• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

Dövlət səhiyyəsi ödənişli olacaqmı?

27.10.16 14:02 1507
Dövlət səhiyyəsi ödənişli olacaqmı?
"Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək”.Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapan müddəa həmin müəssisələrin publik hüquqi şəxs statusunu əldə etməsini təmin edəcək. Belə ki, müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam veriləcək. Müəssisə publik hüquqi şəxs olaraq müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malik olacaq. Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.

Dövlət xəstəxanalarına veriləcək yeni status bundan sonra səhiyyə sahəsində hansı dəyişikliklərin baş verə biləcəyi sualını ortaya çıxarıb. Yəni tibbi sığortanın yalnız adını eşidən xəstələr onsuz da hər hansı tibbi xidmətdən ötrü təkcə özəl deyil, həmçinin dövlət səhiyyə müəssisələrinə pul ödəyirlər. Xəstəxanalara veriləcək yeni status bu istiqamətdə nəyi dəyişəcək? Yeni status icbari tibbi sığorta sistemini işlək vəziyyətə gətirəcəkmi?

Məsələyə münasibətdə birbaşa "ölkədə pulsuz səhiyyə ləğv olundu” deyənlərlə yanaşı, "icbarı tibbi sığorta işlək olacaq” deyə ümid edənlərin müzakirəsi yaranıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti mətbuata açıqlamalarında dövlət xəstəxanalarının ödənişli olacağı ilə bağlı məlumatları yanlış adlandırsa da, dəyişikliyin ekspertlər arasında yaratdığı rezonans demək olar ki, fərqlidir.

Millət vəkili Musa Quliyev mətbuata açıqlamasında bu qərarın dövlət xəstəxanalarının hamısına aid olmayacağını bildirib: "Bəzi klinikalarda xidmət ödənişli ola bilər. Bu qərar əsasən universitet klinikaları, müəyyən nazirliklərin nəzdində olan klinikalara aid ola bilər. Çünki həmin klinikaların statusu müəyyən deyil. Onları dövlət yaradıb, özəl də hesab oluna bilməzlər. Həmin müəssisələr publik hüquqi şəxs yaratmaqla səhmin bir hissəsi dövlətdə, digəri vətəndaş və ya hüquqi şəxsdə olmaqla fəaliyyət göstərə bilərlər. Onların göstərdiyi xidmətlərin bir hissəsi ödənişli və ya ödənişsiz ola bilər. Amma dövlətin poliklinikaları, təcili yardım, Səhiyyə Nazirliyinin tabeliyindəki klinikalarda pulsuz xidmət olduğu kimi qalacaq. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalar maliyyələşmə şərtlərini dəyişmir. Sadəcə, bəzi klinikaların hüquqi statusunu dəyişmək üçün əsas verir”. Qeyd edilən səhiyyə müəssisələrinin pullu olmasını normal hesab edən M.Quliyev qeyd edib ki, müalicənin aparılmasının ödənişsiz və ya ödənişli olması şərtləri dəyişməyəcək: "Onlar hüquqi şəxs yaradıb xidməti pullu edə bilərlər. Lakin Səhiyyə Nazirliyinin tabeliyində olan klinika və xəstəxanalarda müalicələr hansı qaydada aparılırdısa, bundan sonra da o formada həyata keçiriləcək. Bu vaxta qədər onsuz da həmin müəssisələrdə xidmət pullu idi, lakin onun normativ əsası yox idi. Onlar publik şəxs yaratmaqla bunun normativ əsaslarını təmin edəcəklər. İcbari sığorta işə düşəndən sonra sığorta müqaviləsi əsasında həmin xidməti göstərə biləcəklər”. M.Quliyev onu da vurğulayıb ki, edilən dəyişikliyi vətəndaş hiss etməyəcək: "Bu qərarla yalnız hüquqi statusdan söhbət gedə bilir”.

Bizdə səhiyyə xidmətinin faktiki olaraq iki istiqamətdə – dövlət və özəl xidmət kimi fəaliyyət göstərdiyini qeyd edən ekspert İlqar Hüseynovqeyd edir ki, özəl xidmət göstərən səhiyyə müəssisələrinin təminatında, xidmətlərinin keyfiyyətində dövlət xəstəxanaları, xüsusən regionlarda fəaliyyət göstərən dövlət klinikaları ilə müqayisədə rəqabət mühiti var: "Özəl klinikalar hər zaman bu rəqabət mühitində yeni və ixtisaslı kadrların cəlb olunması məsələsində özəl statusa malikdirlər. Rəqabət mühitində onların daha yaxşı xidmət təşkil etmək imkanları var. Eyni zamanda, xidmətdən kənar vəsaitlər və gəlirlər hesabına həkimlər də maddi təminatları üçün əhəmiyyətli dərəcədə öz imkanlarını aça bilirlər. Ancaq dövlət xidməti sektorunda fəaliyyət göstərən klinikalarda bu imkanlar məhduddur. Belə ki, dövlət vəsaiti hesabına maliyyələşmə var, tibbi xidmət pulsuzdur. Sürətli olaraq tibbi sığortanın tətbiqi ilə bağlı məsələlərə nail olmaq istəyirik”.
Tibbi sığortanın əhəmiyyətli dərəcədə tətbiq olunması üçün dövlət sektorunda fəaliyyət göstərən klinikaların imkanlarının məhdud olduğunu qeyd edən ekspert hesab edir ki, bu baxımdan yeni formatlı xidmətin təşkil olunmasına zəruri ehtiyac var: "Bunun hesabına həm tibbi sığortanın tətbiqi məsələsində ciddi irəliləyişlərə nail olaq, eyni zamanda həmin klinikaların özünü təchiz etmə imkanları da sürətlənsin. Qonşu Türkiyədə bələdiyyə səhiyyə müəssisələri də fəaliyyət göstərir. Orada müəyyən mənada səhiyyə müəssisəsinin maliyyələşməsində və imkanlarının artırılmasında bələdiyyə vəsaitlərinin cəlb olunması prosesi gedir. Həmçinin tibbi sığortanın ödənişlərində bələdiyyə büdcəsindən vəsaitlər ayrılır. Bu baxımdan yanaşsaq, xüsusən regionlarda fəaliyyət göstərən böyük klinikaların bu sistemə keçməsi həm dövlətin yükünü kifayət qədər azaltmış olacaq, həm müasir tibbi-texniki avadanlığın cəlb olunması baxımından həmin klinikaların xüsusi statusları olacaq. Həmçinin tibbi sığortanın tətbiqində imkanlar yaranacaq”. Ekspert hesab edir ki, bu dəyişikliyin tətbiq olunması bu imkanların hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olması baxımından həyata keçirilməsi ilə bağlıdır: "Ancaq Nazirlər Kabinetinin bu qərarı hansı dərəcədə icra olunacaq, icra mexanizmi necə olacaq, hansı dövlətin və ölkələrin praktikası üstün götürüləcək və tətbiq olunacaq – bu, sonrakı mərhələdir. Əsas odur ki, bu niyyət ortaya qoyulsun və vətəndaşlara maksimum əlçatan tibbi xidmət göstərilməyə nail olunsun. Hesab edirəm ki, bu, gələcəkdə insanların tibbi sığortadan yararlanmasına yönəlmiş bir addım olacaq».

Professor Adil Qeybullanın fikrincə, indiki dövrdə hansısa dövlət xəstəxanalarına təsərrüfat hesablı və ya vergi ödəyicisi qismində status verilməsi bu sahədə vəziyyətin çətinləşməsinə gətirib çıxara bilər: "Böyük Britaniya kimi inkişaf etmiş ölkədə sığorta təbabətinin, vətəndaşlar üçün pulsuz səhiyyənin olmasına baxmayaraq, xəstəxanaların 97 faizi dövlətin nəzarətindədir. Biz bu ölkənin təcrübəsindən çıxış etməliyik. Təkcə Amerikada özəl xəstəxanaların sayı çoxdur. Bu da orada özəl təbabətin çox yüksək olması ilə əlaqədardır. Çünki ABŞ-da özəl təbabətin xərcləri federal büdcədən yüksəkdir. Ona görə də biz öz ölkəmizdə sosial müdafiənin bir forması kimi icbari tibbi sığortanın tətbiqinə çalışmalıyıq. Yəni vətəndaşın ən azı doğuş və təxirəsalınmaz yardım, müəyən xəstəliklərin dinamik müşahidəsi, çek-up müayinə paketi olmaqla sığorta paketi yaransın və bu, təmin oluna bilsin. Digər variantları isə indiki iqtisadi durumda mən ümumi işin xeyrinə görmürəm. Çünki biz real vəziyyəti konservə etməliyik. Xəstəxanaların bazar iqtisadiyyatı şəraitində yerini tutmasına çalışmaqdansa, onun daha çox vətəndaşın mənafeyinə işləməsini təmin etməsi haqqında variantlar düşünməliyik”. Əvvəllər dövlət xəstəxanalarında dünyada analoqu olmayan təsərrüfat hesablı bir sistem yarandığını, sonra ləğv edildiyini deyən A.Qeybulla dövlət xəstəxanalarında tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməsi və icbari tibbi sığorta sisteminin təmin edilməsi istiqamətində addımlar atılmasını vacib hesab edir.

Göründüyü kimi, məsələyə münasibətdə ikili fikirlər yaranıb. Əmma fakt odur ki, dəyişikliyə görə onsuz da ödənişsiz olmayan səhiyyənin "pullu” statusu leqallaşacaq.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər