianın ayaqda qalmasını istəyir”
Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun Müşahidə Şurası yanvarın 31-də növbəti iclasını keçirib. İclasın
yekunu olaraq Müşahidə Şurası 2019-cu ilin II rübü üçün KİV layihələrinin
maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərini bir qədər sərtləşdirib. Dəyişikliyə
əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik
nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan, tirajı 5000
nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə
yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə biləcəklər. Xarici
dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün isə tirajın
minimum 3000, satış və abunənin minimum 1500 nüsxə olması qəbul edilib.Müsabiqə
şərtlərinin bu cür dəyişdirilməsi, bir qədər sərtləşdirilməsi sosial şəbəkələrdə,
media cameəsində geniş müzakirələrə yol açıb. Sözügedən dəyişiklik və onunla
bağlı digər məsələlər ətrafında "Kaspi”nin suallarını "Yeni Müsavat” qəzetinin
baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu cavablandırır.
- Rauf bəy, KİV DF-nin Müşahidə Şurasının son iclasında qəbul edilən
yeni müsabiqə şərtlərini necə qarşıladınız?
- Əslində
müsabiqənin şərtlərinin bu cür dəyişdirilməsi, irəli sürülən yeni tələblər
bizim kimi qəzetlər üçün normaldır. Arzuladığımız rəqabət mühitinin yaranması
baxımından da mühüm faktordur. Çünki rəqabət standartları xeyli aşağı idi.
İndiyə qədər istənilən qəzet iddia edə bilərdi ki, mənim də buna haqqım çatır.
İndi isə kollektivi olan, əziyyət çəkən, ortaya məhsul qoyan, eyni zamanda ölkə
başçısının kütləvi informasiya vasitələrinin inkişafına dəstək üçün yaratdığı
fondla bərabər, öz qəzetinə sərmayə qoymağı özünə rəva bilən qəzetlər
aktuallaşacaq. Müşahidə Şurasının iclasında qəbul edilən yeni qərarla bağlı
ilkin təəssüratım bunlardan ibarət oldu.
- Bəziləri bu qərarı süngü ilə qarşıladı, hətta bunu qəzetlərin
bağlanması kimi qələmə verməyə çalışdılar. Siz bu barədə nə düşünürsünüz?
- Bu qərarla heç
kim heç kimin qəzetini bağlamır. Dövlət yazılı medianın ayaqda qalmasını
istəyir. Bunun üçün də vəsait xərcləyir. Məhz bu səbəbdən indiyə qədər mətbuat
ayaqda qalıb. Sadəcə indi şərtləri dəyişdirir. Əgər mənim qəzetimin
standartları o dəyişikliklərə, şərtlərə cavab verməsəydi, böyük minnətdarlıq
hissi ilə Fondla vidalaşardım. Gücüm çatardısa, qəzetin nəşrini ya özüm davam
etdirər, ya da elektron versiyaya keçərdim. Fikrimcə, digər mətbuat orqanları
da bu cür davranmalıdırlar. Üst-üstə götürəndə Fonddan yüz minlərlə manat
həcmində dəstək, eyni zamanda əməkdaşları dəyəri yüz min manatlarla ölçülən
mənzillər alıblar. Bütün bunlar dövlətin böyük bir jestidir. İndinin özündə də
maliyyələşmədə bir manat da olsa kəsilmir. Həmin maliyyə vəsaiti indi də var.
Sadəcə, rəqabət qabiliyyəti yüksək olan qəzetlərə maliyyə yardımı bir qədər də
artıq ediləcək ki, onlar Azərbaycan mətbuatını daha irəliyə apara bilsinlər,
ümumilikdə ölkədə media standartlarını yüksəltsinlər. İndiyə qədər mövcud olan
mətbuat orqanları üçün daha fərqli qəzet çıxarma imkanı yaradılır. Hansısa
qəzetin bağlanmasına gəlincə, bu, hər bir qəzet rəhbərinin öz qərarı olacaq.
Yeni şərtlərlə işləməyi qəbul edənlər, standartlara uyğun gələnlər əvvəlki kimi
fəaliyyətini davam etdirəcəklər. Belə qəzetlərin maliyyələşməsi üçün nəzərdə
tutulan məbləğ daha da artırılacaq. Yeni şərtlərlə işləməyə hazır olmayanlar da
özləri müstəqil qərar qəbul edəcəklər ki, daha kiçik maliyyə ilə fəaliyyət
göstərsinlər, yaxud elektron versiyaya üstünlük versinlər. Şəxsən mən onların
yerində olsaydım, elektron versiya ilə yola davam etməyi seçərdim. Çünki
nisbətən az maliyyə ilə elektron medianı işlətmək, fəaliyyət göstərmək daha
məqbul, daha əziyyətsiz və məsrəfsizdir. Qəzet sənayesinin adamları olaraq biz
bunu daha yaxşı bilirik. Qəzetin çap olunması üçün kağızın alınması, çap
xərcləri, gecə növbəsi, daşınma və sair məsələlər var. Qəzet sənayesi o qədər
çətin sahədir ki, burada bu sahəni sevənlər, özünü bu sahəyə həsr edənlər
qalmalıdır. Fikrimcə, KİV DF-nin son addımı da buna hesablanıb ki, ölkədə
yüksək səviyyəli qəzetlər olsun.
