AZE | RUS | ENG |

“Dövlət yazılı medianın ayaqda qalmasını istəyir”

“Dövlət yazılı medianın ayaqda qalmasını istəyir”
Rauf Arifoğlu: KİV DF-nin son addımı ölkədə yüksək səviyyəli qəzetlərin olmasına hesablanıb

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yanvarın 31-də növbəti iclasını keçirib. İclasın yekunu olaraq Müşahidə Şurası 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərini bir qədər sərtləşdirib. Dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan, tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə biləcəklər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün isə tirajın minimum 3000, satış və abunənin minimum 1500 nüsxə olması qəbul edilib. Müsabiqə şərtlərinin bu cür dəyişdirilməsi, bir qədər sərtləşdirilməsi sosial şəbəkələrdə, media cameəsində geniş müzakirələrə yol açıb. Sözügedən dəyişiklik və onunla bağlı digər məsələlər ətrafında "Kaspi”nin suallarını "Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu cavablandırır.
 
- Rauf bəy, KİV DF-nin Müşahidə Şurasının son iclasında qəbul edilən yeni müsabiqə şərtlərini necə qarşıladınız?
- Əslində müsabiqənin şərtlərinin bu cür dəyişdirilməsi, irəli sürülən yeni tələblər bizim kimi qəzetlər üçün normaldır. Arzuladığımız rəqabət mühitinin yaranması baxımından da mühüm faktordur. Çünki rəqabət standartları xeyli aşağı idi. İndiyə qədər istənilən qəzet iddia edə bilərdi ki, mənim də buna haqqım çatır. İndi isə kollektivi olan, əziyyət çəkən, ortaya məhsul qoyan, eyni zamanda ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına dəstək üçün yaratdığı fondla bərabər, öz qəzetinə sərmayə qoymağı özünə rəva bilən qəzetlər aktuallaşacaq. Müşahidə Şurasının iclasında qəbul edilən yeni qərarla bağlı ilkin təəssüratım bunlardan ibarət oldu. 
 
- Bəziləri bu qərarı süngü ilə qarşıladı, hətta bunu qəzetlərin bağlanması kimi qələmə verməyə çalışdılar. Siz bu barədə nə düşünürsünüz?
- Bu qərarla heç kim heç kimin qəzetini bağlamır. Dövlət yazılı medianın ayaqda qalmasını istəyir. Bunun üçün də vəsait xərcləyir. Məhz bu səbəbdən indiyə qədər mətbuat ayaqda qalıb. Sadəcə indi şərtləri dəyişdirir. Əgər mənim qəzetimin standartları o dəyişikliklərə, şərtlərə cavab verməsəydi, böyük minnətdarlıq hissi ilə Fondla vidalaşardım. Gücüm çatardısa, qəzetin nəşrini ya özüm davam etdirər, ya da elektron versiyaya keçərdim. Fikrimcə, digər mətbuat orqanları da bu cür davranmalıdırlar. Üst-üstə götürəndə Fonddan yüz minlərlə manat həcmində dəstək, eyni zamanda əməkdaşları dəyəri yüz min manatlarla ölçülən mənzillər alıblar. Bütün bunlar dövlətin böyük bir jestidir. İndinin özündə də maliyyələşmədə bir manat da olsa kəsilmir. Həmin maliyyə vəsaiti indi də var. Sadəcə, rəqabət qabiliyyəti yüksək olan qəzetlərə maliyyə yardımı bir qədər də artıq ediləcək ki, onlar Azərbaycan mətbuatını daha irəliyə apara bilsinlər, ümumilikdə ölkədə media standartlarını yüksəltsinlər. İndiyə qədər mövcud olan mətbuat orqanları üçün daha fərqli qəzet çıxarma imkanı yaradılır. Hansısa qəzetin bağlanmasına gəlincə, bu, hər bir qəzet rəhbərinin öz qərarı olacaq. Yeni şərtlərlə işləməyi qəbul edənlər, standartlara uyğun gələnlər əvvəlki kimi fəaliyyətini davam etdirəcəklər. Belə qəzetlərin maliyyələşməsi üçün nəzərdə tutulan məbləğ daha da artırılacaq. Yeni şərtlərlə işləməyə hazır olmayanlar da özləri müstəqil qərar qəbul edəcəklər ki, daha kiçik maliyyə ilə fəaliyyət göstərsinlər, yaxud elektron versiyaya üstünlük versinlər. Şəxsən mən onların yerində olsaydım, elektron versiya ilə yola davam etməyi seçərdim. Çünki nisbətən az maliyyə ilə elektron medianı işlətmək, fəaliyyət göstərmək daha məqbul, daha əziyyətsiz və məsrəfsizdir. Qəzet sənayesinin adamları olaraq biz bunu daha yaxşı bilirik. Qəzetin çap olunması üçün kağızın alınması, çap xərcləri, gecə növbəsi, daşınma və sair məsələlər var. Qəzet sənayesi o qədər çətin sahədir ki, burada bu sahəni sevənlər, özünü bu sahəyə həsr edənlər qalmalıdır. Fikrimcə, KİV DF-nin son addımı da buna hesablanıb ki, ölkədə yüksək səviyyəli qəzetlər olsun. 
 
- Sizcə, qəzetlərin oxunaqlığını, abunəsini, satışını artırmaq üçün hansı addımlar atılmalıdır? 
- Azərbaycan qəzetçiləri peşəkarlardır və üzərilərinə düşən, bacardıqları hər şeyi edirlər. Qəzetlərin elektron versiyaları da kifayət qədər inkişaf edib. Elektron versiyadan fərqli olaraq, çap media tiraj, abunə, satış problemi yaşayır. Ən mükəmməl formada yaratdığımız saytın özü də öz qəzetimizə rəqibdir. Mövzular, əməkdaşlar eyni olduğu üçün insanların çoxu onlayn versiyadan yazılarımızı oxumağa üstünlük verirlər. Vətəndaşlarımız çalışır ki, əlavə 50-60 qəpik pul xərcləmədən internetin Azərbaycandakı sonsuz imkanlarından yararlansınlar, pulsuz olaraq istədikləri məlumatı alsınlar. Amma ölkəmizdə az bir kəsim var ki, onlar heç vaxt qəzet oxumaqdan vaz keçməyəcək. Həmin şəxslər hər zaman qəzetin həsrətindədirlər. Yetər ki, qəzeti onlara çatdırmaq mümkün olsun. Bu baxımdan qəzetlər həmin elektorata xitab edən fəaliyyət ortaya qoymalıdır. İlk növbədə yayım imkanlarını genişləndirilməli, hər bir qəzet özü də yayım imkanına yenidən baxmalı, təkmilləşdirməlidir. Biz 20 ildən artıqdır ki, əl ilə yayımı formalaşdıra bilmişik və bu işlə məşğuluq. Paralel olaraq Azərbaycandakı yayım sistemindən də maksimum səviyyədə istifadə etməyə çalışırıq. Bundan başqa, qəzetin oxunaqlığını artırmaq üçün müsahibələri, yazıları özümüz istehsal etməliyik. Bunun üçün isə redaksiya müxbir saxlamalıdır. Elə qəzetlər var ki, 1-2, yaxud uzağı 5 müxbir, əməkdaş saxlayır. Onlar da internetin imkanlarından istifadə edir, hazır yazıların başlığını dəyişib qəzet səhifəsinə yerləşdirir. Onlar hesab edirlər ki, bununla da öz işlərini gördülər və bu fəaliyyət KİV DF-dən qrant almaq üçün yetərlidir. Ancaq "Yeni Müsavat” qəzetindəki materialların 80-90 faizi öz istehsalımız olur. Qəzetimizin səhifəsindəki xəbər, müsahibə, müəllif yazısının hamısı özümüzə məxsusdur. Qəzetçilikdə vacib olan məsələlərdən biri də tanınmış imzaların mətbuat orqanında dərc olunmasıdır. Bu da qəzetin oxunaqlığını, tirajını artıran şərtdir. Bizim qəzetimizdə də kifayət qədər tanınan imzalar var. Yəni, KİV DF-nin maliyyə yardımı ilə kifayətlənmədən qəzetin özü də ciddi fəaliyyət ortaya qoymalı və sərmayə imkanları yaratmalıdır. Satış və reklam imkanları yaradılmalıdır ki, oradan gələn maliyyə də qəzet sənayesinə yatırılsın, fəaliyyət davam etdirilsin, qəzet yaşasın. 
 
