• çərşənbə axşamı, 23 aprel, 17:27
  • Baku Bakı 24°C

Dövlət satınalmalarının səmərəliliyi artırılacaq

17.09.16 08:25 1535
Dövlət satınalmalarının səmərəliliyi artırılacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılacaq.Müəyyən edilib ki, məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.Həmçinin fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Prezidenti ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edir.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, fərmanın imzalanmasında bir neçə əsas məqsəd var: "Fərman dövlət satınalmalarının təkmilləşdirilməsi, ölkə vəsaitlərinin xaricə axınının məhdudlaşdırılması, səmərəsiz istifadənin müəyyən qədər aradan qaldırılmasına öz müsbət töhfəsini verəcək. Sözügedən fərmanın imzalanmasında bir neçə əsas məqsəd var. Bunlardan birincisi ölkədən valyutanın xaricə axınını müəyyən qədər məhdudlaşdırmaq və manatın sürətli ucuzlaşmasını və ya manat üzərində olan təzyiq həddini müəyyən qədər nəzarət altında saxlamaqdır. İkinci bir tərəfdən, əsas məqsədlərdən biri də dövlət gəlirlərinin azaldığı bir vaxtda vəsaitlərin qənaətlə istifadə edilməsinə nail olmaqdır. Bundan sonra bir sıra dövlət müəssisələri, icra hakimiyyətləri layihələrin icrası zamanı satınalmaları təşkil edərkən daha çox yerli istehsalçılara müraciət edəcəklər. Bu müraciət həm özlüyündə yerli istehsalın təşviqi, inkişaf edirilməsi və təkmilləşdirilməsinə, eyni zamanda, istehsal həcminin artmasına, ümumdaxili məhsulda azalma sürətinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Qeyd edim ki, fərman həmçinin ölkədə məşğulluğun artmasına da xeyli faydalı olacaq”.
R.Həsənovun sözlərinə görə, fərman ölkədə yeni bir ənənə formalaşdıracaq: "Fərmanın icrası ilə bağlı ciddi nəzarət tətbiq olunmalıdır. Vacib əhəmiyyət daşıyan idxal məhsullarının alışının həyata keçirilməsinin İqtisadiyyat Nazirliyi tərəfindən birbaşa olaraq ölkə prezidenti ilə razılaşdırılması tələbi qoyulmalıdır. Məhz bu tələbin qoyulması fərmanın daha keyfiyyətli icrası məqsədini daşıyır. Hazırda fərman imkan verir ki, zəruri əhəmiyyətli məhsulların istehsalı baş versin. Az əhəmiyyətli, sadəcə olaraq şan-şöhrət, dəbdəbə xətrinə dövlət büdcəsinin xarici markalara, brend məhsullarının idxalına yönləndirilməsi hazırki şərtlər daxilində məsuliyyətsiz davranışdır. Fikrimcə, bu günə qədər dövlət qurumları özlüyündə bu qərarı verməli idi. Belə bir şey olmadığı üçün rəsmi olaraq hər hansı bir sənədin imzalanmasına ciddi zərurət, ehtiyac yarandı. Bildiyimiz kimi, fərman 2018-ci ilin yanvarın 1-ə qədər qeyd olunan məhsulların idxalını məhdudlaşdırır ki, bu dövr ərzində müəyyən bir ənənə formalaşa bilər. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların satınalmalarında, həmçinin yerli istehsalçıların dövlət qurumları ilə əməkdaşlığında müsbət ənənə formalaşacaq. Bu fərman qüvvədən düşdüyü dövrdən sonra da bu ənənənin qorunub saxlanılmasına səbəb olacaq və ümumiyyətlə, ölkə iqtisadiyyatına faydalı olacaq”.
Ekspert qeyd etdi ki, fərmanın həyata keçirilməsi zamanı bəzi problemlər ortaya çıxa bilər: "Məsələn, hansısa dövlət qurumu ciddi zərurət olmayan idxal məhsulunun satın alınmasını zəruri bir tələb kimi ortaya qoya bilər. Yəni süni əsaslandırılma təşkil edilə bilər. Bu səbədən də belə hallarda son qərar ölkə prezidenti tərəfindən veriləcək. Düşünürəm ki, bunun əsas məqsədi bu kimi sui-istifadə, subyektiv yanaşma hallarının müəyyən qədər neytrallaşdırılmasıdır”.
İqtisadçı ekspert Pərviz Heydərovun da mövzu ilə bağlı fikirlərini öyrəndik: "Məlumdur ki, dövlətimizin maliyyə imkanları əvvəlki kimi deyil. Neftin qiymətinin 2 dəfədən çox enməsiylə əlaqədar olaraq maliyyə vəsaitlərinə qənaət etmək məcburiyyəti yaranıb. Həmçinin qeyd edim ki, dövlət investisiya xərcləri də azaldılıb. Bir sözlə, bütün istiqamətlərdə maliyyə vəsaitlərinin xərclənməsində səmərəliliyi artırmaq bir nömrəli vəzifə olaraq qarşıya məqsəd qoyulub. İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman da məhz bu zərurətdən irəli gəlib. Sənəddə də qeyd olunub ki, icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi fərmanın əsas qayəsini təşkil edir. İcra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması 2018-ci il 1 yanvar tarixinədək dayandırılır. Yəni bu, müvəqqəti tədbir də ola bilər, uzadıla da bilər”.
P.Heydərov xatırlatdı ki, nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması mümkün olacaq, sadəcə olaraq, bu barədə qərarı dövlət başçısı ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.
Ekspertin fikrincə, əsas məqsəd dövlət vəsaitlərindən istifadəni səmərəli təşkil etməkdir: "Fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması üzrə də zərurət yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına məhz eyni qaydada razılıq veriləcək. Burada heç bir mənfi cəhətdən söhbət gedə bilməz. Əslində bunu neftin satış qiymətlərinin yüksək olduğu dövrdə də tədbiq etmək olardı. İqtisadiyyat və maliyyə Nazirliklərinin birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsaitlər barədə hər 3 ayda bir dəfə ölkə prezidentinə məlumat vermələri hətta qeyri-postneft dövründə də həyata keçirilməli idi”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər