“Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür”
Reyhan Tağıyeva: "Ehtiyatsızlığın
ağır nəticələrini gördüyümüz üçün bundan dərs çıxarmalıyıq”
Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya
ilə mübarizəni 2021-ci ildə də davam etdiririk. Amma 2020-ci ildən fərqli
olaraq ümidlərimiz böyükdür. Elə ilk şad xəbəri də 2021-ci ildə yoluxma sayı 4
rəqəmlidən 3 rəqəmliyə düşərkən aldıq. Vəziyyət, nisbətən stabilləşib. Təbii
ki, bunun səbəbi karantin rejiminin sərtləşdirilməsi ilə bağlıdır. Lakin
sərtləşdirmə tədbirləri nə qədər xeyrimizə işləyirsə, yumşalmalarla bağlı da
geri addım atmağa məcbur oluruq. Bu, təkcə bizdə belə deyil. Dünya təcrübəsi də
göstərir ki, xüsusi karantin rejimindən sonra tətbiq olunan yumşalmalar
koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur. Koronivurusun
yeni növünün sürətlə yayıldığı bir vaxtda yumşalma tədbirləri olarsa, bizi
hansı nəticələr gözləyir? İkinci dalğanın acı nəticələri bizi daha ehtiyatlı
davranmağa vadar edirmi?
"Ən böyük rol vətəndaşların
üzərinə düşür”
Həkim Reyhan Tağıyeva deyir ki, karantin rejiminin yumşaldılması,
yoluxma sayının yenidən yüksəlməsini istisna etmir: "Son günlər sərt karantin
rejiminə keçidlə əlaqədar yoluxma sayının azalmasını müşahidə edirik. Amma
karantinin yumşalması ilə yoluxma sayının yenidən yüksəlməsi, 4 rəqəmli ədədə
keçə biləcəyi gözləniləndir. Çünki həm dayanıqsız immunitet, həm təkrar yoluxma
hallarının mümkünlüyü, həm də qonşu ölkələrdə virusun mutasiya olunmuş
variantının müşahidə edilməsi narahat edəcək məsələlərdəndir. Biz bir ilə
yaxındır ki, virusla mübarizə aparırıq. Artıq həm TƏBİB, həm də Səhiyyə
Nazirliyi bu sahədə geniş təcrübəyə malikdirlər. 2021-ci ildə virusun
yayılmasının qarşısını alacaq daha yeni tədbirlər, karantin rejiminin səmərəli,
planlı, mərhələli şəkildə yumşaldılması hesabına və ən nəhayət hər bir
vətəndaşın daha məsuliyyətli olub, maska, məsafə, gigiyena prinsipinə əməl
etməsi nəticəsində normal həyatımıza qayıda bilərik. Yumşalmalardan sonra ən
böyük rol vətəndaşların üzərinə düşür. Sadəcə qaydalara riayət etməklə, peyvənd
tətbiq olunana qədər vəziyyəti stabilləşdirə bilərik. Bütün dünyada karantin
rejiminin şəraitə uyğun olaraq, həm sərtləşdirilməsi, həm də yumşaldılması
prosesi bir-birini əvəzləyir. Bu əvəzləmə üçün əsas təsiredici faktor odur ki,
yoluxanların sayı sağalanların sayını üstələməyə başladıqda və üstələmə faizi
kəskin şəkildə artıqda, avtomatik olaraq, sərtləşmə tədbirləri işə salınır,
əksinə olduqda isə yumşalma tədbirlərinə start verilir. Biz bu halların şahidi
olmuşuq. Hesab edirəm ki, yenidən sərtləşmə insanların yumşalma prosesinə
düzgün qiymət verməməsinin nəticəsi olub. İlk növbədə 3 sadə prinsip var: Maska
taxılmalı, sosial məsafə saxlanılmalı və dezinfeksiyaedici vasitələrdən
istifadə edilməlidir. İnsanlar bəzən bu yumşalma prosesini sanki həm maska
taxmaqdan, həm məsafə saxlamaqdan, həm də dezinfeksiya vasitələrindən istifadə
etməkdən imtina kimi qarşılayırlar. Yumşalmanı yanlış anlayırlar. Bu da nəticə
etibarilə yenidən bu xəstəliyin yayılmasına gətirib çıxarır. Ona görə də, ilk
növbədə olduqca məsuliyyətli davranmaq lazımdır. Artıq bizim təcrübəmiz var.
Biz sərt karantini də, yumşalma mərhələsini də yaşamışıq. Ehtiyatsızlığın ağır
nəticələrini gördüyümüz üçün bundan dərs çıxarmalıyıq”.
Həkim deyir ki, arxada qoyduğumuz ikinci dalğanın
aqressivliyi insanları qorxutdu və bu səbəbdən də əhali bu dəfə daha
məsuliyyətli olacaq: "2021-ci ildə insanların öz üzərinə düşən vəzifələri
artıqlaması ilə yerinə yetirəcəyinə inanıram. Çünki arxada qoyduğumuz dalğada əhalinin
böyük bir qisminin virusa yoluxması nəticəsində insanların fikirləri dəyişdi.
İnsanların virusun daha aqressiv gedişinə, ölüm hallarının sayına şahid
olmalarından sonra karantin rejimi yumşaldılsa belə, hər kəsin maska, məsafə və
gigiyena qaydalarına ciddi riayət edəcəyinə şübhə etmirəm. Əlbəttə peyvəndin
ölkəmizə gətirilməsi, tətbiqi, kütləvi immunizasiyaya böyük ümid bəsləyirik.
Ölkəmizdə aparılacaq kütləvi immunlaşma nəticəsində virusun yayılmasını
tamamilə minimuma endirmək, hətta aradan qaldırmaq səhiyyəmizin ən böyük
uğurlarından olacaq”.
Virusun "qızıl açar”ı
Milli Məclisin
deputatı, həkim Rəşad Mahmudov
bildirib ki, tarix boyu pandemiya və epidemiyaların qarşısının alınmasında
"qızıl açar” rolunu peyvəndlər üzərinə götürüb: "Bu gün bu reallığı hamı qəbul
etməlidir ki, effektiv peyvəndin dünyada kütləvi şəkildə istifadəsi koronavirus
bəlası ilə mübarizədə uğur qazanmamıza səbəb ola bilər. Dünyada bu istiqamətdə
baş verən prosesləri yaxından izləyirəm. Tibb institutlarının və ekspertlərin
verdiyi rəyləri də nəzərə aldıqda, peyvəndin istifadəsinin hər bir ölkədə kütləvi
şəkildə başlanması problemin nəzarət altına alınması üçün hazırda yeganə
vasitədir”.
Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, tətbiq olunan sərt karantin rejimləri heç də məsələnin birdəfəlik həlli demək deyil: "Bunu son elmi tədqiqatlar da göstərir, hətta Ümumdünya Səhiyyə Təşkilatının bu barədə insanlara müraciəti olmuşdu. Orada lokal olaraq karantin rejimlərinin tətbiqi səsləndirilmişdir. Dünyanın bütün ölkələrində sərt karantin rejimləri sosial, iqtisadi, maliyyə problemləri yaradır və insanların psixi vəziyyətinə təsir edir. Lakin hazırda virusla mübarizə üçün ən uyğun variant budur. Sərt karantin müəyyən formada virusun azalmasına kömək edir bunun nəticəsində yoluxma azalır. Xəstəxanalarda xəstələrin daha çox olması, orada olan çarpayı məhdudiyyətləri sağala bilən xəstələrinin ölümünə səbəb olur. Bu, bütün dünyada belədir. Sərt karantin rejimindən sonra yumşalmalar olanda insanlar düşünürlər ki, artıq virus dalğası bitib və əvvəlki həyatımıza geri dönə bilərik. Yanlış düşünürlər. İnsanlar sərt karantin rejimindən sonra kifayət qədər maariflənib və virusa qarşı olan tədbirlərlə bərabər hərəkət etməsələr, qaydalara uyğun davranmasalar, peyvənd tapılana qədər sərt karantin rejimi ilə üzləşəcəklər. Müəyyən formada stabillik yaranandan sonra yumşalmalar olmalıdır. Amma bu yumşalmalarda da insanlar qaydalar riayət etməlidir”.
"Hələ ki, ona qalib
gəlməmişik”
İnfeksionist Vüqar
Cavadzadə "Kaspi”yə
açıqlamasında bildirdi ki, əgər yumşalma müddətində xəstələrin sayı artarsa,
onda karantinin yumşalmasını saxlamaq olar, xəstələrin sayı artarsa, yenidən
sərt karantinə keçid qaçılmazdır: "İnsanlar sərt karantin ləğv olunandan sonra
da bu məsələyə məsuliyyətli yanaşmalı, mütləq maskadan istifadə edilməlidir.
Sərt karantin tədricən yumşaldılmalıdır. Əgər yumşalma müddətində xəstələrin
sayı artarsa, onda karantinin yumşalmasını saxlamaq olar. Belədə, yenidən sərt
karantinə keçid qaçılmazdır. İnsanların səhvi odur ki, yumşalma olduqda, onlar
elə bilir ki, bu xəstəlik artıq bitib. Amma virus hələ ki, ölkəmizdədir və biz
ona qalib gəlməmişik”.
İnfeksionist vurğuladı ki, insanlar qaydalara
riayət etmək istəmir: "Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus
infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu.
Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək
istəmirdi. Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə
əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə maskalardan
mütləq istifadə olunmalıdır. İnsanlar
kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin
rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola
bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız
insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı
üçündür”."Normal həyat
tərzimizə qayıda biləcəyik”
Həkimlərin də fikirlərindən nəticə çıxarırıq ki,
koronavirusun peyvəndi tətbiq olunmadan, pandemiya ilə vidalaşmaq mümkün deyil.
Amma yuxarıda qeyd etdiyimiz kimi, peyvəndlə bağlı ümidlərimiz böyükdür. Ölkə
prezidenti İlham Əliyev də qeyd edib ki, peyvənd tətbiq olunduqdan sonra normal
həyat tərzimizə qayıda biləcəyik: "Ümid edirəm ki, bu il peyvənd tətbiq
olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə
peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni
həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz
həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları
bundan sonra da dəvət etməliyik”.
Virus dünyadan tamamilə yox olmadan və ya hamıya
peyvənd vurulmadan rahat davranmaq yolverilməzdir. Hazırda tibbi maska taxmaq,
gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq infeksiyadan
qorunmağın ən sadə və ən səmərəli yoludur. Aygün ƏZİZ