AZE | RUS | ENG |

Dövlət və vətəndaş maraqlarının beynəlxalq müstəvidə müdafiəsi - Fotolar

Dövlət və vətəndaş maraqlarının beynəlxalq müstəvidə müdafiəsi - Fotolar
Azərbaycanın qaçqın və məcburi köçkün problemi beynəlxalq təşkilatlar qarşısında qaldırılır

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb. Bununla yanaşı, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Hərbi təcavüz nəticəsində Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyon 200 min 450 nəfər qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.

İndiyədək 103 yeni qəsəbə salınıb

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində indiyə qədər bir sıra addımlar atıb. İlk növbədə qeyd edilməlidir ki, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərib. Bütün bunların nəticəsində indiyədək 103 yeni qəsəbə salınıb, 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib.
 
 
 
Ötən il 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bu da rekord göstəricidir. Bu məcburi köçkünlər arasında Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları və əlillər də var. Ötən bir il ərzində istifadəyə verilmiş "Qobu Park”, Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binaları, Abşeron və Sumqayıtda salınmış yaşayış komplekslərində 192 şəhid, 2 Milli Qəhrəman ailəsinə, 147 Qarabağ müharibəsi iştirakçısı və əlilinə, Aprel döyüşlərinin 4 iştirakçısına yeni mənzil verilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi hazırda da davam etdirilir. Cari ildə 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub. Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsait ayrılıb.
 


"Böyük Qayıdış” proqramının hazırlanması

Xatırladaq ki, Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Digər istiqamət dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun. 
 
 

İcra olunmayan qətnamələr

İşğal altındakı Azərbaycan ərazilərinin sülh yolu ilə azad edilməsi, həmçinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən biri də bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Bu yerdə öncə vurğulamaq yerinə düşər ki, 1994-cü ildən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, 1996-cı ilin dekabrından etibarən isə onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların oxşar qətnamələri, həmçinin işğal olunmuş ərazilərimizdə yaradılan qondarma qurumun indiyə qədər heç bir dünya dövləti tərəfindən tanınmaması, əksinə, Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsi sdə beynəlxalq təşkilatlarla əməkdaşlığın, diplomatiyamızın uğurlarındandır. Eyni zamanda bu, milli-dövlətçilik maraqlarının qorunmasıdır.
 


Məcburi köçkünlərin problemlərinin yeganə həlli

Cari ilin iyun ayının 24-də Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı keçirilən dinləmələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun iştirak etməsi, tədbirdə çıxış edərək azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarından danışması, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırlatması bu əməkdaşlığa daha bir misaldır.
 
 
 
Bundan başqa, F.Hüseynov iyunun 28-də BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində keçirilən tədbirlərdə də iştirak edib. O, BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması və beləliklə məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkün olacağını vurğulayıb. 
 


Yüksək səviyyəli siyasi iradənin göstəricisi

Cari il iyulun 1-də isə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində "Azərbaycanda məcburi köçkünlərin insan hüquqları – tərəqqi və təhdidlər” adlı konfrans keçirilib. Tədbirdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların əməkdaşları və Cenevrədə yerləşən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini F.Hüseynov, Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəis müavini Fərəh Acalova, Azərbaycanda fəaliyyət göstərən "Code for Future” qeyri-hökumət təşkilatının həmtəsisçisi Xalisə Şahverdiyeva və başqaları ölkəmizin reallıqları, qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli barədə məruzələr ediblər. BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Ximenez-Damari Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş tədbirləri təqdirəlayiq hesab edərək, 2014-cü ilin may ayında sələfi Çaloka Beyaninin Azərbaycana səfərindən sonra bu istiqamətdə böyük tərəqqinin əldə olunduğunu bildirib. Uzun müddət davam edən köçürülmə problemini Azərbaycanın da yaşadığını təəssüf hissi ilə vurğulayan S.Ximenez-Damari artıq bir nəslin məcburi köçkün kimi böyüdüyünü bildirib. Azərbaycan Hökumətinin BMT çərçivəsində məcburi köçkünlərlə bağlı yüksək səviyyəli beynəlxalq qrupun yaradılması təşəbbüsünə qoşulmasına görə minnətdarlığını bildirən məruzəçi, bu addımın ölkəmizin qlobal səviyyədə məcburi köçürülmə hallarının həllinə yönəlmiş yüksək səviyyəli siyasi iradəsinin göstəricisi olduğunu bəyan edib.
 


Sülhə alternativ müharibədir

Millət vəkili, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Qarabağ müharibəsi veteranı Elman Məmmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların öz yurd-yuvasına qaytarılması məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladığı dövrdən qurulub. Onun sözlərinə görə, müstəqilliyini yenidən bərpa etdikdən az müddət sonra böyük sayda qaçqın və məcburi köçkün ordusu yaranan Azərbaycanda beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, haqq səsimizin dünyaya çatdırılması özü bir zərurətə çevrilib: "O zaman Azərbaycan iqtisadi və siyasi baxımdan zəif dövlət idi. Qaçqın və məcburi köçkünlərin sayı ümumilikdə əhalinin sayına görə həddən artıq çox idi. Təsəvvür edin ki, o dövrdə ölkəmizdə hər 6-cı və ya 7-ci adam qaçqın, məcburi köçkün idi. Bu, müharibə şəraitində yaşayan, iqtisadi, siyasi böhranla üzləşən ölkə üçün həddindən artıq ağır yük idi. Belə vəziyyətdə beynəlxalq təşkilatların köməyinə ciddi ehtiyac var idi. Bu əlaqələrin bünövrəsi isə ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə qoyuldu. İstər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq siyasi dəstək qazanılması, istərsə də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində beynəlxalq təşkilatlarla əlaqələr quruldu. Bu əlaqələr Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində hazırda da davam etdirilir. Düzdür, 90-cı illərin əvvəlindəki kimi hazırda Azərbaycanın hər hansı beynəlxalq təşkilatın humanitar yardımına ehtiyac yoxdur, amma Dağlıq Qarabağ münaqişəsi,   ölkənin ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması məsələsi də həllini tapmayıb. İşğalçı Ermənistana beynəlxalq səviyyədə təsir və təzyiq göstərilməsi, BMT qətnamələrinin yerinə yetirilməsi, işğal olunmuş ərazilərimizin dinc yolla boşaldılması, qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qaytarılması üçün beynəlxalq təşkilatlarla indi də hərtərəfli əlaqələr davam etdirilir. Biz çox istəyirik ki, bu münaqişə dinc yolla həllini tapsın. Ancaq qarşı tərəf, yəni işğalçı Ermənistan müxtəlif bəhanələrlə bu prosesin sülh yolu, beynəlxalq hüququn prinsipləri çərçivəsində həll edilməsinə mane olur. Belə olan halda isə Azərbaycanın öz suveren hüququndan yararlanaraq müharibə yolu ilə ərazi bütövlüyünü təmin etməkdən başqa yolu qalmır. Ona görə də, çox istərdik ki, beynəlxalq təşkilatlar bu reallıqdan çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmasına, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpa edilməsinə əməli yardım göstərsinlər, işğalçı Ermənistanı öz adı ilə çağırmaqla, ona təzyiq və təsir göstərsinlər”.
 


Dağlıq Qarabağ heç vaxt müstəqil qurum olmayacaq

Son olaraq vacib bir məqamı qeyd etmək istərdik. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil qurum olmayacaq. İnanırıq ki, Prezident İlham Əliyevin səyləri, eləcə də beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq nəticəsində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn prinsipləri təmin olunacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, azərbaycanlılar ata-baba yurdlarına ləyaqətlə qayıdaraq, yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

Aygün ƏZİZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim edilir


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989