“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Dövlət
qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları”
mövzusunda seminar başlayıb.
Seminarın açılışında əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması ilə bərabər,
işçilərin
maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin
edilməsi istiqamətində də fəal siyasətin həyata
keçirilməsinə şərait yaratdığını vurğulayıb. BƏT-lə birgə ölkəmizdə
"2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra olunduğunu
qeyd edən nazir müavini layiqli əməyin vacib şərtlərindən birinin də əmək haqqı
ilə bağlı olduğunu deyib. O, respublikada iqtisadi inkişaf şəraitində əhalinin gəlirlərinin
mühüm tərkib hissəsi kimi minimum və orta
aylıq əmək haqqı səviyyələrində mütəmadi artım tempinin mövcud olduğunu diqqətə
çatdırıb.
M.Kərimli bildirib
ki, ötən dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması çərçivəsində dövlət
qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri də yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair
2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğunun inkişaf istiqamətləri
sırasında dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi
də yer tutur.
Nazir müavini
hazırda keçirilən seminarın bu sahədə beynəlxalq təcrübə və yerli təcrübə əsasında
müəyyən təhlillərin aparılmasına xidmət etdiyini deyib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası sədrinin birinci müvini İlyas Əliyev, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə
milli əlaqələndiricisi Yaşar Həmzəyev seminarın əhəmiyyəti ilə bağlı fikirlərini
qeyd ediblər.
Sonra Rusiya
Federasiyasının eksperti, iqtisad elmləri doktoru Vladimir Rojkov əməyin ödənilməsinin
sosial-iqtisadi mahiyyətinə, onun roluna dair təqdimatla çıxış edib. İki gün
davam edəcək tədbirin gündəliyinə "Dövlət
qulluqçularının əməyinin ödənilməsi sisteminin qurulması sahəsində Azərbaycan
Respublikasının təcrübəsi”, "Dövlət qulluqçularının əməyinin ödənilməsinin
xüsusiyyətləri”, "Dövlət qulluqçularının əmək münasibətlərinin məzmunu, səlahiyyət
və funksiyalarının həyata keçirilməsi, onların məvacibinin formalaşdırılmasının
əsas prinsipləri”, "Azərbaycanda büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin
ödənilməsinin bəzi məsələləri” və s. mövzularda təqdimatların edilməsi və
müzakirələrin aparılması daxildir.