- Sizcə, qəzetlərin oxunaqlığını, abunəsini, satışını artırmaq üçün
hansı addımlar atılmalıdır?
- Azərbaycan
qəzetçiləri peşəkarlardır və üzərilərinə düşən, bacardıqları hər şeyi edirlər.
Qəzetlərin elektron versiyaları da kifayət qədər inkişaf edib. Elektron
versiyadan fərqli olaraq, çap media tiraj, abunə, satış problemi yaşayır. Ən
mükəmməl formada yaratdığımız saytın özü də öz qəzetimizə rəqibdir. Mövzular,
əməkdaşlar eyni olduğu üçün insanların çoxu onlayn versiyadan yazılarımızı
oxumağa üstünlük verirlər. Vətəndaşlarımız çalışır ki, əlavə 50-60 qəpik pul
xərcləmədən internetin Azərbaycandakı sonsuz imkanlarından yararlansınlar,
pulsuz olaraq istədikləri məlumatı alsınlar. Amma ölkəmizdə az bir kəsim var
ki, onlar heç vaxt qəzet oxumaqdan vaz keçməyəcək. Həmin şəxslər hər zaman
qəzetin həsrətindədirlər. Yetər ki, qəzeti onlara çatdırmaq mümkün olsun. Bu
baxımdan qəzetlər həmin elektorata xitab edən fəaliyyət ortaya qoymalıdır. İlk
növbədə yayım imkanlarını genişləndirilməli, hər bir qəzet özü də yayım
imkanına yenidən baxmalı, təkmilləşdirməlidir. Biz 20 ildən artıqdır ki, əl ilə
yayımı formalaşdıra bilmişik və bu işlə məşğuluq. Paralel olaraq Azərbaycandakı
yayım sistemindən də maksimum səviyyədə istifadə etməyə çalışırıq. Bundan
başqa, qəzetin oxunaqlığını artırmaq üçün müsahibələri, yazıları özümüz
istehsal etməliyik. Bunun üçün isə redaksiya müxbir saxlamalıdır. Elə qəzetlər
var ki, 1-2, yaxud uzağı 5 müxbir, əməkdaş saxlayır. Onlar da internetin imkanlarından
istifadə edir, hazır yazıların başlığını dəyişib qəzet səhifəsinə yerləşdirir.
Onlar hesab edirlər ki, bununla da öz işlərini gördülər və bu fəaliyyət KİV
DF-dən qrant almaq üçün yetərlidir. Ancaq "Yeni Müsavat” qəzetindəki
materialların 80-90 faizi öz istehsalımız olur. Qəzetimizin səhifəsindəki
xəbər, müsahibə, müəllif yazısının hamısı özümüzə məxsusdur. Qəzetçilikdə vacib
olan məsələlərdən biri də tanınmış imzaların mətbuat orqanında dərc
olunmasıdır. Bu da qəzetin oxunaqlığını, tirajını artıran şərtdir. Bizim
qəzetimizdə də kifayət qədər tanınan imzalar var. Yəni, KİV DF-nin maliyyə
yardımı ilə kifayətlənmədən qəzetin özü də ciddi fəaliyyət ortaya qoymalı və
sərmayə imkanları yaratmalıdır. Satış və reklam imkanları yaradılmalıdır ki,
oradan gələn maliyyə də qəzet sənayesinə yatırılsın, fəaliyyət davam
etdirilsin, qəzet yaşasın.
- Sizcə, nə üçün qəzetlər özü-özünü maliyyələşdirə bilmir?
- Çox nadir
ölkələr var ki, orada qəzetlər özü-özünü maliyyələşdirə bilir. Amerika, Türkiyə
də daxil olmaqla, dünyanın əksər ölkələrində qəzetlər böyük bizneslərin bir
parçasıdır. Bəzən sənayeçilər, tikinti sektoruna aid edilən böyük maqnatlar
qəzet buraxırlar. Həmin qəzetlərə o qədər yüksək maliyyə ayrılır ki, onların
yaxşı olmamaq şansı yoxdur. O qəzetlərdə qəzetçilər sadəcə çalışırlar.
Azərbaycanda isə media sektoru sırf qəzetçilərin öz əlindədir. Bu baxımdan da
kapital qoyulması imkanları yüksək deyil. Bundan başqa, dünyada yeni media
adlandırdığımız sosial şəbəkələr meydana çıxıb, onlayn media qurumları var.
Bunlar imkan vermir ki, mətbuat əvvəlki gücü ilə yayılsın, cəlbedici olsun və
sair. Azərbaycanda da bu belədir. Ölkəmizin ən ucqar kəndlərindən tutmuş,
paytaxt Bakıya qədər hər kəsin müasir telefonu, internetə birbaşa çıxışı var.
Mobil internetdən yararlanan vətəndaşlarımız istənilən məlumatı onlayn izləyir.
İndi insanlar doğmalarından daha çox mobil telefonun üzünə baxır. Müasir insan
sabahını telefonla açır, axşamını onunla başa vurur. Belə situasiya biz
qəzetçiləri də məcbur edir ki, onlayn versiya yaradaq. "Yeni Müsavat” olaraq
indiyə qədər belə vasitələri biz də yaratmışıq. Eyni zamanda bilirik ki,
bununla kifayətlənib qəzetləri öldürmək olmaz. Bu da reallıqdır ki, qəzetlərin
yenidən gəlirli fəaliyyət ortaya qoyması qeyri-mümkündür. Çünki Azərbaycandakı
şərtlər, o cümlədən bazarın darlığı, ölkə əhalisinin sayı və sair amillər var.
Misal üçün, Azərbaycanın 10 milyon, Türkiyənin isə 80 milyondan çox əhalisi
var. Əhali sayı oxucu sayıdır, həm də. Reklam bazarımız da məhduddur. Yenə də
eyni səbəbdən. Onlayn medianın reklam imkanları daha genişdir. Bundan başqa,
Azərbaycan diktatura, teokrat ölkə deyil və burada internetə, sosial şəbəkələrə
hər hansı məhdudiyyət, qadağa yoxdur ki, əhali məlumatı yalnız mətbuatdan almaq
ümidinə qalsın. Azərbaycanda internet azaddır və hamı sürətlə mobilləşir.
Sadəcə, mətbuatı rəqabətə davam gətirəcək duruma salmaq üçün konsepsiya,
kifayət qədər ciddi sərmayə lazımdır.
- Bəzən onlayn medianın, sosial şəbəkələrin varlığı, informasiyanı
daha tez çatdırmaq imkanları nəzərə alınaraq belə bir iddia irəli sürülür ki,
mətbuata ehtiyac yoxdur, qəzetin dövrü keçib. Bu arqumentlər nə dərəcədə
əsaslıdır?
- Bu, çox
təhlükəli baxışdır. Azərbaycanda mətbuat üçün bir nömrəli təhlükə belə
fikirlərin daha geniş yayılmasıdır. Belə fikirlərin müəlliflərini də bəzən
qınamaq olmur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan
əhalisinin mühüm bir hissəsi məhz qəzet oxumağa, məlumatı, bilgini mətbuatdan
almağa üstünlük verir. Xüsusən də orta və yaşlı nəsil bu vərdişin sahibidir.
Onlar mobil telefonun kiçik və dar ekranından məlumat ala bilmirlər. Belə
vətəndaşların hüquqlarını pozmaq olmaz. Hər hansı fikir söyləyərkən paralelliyə
mütləq tolerant yanaşılmalıdır. Onlayn media, sosial şəbəkələr günün reallığı
olsa da, qəzet sıradan çıxarılmamalıdır. "Qəzetə ehtiyac yoxdur” kimi iddialar
ortaya qoyulmamalıdır. Mən hesab edirəm ki, qəzetlə paralel şəkildə yeni
medianın imkanlarından da istifadə etmək gərəkdir. Ona görə də qəzetimizlə
bərabər onlayn rejimdə fəaliyyət göstərən saytlarımız da oxucuların
ixtiyarındadır. Qəzet almaq, qəzet oxumaq vərdişlərinin 144 illik qəzetçilik
ənənəsinə sahib olan Azərbaycandan yığışdırılmasını arzulamıram. İnanıram ki,
Azərbaycan Prezidenti ölkə rəhbərliyində olan digər şəxslərdən daha avanqard,
yenilikçi, dünyagörüşlü, eyni zamanda ənənələrə sadiqdir. Bu baxımdan, ölkə
başçısının ayırdığı vəsaitlərlə və özümüzün təşəbbüslərimizlə yaxın 1 il
ərzində Azərbaycanda dünya standartlarına yaxınlaşan, rəngli, səhifələrinin
sayı çoxalmış, özəl yazılarının həcmi artırılmış, sırf media bazarına xitab
edən mətbuat orqanı ortaya qoya biləcəyik. Yəni, qəzetlərin gücləndirilməsinə,
sifətinin, ticari görünüşünün yaxşılaşdırılmasına nail ola biləcəyik. Hesab
edirəm ki, KİV DF-nin müəyyənləşdirdiyi yeni şərtlər bu standartlara çatmaq üçündür.
Bildiyim qədərilə, yeni standartlara cavab verən qəzetlərə maliyyə yardımı iki
dəfə artırılacaq ki, bu da yüzdə yüz artım deməkdir. Daha üç ay sonra isə bu
yardım bir qədər də artırılacaq. Özünü inkişaf etdirmək potensialı olan
qəzetlərə ayda 30 min manata qədər maliyyə yardımı ediləcək. Bu, kifayət qədər
yüksək məbləğdir və qəzetin bütün xərclərini qarşılayır.
Rufik İSMAYILOV