• şənbə, 20 Aprel, 04:02
  • Baku Bakı 15°C

Dövlət qulluğu üçün test imtahanları başlayır

12.11.14 09:47 1279
Dövlət qulluğu üçün test imtahanları başlayır
26 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 49 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 340 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayır.
Komissiyadan APA-ya verilən məlumata görə, imtahan noyabrın 13-də ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Mədəniyyət və Turizm Nazirliyi üzrə keçiriləcək. Müsabiqədə iştirak etmək üçün 2636 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (878 namizəd) ilə Mədəniyyət və Turizm Nazirliyi (394 namizəd) olub. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.
Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.
Test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətlər, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.
Qeyd edək ki, Komissiya tərəfindən 17 oktyabr və 4 noyabr tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat davam edir. Oktyabrın 17-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 17-də, noyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 5-də başa çatacaq.
banner

Oxşar Xəbərlər