• çərşənbə axşamı, 16 aprel, 15:01
  • Baku Bakı 19°C

Dövlət qurumlarında əhalinin müraciətlərinə necə baxılır?

20.04.17 14:00 819
Dövlət qurumlarında əhalinin müraciətlərinə necə baxılır?
Son vaxtlar əhalinin dövlət qurumlarına müraciətlərinin dərhal araşdırılması və baxılması prosesi sürətlənib. Bu da onu göstərir ki, dövlət qurumlarına müraciətlərlə bağlı qanunvericilik sənədlərinin təbliği istiqamətində göstərilən səylər vətəndaşlar tərəfindən diqqətlə mənimsənilir.
Bildiyimiz kimi, dövlət qurumlarına vətəndaşların müraciəti xüsusi qanunla həyata keçirilir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
Hər bir vətəndaşın dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü şəkildə həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Qanuna uyğun olaraq irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
Qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqları və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir.
Vətəndaşlar şifahi, yazılı, telefon və elektron müraciət xidməti ilə öz şikayət və təkliflərini bildirmək istədikləri quruma çatdıra bilərlər. Bəs dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydaları necə tənzimlənir?
Müraciətə baxan şəxslər qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Vətəndaşın müraciətinə onun daxil olma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Müraciətə baxan şəxs müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Qanunla vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılması nəzərdə tutulub. Əgər müraciətdə irəli sürülən məsələlərin həlli müraciətə baxan şəxslərin səlahiyyətinə aid deyilsə, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir.
L.Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər