Dövlət qurumları tvitter, facebook və instaqramda
Nazirlər
Kabinetinin (NK) tvitter səhifəsi (@AzerbaijanNK) yaradılıb. Bir neçə
gündür fəaliyyətə başlayan səhifədə NK-nin qərarları və müvafiq xəbərləri
paylaşılır. NK-nin sədri Novruz Məmmədovun da sosial şəbəkələrdən feysbuk və
tvitterdə səhifəsi var.
Əslində, bunu bir zərurət də hesab etmək olar. Çünki günü-gündən
sosial şəbəkə istifadəçilərinin sayı artır, artıq insanlar problemlərini burada
işıqlandırmağa, hər sualına burada cavab tapmağa çalışır. Və artıq dövlət
qurumları, onların rəhbərləri də burda təmsil olunmağa başlayıb.
Düzdür, bizdə daha çox facebook aktivdir, amma beynəlxalq aləmdə
tvitter daha aktualdır. Bizdə bir çox dövlət qurumlarının sosial şəbəkə səhifəsi
var, əsasən də facebookda. Bəs tvitterdə necə? Elə bu məsələdən dolayı dövlət
qurumlarının sosial şəbəkədə aktivlikləri, əsasən, hansı şəbəkədə təmsil
olunmağa önəm verdikləri və s öyrənməyə çalışdıq.
Sahil Babayevin
facebook və tvitterdə səhifəsi olacaq
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin facebook
səhifəsinin 45 mindən çox izləyicisi var. Elə avqust ayında olan paylaşımlarına
nəzər yetirdim. Nazirliyin fəaliyyəti ilə bağlı rəsmi paylaşımlar üstünlük təşkil
edir. Mütəmadi paylaşımlar içərisində rəylərdə nazirliyə ünvanlanan müəyyən
suallar da var və demək olar ki, hər birinə cavab verilib. Nazirliyin tvitter səhifəsi
də aktivdir. Lakin nazir Sahil Babayevin nə feysbuk, nə də Tvitterdə hesabı
qarşıma çıxmadı.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki,
çalışdığı qurum sosial şəbəkələr vasitəsilə müvafiq məlumatlandırma, nazirliyin
səlahiyyət dairəsinə aid məsələlərlə bağlı vətəndaş müraciətlərinin
cavablandırılması işlərinin aparılmasına xüsusi önəm verir: "Hazırda nazirliyin
facebook, tvitter, instağram və youtube kanalında səhifəsi fəaliyyət göstərir.
Həmin səhifələr daim yenilənir, fəaliyyət istiqamətləri üzrə görülən işlər,
aparılan islahatlar, keçirilən tədbirlər barədə bütün məlumatlar, foto və video
materiallarla birlikdə mütəmadi olaraq bu səhifələrdə paylaşılır. Xüsusilə də,
biz nazirliyin sosial şəbəkələrdəki səhifələrinin izləyicilər üçün daha
maraqlı, dolğun məzmunda olmasına, bu səhifələrin əmək və sosial müdafiə sahəsində
aparılan islahatlarla, ictimai aktuallıq kəsb edən mövzularla, əmək və sosial
müdafiə sahəsində yeni qanunvericilik aktları ilə bağlı geniş və operativ
maarifləndirmə funksiyası daşımasına çalışırıq.
Digər tərəfdən,
aktiv məşğulluq, sosial müdafiə və reabilitasiya tədbirlərinə cəlb olunan
insanlar, bu tədbirlərin həmin insanların həyatında yaratdığı müsbət dəyişikliklər
barədə həyati epizodlar, obrazlar da təqdim edirik ki, bunlar da çox maraqla
qarşılanır.
Səylərimiz də
müsbət nəticəsini verir, son vaxtlarda izləyicilərimiz bizə nazirliyin sosial şəbəkələrdəki
səhifələrinin dolğun məzmuna malik olması ilə bağlı müsbət fikirlərini
çatdırırlar”.
F.Talıblının
sözlərinə görə, facebook və instağram səhifələrində vətəndaşların müraciətləri
də operativ şəkildə cavablandırılır və bu müraciətlərdə əksini tapan hər hansı
aidiyyəti məsələ nazirliyin müvafiq struktur bölmələri ilə birgə
araşdırılmaqla, nəticəsinə uyğun vətəndaşa aydın şəkildə cavablar verilir.
Youtube kanalında isə mütəmadi olaraq nazirliyin tədbirləri, islahatlar barədə,
eləcə də maarifləndirici məqsəd daşıyan sujetlər yerləşdirilir. Bütün bu qeyd
olunan sosial səhifələrə girişi daha da asanlaşdırmaq üçün nazirliyin rəsmi
saytında onlara keçid linkləri də yaradılıb. Təbii ki, bu işlərin nəticəsi
olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkələrdəki izləyicilərinin
də sayı artmaqda davam edir. Məsələn, nazirliyin facebook səhifəsini izləyənlərin
sayı artıq 45,5 minə çatıb”.
F.Talıblı qeyd
etdi ki, nazir S.Babayevin də feysbuk və tvitterdə səhifəsinin açılması nəzərdə
tutulur və bu da vətəndaşlara artıq sosial şəbəkələr vasitəsilə də nazirə bu və
ya digər aidiyyəti məsələ ilə bağlı müraciət etmək imkanı yaradacaq.
Daha maraqlı təqdimatda məlumatlandırma,
maarifləndirmə
Kənd Təsərrüfatı Nazirliyini son vaxtlar facebookda daha
maraqlı paylaşımlarla görürük. Məlumat üçün qeyd edək ki, nazirlik "Kənd Təsərrüfatı
Nazirliyi” və "Aqro Azərbaycan” adlı səhifələrlə həm facebookda təmsil olunur,
həm də instağramda. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov deyir
ki, "Kənd Təsərrüfatı Nazirliyi” səhifəsində daha çox rəsmi məlumatlar
paylaşılır: "Aqro Azərbaycan” səhifəsini isə 2 ay olar ki, yaratmışıq. Bu səhifə
vasitəsilə daha maraqlı təqdimatda məlumatlandırma, maarifləndirmə xarakterli
paylaşımlar edirik”.
Kənd
təsərrüfatı naziri İnam Kərimovun facebookda səhifəsi var, amma tvitterdə hələ
ki yoxdur.
Yavaş-yavaş izləyici sayı da artır
Səhiyyə Nazirliyinin facebook səhifəsinin 50 minə
yaxın izləyicisi var. Səhifədə rəsmi məlumatlar paylaşılır, amma nədənsə bəyənmə
və izləyici rəyi cəhətdən elə böyük aktivlik hiss olunmur. Tvitterdə nazirliyin
səhifəsi yeni açılıb. Bu barədə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri
Pərviz Abubəkir bildirdi ki, nazirliyin hazırda bir neçə sosial şəbəkədə səhifəsi
var: "Youtube kanalımız da var. Tvitter səhifəmiz yeni açılıb, instağramda da əvvəl
səhifəmiz var idi, amma indi yenisini açmışıq. Yavaş-yavaş izləyici sayı da
artır. Bu səhifələrdə xəbərləri, televiziyada bizimlə bağlı olan verilişləri də
paylaşırıq”.
Səhiyyə
naziri Oqtay Şirəliyevin nə facebook, nə də tvitterdə səhifəsi yoxdur. Bununla
bağlı da P.Abubəkirə sual ünvanladıq. O, bildirdi ki, nazirdən səhifəsi
olub-olmadığını soruşmayıb: "Ondan səhifəsi olub-olmadığını soruşmamışam. Onu
öyrənmək istəyirsinizsə, naziri tapıb soruşun. Köməkçisindən soruşa bilərsiniz”.
Sosial şəbəkə vasitəsilə yazılan heç bir sual
cavabsız qalmır
Dövlət Miqrasiya Xidməti facebook, tvitter, youtube sosial
şəbəkələrində təmsil olunur. Qurumun ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini
Füzuli İsmayılov deyir ki, hər bir sosial şəbəkə səhifəsi qurumun rəsmi saytına
bağlıdır: "Aktivdir, gündəlik yenilənir. Xəbər, informasiya xarakterli məlumatlar
paylaşılır. Sosial şəbəkə vasitəsilə yazılan heç bir sual, müraciət cavabsız
qalmır. Hamısına operativ cavab verilir”.
Miqrasiya
Xidmətinin rəisi Vüsal Hüseynovun facebook və tvitterdə səhifəsi var və səhifəni
açanda həm paylaşım, həm də izləyici reaksiyası tərəfdən aktivlik olduğu
görünür. Hətta bir müddət öncə V.Hüseynovun özünün sosial şəbəkə istifadəçisinin
sualına cavab verməsi məsələsi gündəmə gəlmişdi.
Nazirin facebook sosial şəbəkəsində səhifəsi
mövcuddur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi
də facebook-da təmsil olunur. Nazirliyin facebook səhifəsinin 12 mindən çox izləyicisi
var. Səhifədə daha çox rəsmi məlumatlar paylaşılır. Tvitterdə olmasa da, nazir
Ramin Quluzadənin facebook-da 4 mindən çox izləyicisi olan hesabı var. Ümumi səhifəyə
göz atanda görünür ki, vətəndaş sualları var, amma bir çoxuna səhifədə reaksiya
verilməyib. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, hazırda auditoriyanın aktivliyini nəzərə alaraq,
nazirin facebook sosial şəbəkəsində səhifəsi mövcuddur. Səhifədə
vətəndaş suallarının cavablandırılmasına gəlincə, bildirildi ki, sosial şəbəkə
üzərindən ünvanlanan bütün müraciətlərə anında və operativ reaksiya verilir: "Həmin
müraciətlər araşdırılıb, həllini tapması üçün nazirliyin müvafiq qurumlarına
ünvanlanır. Bir çox halda istifadəçilər "mesaj qutusu”na da eyni xarakterli
müraciəti etdiyi və həmin müraciətlər öz həllini tapdığı üçün onların səhifənin
lövhəsinə yazdıqları müraciətlər cavabsız qalır”.
Məlumatda qeyd
olunur ki, nazirliyin sosial şəbəkələrdəki səhifələrində əsas diqqət qurumun fəaliyyətinə,
həyata keçirdiyi işlərə, sektor üzrə yeniliklər barədə əhalinin məlumatlandırılmasına
və maarifləndirilməsinə yönəldilir. Bundan başqa, ölkənin ictimai-siyasi həyatında
baş verən yeniliklər, əlamətdar tarixi günlərlə bağlı paylaşımlar da diqqət mərkəzində
saxlanılır.
400 min izləyicisi olan səhifə
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin facebookda iki səhifəsi var:
"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” və "ASAN
Xidmət”. Birinci səhifənin 13 mindən çox izləyicisi var və orda daha çox rəsmi
məlumatları görə bilərik. "ASAN Xidmət” səhifəsinə daxil olanda isə bir rəngarənlik
olduğu hiss olunur və səhifənin 400 mindən də çox izləyicisi var. Agentlik
tvitterdə də aktivdir.
ASAN
sədri Ülvi Mehdiyevin facebookda şəxsi profili var. Tvitterdə isə profili
qarşıma çıxmadı.
Agentliyin mətbuat
xidmətinin rəhbəri Elnur Niftəliyevin sözlərinə görə, Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət” mərkəzlərinin
fəaliyyəti ilə bağlı məlumatlandırılma müxtəlif vasitələrlə həyata keçirilir.
Bu sırada sosial şəbəkələrlə iş xüsusi yer tutur: "Belə ki, "ASAN xidmət”in facebook,
tvitter, instagram, youtube sosial şəbəkələrində rəsmi səhifələri mövcuddur.
Müvafiq sosial şəbəkələrin idarə olunması Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr
şöbəsi tərəfindən həyata keçirilir. Sosial şəbəkələrdə paylaşımlar əsasən, mərkəzlərdə
göstərilən xidmətlər barədə maarifləndirmə, məlumatlandırma, həyata keçirilən
müxtəlif sosial məsuliyyət yönümlü və digər tədbirlər, əlamətdar günlər və s.
ilə bağlı olur. Eyni zamanda, vətəndaşlar qeyd olunan sosial şəbəkələr vasitəsi
ilə müraciət etməklə öz suallarına cavab ala bilirlər”.
Aygün Asimqızı