• cümə, 26 Aprel, 14:28
  • Baku Bakı 23°C

Dövlət və cəmiyyət öz sayıqlığını itirməməlidir

06.03.14 08:49 1296
Dövlət və cəmiyyət öz sayıqlığını itirməməlidir
Türkiyədə hökumətlə Gülən camaatı arasında yaşanan gərginlikdə Azərbaycanın və bu ölkənin bir sıra tanınmış simalarının adının ən yüksək səviyyədə hallanması qısa müddət ərzində yerli medianın diqqətini məsələyə yönəldib. Hazırda müxtəlif kütləvi informasiya vasitələrində məsələnin bu və ya digər aspektləri geniş müzakirə edilməkdədir. KİV daha çox nurçuluğun Azərbaycan dövlətçiliyi üçün yarada biləcəyi təhlükələri götür-qoy etməkdədir. Baxmayaraq ki, bəziləri medianın bu məsələdə ifrata vardığını önə sürür, lakin Türkiyə baş nazirinin Gülən camaatının Azərbaycanda çirkli oyunlar oynamağa çalışdığını bəyan etməsi həqiqətən də medianın və ekspertlərin narahatlığını başadüşülən edir.
Öz növbəsində adları Gülən camaatına yaxınlıqda hallanan bəziləri mediada, xüsusilə sosial şəbəkələrdə məsələyə öz münasibətlərini bildiriblər. Reaksiya verənlərin adlarının bu məsələdə hallandırılmasının təxribat və yalan olduğunu, ümumiyyətlə problemin Azərbaycan üçün aktuallığını inkar etmələrinə baxmayaraq, mövcud gerçəklikləri nəzərə alınmaqla məsələyə dırnaqarası yanaşılması yolverilməzdir.
Sirr deyildir ki, hələ müstəqilliyin ilk dövrlərdən başlayaraq ölkəyə ayaq açmış nurçuluq (fətullahçılıq) hazırda Azərbaycanda kifayət qədər populyar dini təriqətdir və o, ötən illərdə çoxsaylı tərəfdar və digər resurslar əldə edə bilib. Nurçuların ölkənin müxtəlif bölgələrində, xüsusilə Bakı şəhərində aktiv fəaliyyət göstərən çoxlu sayda qərargah xarakterli daimi toplanma mərkəzləri - «dərsanə»lər vardır. Həmin dərsanələr vasitəsilə təriqət ölkədə müxtəlif təbəqələr arasında geniş təbliğ olunur.
O da qeyd edilməlidir ki, təriqət başbilənləri sıravi insanları özlərinə qoşmaqla yanaşı, cəmiyyətin intellektual təbəqəsi ilə də məharətlə işləməkdədirlər. Xüsusilə şagird və tələbələrin təriqətə cəlb edilməsi istiqamətində uzun illərdən bəri ciddi işlər görülüb. Xüsusilə də müstəqilliyin ilk illərində ölkədə ağır sosial-iqtisadi şəraitdən istifadə edərək Türkiyədən cəlb edilən maliyyə resursları hesabına geniş liseylər şəbəkəsi qurmuş nurçular ölkənin gələcəyi olan şagird və tələbələrin öz tərəflərinə çəkilməsi işində ciddi nailiyyətlər qazanmışlar. Bu məktəb-liseylər təriqət üçün «dərsanə»lərdən daha effektiv nəticələr verməkdədir. Çünki «dərsanələr» əsasən «qara camaat»la işlədiyi halda, liseylər konkret intellektual zümrəyə hesablanıb.
Və məhz həmin liseylər vasitəsilə (rəsmi şəkildə məqsədlərinin yalnız təhsil verməkdən ibarət olduğunu bəyan etmələrinə rəğmən) müxtəlif şüurlu və şüuraltı təsir vasitələri ilə şagirdləri ideologiyanın təsiri altına salmağı bacarmışlar. Bunu həmin liseyləri bitirmiş gənclərlə ilk ünsiyyətdən belə, sezmək mümkündür.
Bir müddət ölkədə ən prestijli təhsil müəssisələri hesab edildiyindən hər kəs övladının həmin liseylərdə oxumasına çalışırdı. Yuxarıda qeyd etdiyimiz kimi, ilk dövrlərdə ölkənin ağır vəziyyəti dövlətin də bu işlərə müəyyən qədər göz yummasına səbəb olmuşdu. Vəziyyətdən yararlananlar öz məqsədlərinə nail ola bildilər.
Təhsil sektoru ilə yanaşı, ölkədə biznes sahəsində, media sektorunda da şəbəkə geniş fəaliyyət göstərirlər. Xüsusilə medianın cəmiyyətə geniş təsir imkanlarını nəzərə alsaq, bu sahədə təriqətin ciddi dayaqlar yaratmasının nə qədər həssas bir məsələ olduğunu anlamış olarıq. Sırf təriqətə məxsus media qurumlarından başqa, ölkədə ayrı-ayrı KİV orqanlarında çalışan təriqət yanlısı jurnalistlər də var ki, bu da müəyyən mənada düşünməyə əsas verir.
Beləliklə də, görmək mümkündür ki, Azərbaycanda da şəbəkəylə bağlı məsələ kifayət qədər ciddidir və hazırda Türkiyə hökumətinin baş bəlasına çevrilmiş Gülən camaatı Azərbaycan cəmiyyətində də özünə kifayət qədər yer eləyib. İstisna deyildir ki, həmin qüvvə nə vaxtsa Azərbaycan dövləti üçün də eyni həngaməni çıxarmayacaq.
Onların ölkə həyatının müxtəlif sferalarında, xüsusilə də dövlət idarəetmə sektorunda təmsil olunması kifayət qədər düşündürücüdür.
Bunu deməyə o əsas verir ki, fətullahçılar hələ uzun müddət hazırkı Ərdoğan iqtidarı ilə həmrəy olsalar da, kənardan verilən fitva ilə dövlət içində dövlətə çevrilməklə, belə desək, radikal müxalifət oldular. Əslində onların müxalifətçiliyi adi müxalifətçilikdən daha təhlükəlidir. Çünki onlar uzun müddət öz müxalifliklərini büruzə vermədən fəaliyyət göstərirlər.
Dövlət və hakimiyyətin etimadını qazanıb yüksək vəzifə sahibi olanların birdən-birə dövlətin, hökumətin əleyhinə olan tapşırıqların icraçısına çevrilməsi hazırda Türkiyəni bir sıra problemlərlə baş-başa qoyduğu göz önündədir. Məhz Türkiyə dövlətinin başına gətirilənlərdən sonra gərəkdir ki, Azərbaycan mümkün qədər, türklər demiş, «əlini çabuk tutsun».
Ekspertlərin də qeyd etdiyi kimi, Türkiyədən fərqli olaraq Azərbaycanda onların hələ ki, aktivlik nümayiş etdirməmələri, müəyyən qədər ehtiyatlı davranmaları da diqqətdən yayınmır. Bu isə əlbəttə ki onunla bağlıdır ki, nə qədər geniş yayılmasına baxmayaraq, təriqət Azərbaycanda hələ Türkiyədə olduğu kimi möhkəmlənə bilməyib. Lakin zamanla bunun gerçəkləşməsi də qaçılmazdır.
Azərbaycandakı şəxslərin Ərdoğan hökuməti əleyhinə susqunluq nümayiş etdirməsi də yuxarıdakı səbəblərlə izah oluna bilər. Bundan başqa, Azərbaycan iqtidarı ilə Ərdoğan hökumətinin isti münasibətlərindən ehtiyatlanma da öz sözünü deyir. Xırda bir ehtiyatsızlıq onları Azərbaycan dövlətinin qəzəbinə tuş gətirə bilər.
Lakin bütün hallarda bir daha qeyd etmək lazımdır ki, ölkənin, dövlətin, onun dünyəvi sisteminin gələcək taleyi baxımından nurçuluğun və ya ölkə üçün təhlükə doğuran digər bu kimi qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti nəzarət altında olmalıdır.
Doğrudur, nurçuluq təriqətinə qoşulmuş bütün vətəndaşlara təhlükə mənbəyi kimi yanaşmaq da doğru olmazdı. Çünki sadə insanlar bir çox hallarda yalnız mənəvi ehtiyacdan, imandan irəli gələn inamla belə təriqətlərə qoşulurlar və onlar öz vətənlərinə, dövlətlərinə sədaqətlidirlər. Lakin təriqətlərin başında gedənlər, ona yön verənlər əlbəttə ki, hansısa konkret məqsəd və məramı yerinə yetirməkdədirlər.
Azərbaycan rəsmən ateist dövlət olan SSRİ-nin tərkibində olduğu dövrdə ölkəmizdə dini dünyagörüşü, dini dəyərlər məhv edildiyindən müstəqillik qazandıqdan sonrakı dövrdə kənardan ixrac olunan dini təriqətlər ölkəmizdə asanlıqla özünə yer edə biliblər. Məhz bu da hazırda öz fəsadlarını verməkdədir. Məsələn, bu gün cəmiyyəti, dövləti narahat edən əsas problemlərdən biri ölkə vətəndaşlarının din pərdəsi altında Suriyada gedən vətəndaş müharibəsinə cəlb edilməsidir. Bunun da arxasında xarici dini qüvvələrin, radikal təriqətlərin dayandığı isə sirr deyil. Əlbəttə ki, bu istiqamətdə baş verənlər dövlətin milli təhlükəsizliyinə təhdid xarakteri daşıyır.
Əgər Azərbaycan vətəndaşlarını Suriyaya aparanlar əsasən savadsız sadə vətəndaşları öz ətraflarına çəkirlərsə, nurçu şəbəkəsi daha çox intellektual kontingentlə işləməklə öz məqsədlərini reallaşdırmağa çalışır. Biri vətəndaşları xarici münaqişəyə cəlb etməklə cinayət törədirsə, digəri ölkənin, dövlətin konstitusion quruluşuna qarşı potensial təhlükə mənbəyi formalaşdırmaqla məşğuldur.
Göründüyü kimi, xaricdən ixrac olunan dini təriqətlər bu gün ölkədə ən təhlükəli tendensiyaların mənbəyinə və icraçılarına çevrilməkdədirlər. Bu mənada hələ vaxt var ikən tədbirlər görülməlidir.
Doğrudur, Azərbaycan dövləti çox güclüdür. Onun oturuşmuş dövlətçilik sistemi hansısa ekstremist qüvvələrin təsirilə ziyan görəcək səviyyədə deyil. Lakin bütün hallarda həm cəmiyyət, həm də dövlət öz sayıqlığını itirməməlidir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər