AZE | RUS | ENG |

Dövlət tibb müəssisəsində nazirin əmrinə riayət olunmur

Dövlət tibb müəssisəsində nazirin əmrinə riayət olunmur
Respublika Dəri-Zöhrəvi Dispanserində nənəmin başına gələnlər

Ahıl çağlarını yaşayan nənəmin əl barmaqlarında, dırnaqların ətrafında xırda səpişiklər meydana gəlmişdi. Bu üzdən bir həftə idi ki, məndən, onu həkimə aparmağımı istəyirdi. Düzü, işimlə əlaqədar olaraq, heç cür imkan edə bilmirdim. Nəhayət 3 gün öncə, sentyabrın 19-da işdən icazə alıb sübh tezdən nənəmi Nəsimi rayonunun Bülbül prospekti 61 ünvanında yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserinə apardım. Binanın girişindən keçib “Qeydiyyat” bölməsinə yaxınlaşdıq. Ağ xalatlı xanıma vəziyyəti izah edəndən sonra, o hər hansı qeydiyyat aparmadan bizə dedi ki, birinci mərtəbəyə enib 6-cı otağa yaxınlaşaq. Deyilən otağa gəlib Təranə həkimin qəbulunda olduq. O, nənəmin şikayətini dinləyib, əl barmaqlarına baxdıqdan sonra dəridən və dırnaqdan laborator müayinə verməyin vacibliyini vurğuladı. Bildirdi ki, bu simptomlar göbələk xəstəliyinə məxsusdur. Amma dəqiq diaqnoz qoymaq üçün laborator müayinə mütləqdir.

Elə Dispanserin laboratoriyasına getmək istəyirdik ki, Təranə həkim nənəmin şəkərli diabetdən əziyyət çəkib-çəkmədiyini soruşdu. Açığı, bu günə kimi bir neçə dəfə həkim müayinəsində olan nənəmdə şəkər xəstəliyi aşkar edilməmişdi. Ona görə də həkimə, - “yox” cavabı verdik. Lakin o, əgər səhər yeməyi yeməyibsə, nənəmin qanından analiz götürülməsini və qanda şəkərin olub-olmadığının müəyyənləşdirilməsini məsləhət gördü. Ardınca, onunla eyni otaqda əyləşən həkim yoldaşına nənəmin “vena”sından qan analizi almağı tapşırdı. Həmin həkim cəld nənəmin qolundakı paltarı yuxarı çirmədi və qan analizi götürdü. İşini başa vurandan sonra ona 6 manat ödəyəcəyimizi bildirdi. Əlavə etdi ki, Dəri-Zöhrəvi Dispanserində qan analizinin qiyməti budur. Onun dediyi məbləği ödəsəm də, bunun müqabilində bizə hər hansı qəbz verilmədi.

Qan analizindən sonra Təranə həkimin müşayiəti ilə ikinci mərtəbəyə qalxıb dispanserin laboratoriyasına gəldik. İçəridə nənəmin barmağının dərisindən azacıq qaşıdılar və dırnaqdan xırda kəsik götürdülər. Laborator müayinə üçün isə oradakı həkim 7 manat ödəyəcəyimizi bildirdi. Ona 10 manat verdim ki, pulunu çıxsın. Lakin həmin xanım bu pula xırda olmadığını bildirdi. Belə olanda üstümdə xırda pul kimi yalnız 5 manatlıq olduğunu dedim. O, isə bu məbləğin az olduğunu diqqətə çatdıraraq, mütləq 7 manat ödəməyimizi tələb etdi. Söylədiyi məbləği düzəldib həkim-laboranta versəm də, o da digər həmkarı kimi ödənişə görə hər hansı qəbz təqdim etmədi.

Təranə həkim müayinələrin cavabını alıb “resept” yazmaq üçün 30 dəqiqə gözləyəcəyimizi söylədi. Vaxtım az olduğundan belə şərtləşdik ki, səhərisi gün saat 9-da onun yanına gəlib həm müayinənin nəticələrini, həm də nənəmin qəbul edəcəyi dərmanların siyahısını götürüm. Beləliklə, sentyabrın 20-də səhər təkrar Təranə xanımın qəbulunda oldum. O, hər iki müayinənin nəticələrini mənə təqdim etdi və bildirdi ki, nənəmin qanında şəkər yoxdur. Ahıl qadının narahatlığının səbəbinə gəldikdə isə, onun barmaqlarında “göbələk” olduğunu söylədi. Müalicə aparılması üçün dərman siyahısını yazıb mənə təqdim etdi. Ardınca, nənəmin həmin dərmanları necə istifadə edəcəyini başa saldı. Danışıb qurtarandan sonra həkim qəbuluna görə ona 20 manat ödəməli olduğumu bildirdi. Bu məbləğin çox olduğunu söyləyəndə, o, “hər yerdə həkim qəbulu 20 manatdır” – deyə, məni “məlumatlandırdı”. Qısa söhbətdən sonra ona 10 manat pul ödəyib dispanseri tərk etdim. Elə həmin səhiyyə müəssisəsinin yanındakı “Aptek”ə girib siyahıdakı dərmanları istədim. Cəmisi 4 dərmana ümumilikdə 45 manat pul ödəyib evə qayıtdım. Beləliklə, dolanmaq üçün ayda cəmisi 130 manat təqaüd alan nənəmin dövlət səhiyyə müəssisəsinə gedib öz dərdini söyləməsi və müalicə alması ona 70 manata başa gəldi.

Dərmanları nənəmə təqdim edib istifadə qaydasını izah edəndən sonra belə qərara gəldim ki, üzləşdiyim hadisə ilə bağlı qısa araşdırma aparım. Bu yöndə ilk işim internetdə axtarış sistemində səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrləri gözdən keçirmək oldu. Öyrəndim ki, cənab nazir hələ 17 yanvar 2008-ci il tarixdə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Həmin əmrdə (http://85.132.66.218/news.php?id=218) göstərilib ki, 2008-ci il fevral ayının 1-dən etibarən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilir. Həmçinin qeyd olunub ki, səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsindən irəli gələn əmrin icrasına dair göstərişlər artıq Səhiyyə Nazirliyinin bütün strukturlarına verilib. Belə olan halda dövlət səhiyyə müəssisəsi sayılan Respublika Dəri-Zöhrəvi Dispanserində həkimlərin ora müraciət edən vətəndaşlardan açıq-aşkar pul istəməsinə nazirin əmrini saymamazlıqdan başqa ad vermək olmur.

Baş verənlərlə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin də mövqeyini öyrəndim. Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da nazir Oqtay Şirəliyevin əmrini xatırladaraq, dövlət səhiyyə müəssisələrində xidmətin pulsuz olduğunu söylədi. Əlavə etdi ki, vətəndaşlar səhiyyə işçiləri tərəfindən cənab nazirin əmrinə riayət olunmadığını müşahidə etsələr, heç nədən çəkinmədən nazirliyin “Qaynar xətt”inə müraciət etməlidirlər. Onun sözlərinə görə, belə olan halda dərhal araşdırma aparılır və lazımi tədbirlər görülür.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202