- Sizcə, nə üçün qəzetlər özü-özünü maliyyələşdirə bilmir?
- Çox nadir ölkələr var ki, orada qəzetlər özü-özünü maliyyələşdirə bilir. Amerika, Türkiyə də daxil olmaqla, dünyanın əksər ölkələrində qəzetlər böyük bizneslərin bir parçasıdır. Bəzən sənayeçilər, tikinti sektoruna aid edilən böyük maqnatlar qəzet buraxırlar. Həmin qəzetlərə o qədər yüksək maliyyə ayrılır ki, onların yaxşı olmamaq şansı yoxdur. O qəzetlərdə qəzetçilər sadəcə çalışırlar. Azərbaycanda isə media sektoru sırf qəzetçilərin öz əlindədir. Bu baxımdan da kapital qoyulması imkanları yüksək deyil. Bundan başqa, dünyada yeni media adlandırdığımız sosial şəbəkələr meydana çıxıb, onlayn media qurumları var. Bunlar imkan vermir ki, mətbuat əvvəlki gücü ilə yayılsın, cəlbedici olsun və sair. Azərbaycanda da bu belədir. Ölkəmizin ən ucqar kəndlərindən tutmuş, paytaxt Bakıya qədər hər kəsin müasir telefonu, internetə birbaşa çıxışı var. Mobil internetdən yararlanan vətəndaşlarımız istənilən məlumatı onlayn izləyir. İndi insanlar doğmalarından daha çox mobil telefonun üzünə baxır. Müasir insan sabahını telefonla açır, axşamını onunla başa vurur. Belə situasiya biz qəzetçiləri də məcbur edir ki, onlayn versiya yaradaq. "Yeni Müsavat” olaraq indiyə qədər belə vasitələri biz də yaratmışıq. Eyni zamanda bilirik ki, bununla kifayətlənib qəzetləri öldürmək olmaz. Bu da reallıqdır ki, qəzetlərin yenidən gəlirli fəaliyyət ortaya qoyması qeyri-mümkündür. Çünki Azərbaycandakı şərtlər, o cümlədən bazarın darlığı, ölkə əhalisinin sayı və sair amillər var. Misal üçün, Azərbaycanın 10 milyon, Türkiyənin isə 80 milyondan çox əhalisi var. Əhali sayı oxucu sayıdır, həm də. Reklam bazarımız da məhduddur. Yenə də eyni səbəbdən. Onlayn medianın reklam imkanları daha genişdir. Bundan başqa, Azərbaycan diktatura, teokrat ölkə deyil və burada internetə, sosial şəbəkələrə hər hansı məhdudiyyət, qadağa yoxdur ki, əhali məlumatı yalnız mətbuatdan almaq ümidinə qalsın. Azərbaycanda internet azaddır və hamı sürətlə mobilləşir. Sadəcə, mətbuatı rəqabətə davam gətirəcək duruma salmaq üçün konsepsiya, kifayət qədər ciddi sərmayə lazımdır. 
 
- Bəzən onlayn medianın, sosial şəbəkələrin varlığı, informasiyanı daha tez çatdırmaq imkanları nəzərə alınaraq belə bir iddia irəli sürülür ki, mətbuata ehtiyac yoxdur, qəzetin dövrü keçib. Bu arqumentlər nə dərəcədə əsaslıdır?
- Bu, çox təhlükəli baxışdır. Azərbaycanda mətbuat üçün bir nömrəli təhlükə belə fikirlərin daha geniş yayılmasıdır. Belə fikirlərin müəlliflərini də bəzən qınamaq olmur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin mühüm bir hissəsi məhz qəzet oxumağa, məlumatı, bilgini mətbuatdan almağa üstünlük verir. Xüsusən də orta və yaşlı nəsil bu vərdişin sahibidir. Onlar mobil telefonun kiçik və dar ekranından məlumat ala bilmirlər. Belə vətəndaşların hüquqlarını pozmaq olmaz. Hər hansı fikir söyləyərkən paralelliyə mütləq tolerant yanaşılmalıdır. Onlayn media, sosial şəbəkələr günün reallığı olsa da, qəzet sıradan çıxarılmamalıdır. "Qəzetə ehtiyac yoxdur” kimi iddialar ortaya qoyulmamalıdır. Mən hesab edirəm ki, qəzetlə paralel şəkildə yeni medianın imkanlarından da istifadə etmək gərəkdir. Ona görə də qəzetimizlə bərabər onlayn rejimdə fəaliyyət göstərən saytlarımız da oxucuların ixtiyarındadır. Qəzet almaq, qəzet oxumaq vərdişlərinin 144 illik qəzetçilik ənənəsinə sahib olan Azərbaycandan yığışdırılmasını arzulamıram. İnanıram ki, Azərbaycan Prezidenti ölkə rəhbərliyində olan digər şəxslərdən daha avanqard, yenilikçi, dünyagörüşlü, eyni zamanda ənənələrə sadiqdir. Bu baxımdan, ölkə başçısının ayırdığı vəsaitlərlə və özümüzün təşəbbüslərimizlə yaxın 1 il ərzində Azərbaycanda dünya standartlarına yaxınlaşan, rəngli, səhifələrinin sayı çoxalmış, özəl yazılarının həcmi artırılmış, sırf media bazarına xitab edən mətbuat orqanı ortaya qoya biləcəyik. Yəni, qəzetlərin gücləndirilməsinə, sifətinin, ticari görünüşünün yaxşılaşdırılmasına nail ola biləcəyik. Hesab edirəm ki, KİV DF-nin müəyyənləşdirdiyi yeni şərtlər bu standartlara çatmaq üçündür. Bildiyim qədərilə, yeni standartlara cavab verən qəzetlərə maliyyə yardımı iki dəfə artırılacaq ki, bu da yüzdə yüz artım deməkdir. Daha üç ay sonra isə bu yardım bir qədər də artırılacaq. Özünü inkişaf etdirmək potensialı olan qəzetlərə ayda 30 min manata qədər maliyyə yardımı ediləcək. Bu, kifayət qədər yüksək məbləğdir və qəzetin bütün xərclərini qarşılayır.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219