Dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatıb

Dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatıb

İqtisadiyyat
05 Noyabr 2012, 12:41 1206
Azərbaycanda İnternet İdarəçilik Forumunun (IGF-2012) keçirilməsi ölkədə bu sahədə görülən işlərin, o cümlədən informasiya texnologiyalarının inkişafı, internetdən istifadənin genişlənməsi üçün həyata keçirilən tədbirlərin nəticəsidir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, budəfəki tədbirə 1500-dən artıq xarici qonağın qatılması gözlənilir, artıq qonaqlar Bakıya gəlir və bu gün müəyyən tədbirlərə start verilib. Belə ki, bu gün xüsusi sessiyalarda Azərbaycanda informasiya texnologiyalarının inkişafı, ifadə azadlığı, internetdən istifadənin azadlığı, sosial şəbəkələrə aid olan məsələlərin müzakirəsi keçirilir. Bu tədbirlərdə hökumət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatları, özəl qurumların nümayəndələri iştirak edirlər.

E.Vəlizadə bu sahədə Azərbaycanda ifadə azadlığının olduğu, internetdən istifadə üçün bütün şəraitin yaradıldığı, internet fəaliyyəti üçün lisenziyanın tətbiq edilmədiyini xüsusi vurğulayıb. Tədbirdə ölkədə bu sahədəki bu sessiyaların və ümumilikdə forumun fəaliyyəti internet vasitəsilə canlı olaraq dünyaya yayımlanır və istənilən ölkədə bu tədbirləri izləmək mümkündür.

Nazir müavini qeyd edib ki, ölkədə dövlət qurumlarının elektron xidmətlərinin göstərilməsi ilə bağlı Nazirlər Kabinetinin yeni qərarı ilə elektron xidmətlər göstərən dövlət qurumlarının siyahısı təzələnib və dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin çeşidi artırılıb.

Onun sözlərinə görə, eyni zamanda bu qərarda dövlət qurumlarının göstərdiyi ən əsas xidmətlərin elektron vasitəsi ilə həyata keçirilməsi əksini tapıb: «Yəni, qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, elektron xidmət tam dövrü, yəni sənədin və ya hansısa müraciətin icrasının tam dövrünü əhatə etməlidir. Vətəndaş bu xidmətdən istifadə edərkən, hətta ödəniş tələb olunan hallarda da ödənişi onlayn üsulla həyata keçirmək imkanına malik olmalıdır. Əgər sənəd alınması tələb olunursa, bunu da elektron yolla edə bilməlidir».

E.Vəlizadə bildirib ki, adı çəkilən qərarın qəbulu ilə dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatdırılıb: «Bunun özü böyük rəqəmdir ki, Azərbaycanda bütün dövlət qurumları onun icrasına başlayıb».