• cümə, 19 Aprel, 14:34
  • Baku Bakı 25°C

Dövlət qurumlarına hansı yeni elektron xidmətlər əlavə edilib?

20.07.17 12:00 1004
Dövlət qurumlarına hansı yeni elektron xidmətlər əlavə edilib?
Elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və bununla da vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə dövlət qurumları tərəfindən elektronlaşdırılan xidmətlərin sayı artmaqda davam edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına Ədliyyə Nazirliyinin daha 7 yeni xidməti inteqrasiya edilib.
Bu xidmətlərə "Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi”, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi”, "Dövlət notariat arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi”, "Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət”, "Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi”, "Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” və "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması” daxildir.
Beləliklə, sözügedən qurumun portalda olan elektron xidmətlərinin sayı 24-ə çatıb.
"Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” adlı xidmətdən istifadə etmək üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə və VÖEN-i tələb olunur. "Elektron hökumət” portalından Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər içərisindən adı çəkilən xidməti seçən istifadəçi əvvəlcə təşkilatın hüquqi formasını seçərək "növbəti” düyməsini sıxır. Açılan səhifədə anket məlumatlarının tamamlanması tələb olunur. Anket tamamlanaraq "İrəli” düyməsi aktiv edilir və açılan səhifədə anket məlumatları əsasında tərtib olunmuş ərizə forması görünür. Ərizənin mətni ilə tanış olan istifadəçi "Təsdiq” düyməsini seçməklə ərizəsini təsdiq edib aidiyyəti quruma ünvanlayır.
Qeyd edək ki, "Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti qeydiyyatsızdır. Digər xidmətlərdən istifadə etmək üçün isə "Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.
"Azərpoçt” MMC tərəfindən istifadəyə verilmiş "Poçtap” xidməti də "Elektron hökumət” portalına inteqrasiya edilib. Bu xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması məqsədi daşıyır. Belə ki, əgər hər hansı bir sənədinizi itirmisinizsə, onu tapmaq üçün "Elektron hökumət” portalında elektron xidmətlər siyahısındakı "POÇTAP - itirilmiş sənədlərin axtarışı” xidmətindən istifadə edə bilərsiniz. Açılan səhifədə ilk olaraq sənədin qrupu seçilir. Sonra vətəndaş tələb olunan xanada sənədin nömrəsini, soyadını, adını və ata adını qeyd edərək axtarış düyməsini aktiv edir. Axtarışa uyğun nəticə dərhal ekranda görünür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. Xidmətdən istifadə üçün portalda qeydiyyatdan keçmək tələb olunmur. "Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə çatdırılma rüsumu "Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.
"Elektron hökumət” portalının mobil tətbiqinin "Android” versiyası da yenilənib. Bu mobil əlavə vasitəsilə bir çox elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır. Belə ki, geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin "Android” versiyasının "Elektron arayışlar” bölməsinə 5 elektron arayış əlavə olunub. Həmin əlavələr "İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”, "Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış”, "Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış”, "Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış” və "Dənizçinin şəxsiyyət sənədi” aiddir.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial sığorta haqqında məlumat” və "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” elektron xidmətlərindən də "Android” mobil əməliyyat sisteminin istifadəçiləri yararlana bilərlər.
Hazırda "Elektron hökumət” portalı mobil tətbiqinin "Android” versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Daxili İşlər Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin 1 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.
Həmçinin "Elektron hökumət” portalının mobil tətbiqinin "İOS” versiyası da istifadəçilərin ixtiyarındadır.
Hər iki mobil əlavəyə giriş "Elektron imza” kartı və istifadəçi adı/şifr vasitəsilə mümkündür.
Qeyd edək ki, sözügedən tətbiqləri müvafiq olaraq "AppStore” və "PlayStore” onlayn mağazalarında "Elektron hökumət” portalı yazıb axtarış etməklə mobil qurğuya yükləmək mümkündür.
Ləman Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb
banner

Oxşar Xəbərlər