• çərşənbə, 24 Aprel, 21:52
  • Baku Bakı 23°C

Dövlət Pedaqoji Universitetinin qış imtahan sessiyasından reportaj

22.01.14 10:06 7683
Dövlət Pedaqoji Universitetinin qış imtahan sessiyasından reportaj
Hazırda ölkəmizin bütün ali təhsil müəssisələrində qış imtahan sessiyası davam etməkdədir. Bu prosesi müşahidə etmək, tələbə-müəllim heyətinin bir günü ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə yolandım. Səhər saat 9-un yarısında universitetin əsas korpusunun qarşısında olsam da, bu ali məktəbə daxil olmaq mənim üçün o qədər asan olmadı, Yəni əlimi-qolumu sallayıb universitetin əsas girişindən binaya girmək istəsəm də, mühafizəçilərin öz işlərinə diqqətli yanaşması məni qapı ağzında bir qədər yubatdı.
Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimovla telefonla danışdıqdan, özümü təqdim edib məqsədimi bildirdikdən sonra mühafizəçinin müşayiəti ilə Tədris metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevin otağına tərəf yollandıq. Elə dəhlizdə imtahan keçirilən otaqlara doğru irəliləyərkən, Namiq müəllim universitet həyatı barədə məlumat verdi. Bildirdi ki, hazırda ali təhsil müəssisəsində bakalavr səviyyəsində əyani şöbədə 24 ixtisas üzrə 6190 tələbə təhsil alır. Onların arasında əcnəbi tələbələrin sayı 91 nəfərdir. Qiyabi şöbədə isə 1858 nəfər ali təhsil alır.
N.Hacıyev ADPU-da artıq neçə illərdir ki, tələbələrin İKT vasitəsilə, test üsulu ilə imtahan verdiyinə, əyani şöbədəki tələbələrin hamısının kredit sistemi ilə təhsil almasına da diqqət çəkdi: “Qiyabi şöbədə 1, 2, 3, 4-cü kurs tələbələri çoxballı sistemlə təhsil alırlar. Onlarda qiymətləndirmə 100 baldır. Yalnız 5-ci kurs tələbələri keçmiş qayda ilə, 5 ballıq sistemlə bakalavr təhsili alırlar. Bununla yanaşı, magistratura pilləsinin əyani və qiyabi şöbəsindəkilər də kreditlə təhsil alırlar. Hazırda payız semestrinin qış imtahan sessiyası gedir. İmtahanlar yanvarın 7-də başlayıb və fevralın 1-də başa çatacaq. Təhsil naziri Mikayıl Cabbarovun, universitet rəhbərliyinin müvafiq əmrlərinə əsasən, ali məktəbdə ayrıca otaqda “İmtahan qərargahı”, (012) 408-30-29, 498-17-94 telefon nömrəli “Qaynar xətt” yaradılıb. Qərargaha nüfuzlu alimlər cəlb olunub. Həmin komissiyanın sədri professor Edil Eyvazov, müavin professor Rəhim Rzayevdir. Burada məqsəd tələbələrin ərizə və şikayətlərinə, təkliflərinə vaxtında reaksiya vermək, onları araşdırmaqdır. Bundan əlavə, fakültələr üzrə “Münaqişə komissiyaları” yaradılıb. Bu günə kimi nə “İmtahan qərargahı”na, nə də “Münaqişə komissiyaları”na hər hansı neqativ halla bağlı müraciət daxil olmayıb. Universitet rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun əsas amalı budur ki, imtahan prosesi bütün neqativ hallardan kənar, şəffaf keçsin, obyektiv olsun. Biz də bu məqsəd üçün əlimizdən gələni əsirgəmirik”.
Bir müddət əvvəl universitetdə olan aksiyaya, tələbə etirazına da münasibət açıqlayan Namiq müəllim dedi ki, əslində tələbələrin bu hərəkətinin aksiyaya, hansısa siyasi tədbirə aidiyyəti olmayıb. Onun fikrincə, bir qrup tələbə asan yolla, daha rahat şəkildə qiymət almağın, imtahan keçirilməsinin tərəfdarı kimi çıxış edib, ətrafındakı 3-5 nəfər də onlara qoşulub: “Universitet rəhbərliyi bu ali məktəb auditoriyalarında təhsil alan tələbənin daha bilikli, müasir dövrün tələblərinə uyğun səviyyədə, peşəkar kadr kimi yetişməsinin tərəfdarıdır. Bunun üçün zəruri islahatları qaçılmaz sayır. O, 2007-ci ildə ilk dəfə ADPU-da test yolu ilə, İKT vasitəsilə imtahan götürülməsinə start verdi. Əvvəlcə semestr, ardınca dövlət imtahanları bu qaydayla verildi ki, bu da obyektivliyə, şəffaflığa, ən əsası, tələbənin biliyinin artırılmasına xidmət edən amildir. Zaman bir yerdə dayanmır, cəmiyyət daim inkişafa doğru irəliləyir. Belə olan halda, bu yolun davamı olaraq bəzi islahatların həyata keçirilməsi zərurətə çevrilir. Tədris olunan fənnin tələbələr tərəfindən daha dərindən mənimsənilməsi üçün test üsulu ilə yanaşı, yazılı imtahanların keçirilməsi də bu zərurətdən irəli gəlib. Əslində fənni bilən tələbə üçün bunun heç bir çətinliyi yoxdur. Lakin əzbərçil tələbə, fənni dərindən mənimsəmək istəyində olmayan üçün bu, belə deyil. Bu etirazların mənbəyi də buradan qaynaqlanırdı. O zaman universitet rəhbərliyi tələbələri dinlədi, məsələ ətraflı izah olundu və həllini tapdı. Lakin təəssüf ki, bəzi KİV-lər hadisədən ucuz şou düzəldərək, bundan öz məqsədləri üçün yararlanmağa çalışdılar”.
Namiq müəllimin iştirakı ilə bir neçə kompyuter imtahan zalına baş çəkdik. Test üsulu ilə keçirilən imtahanların gedişi ilə tanış olduq. İmtahan-nəzarət qrupunun rəhbəri Qulaməli Balaşovla söhbət əsnasında öyrəndik ki, hər bir tələbəyə imtahan verdiyi fəndən 5 cavab variantından ibarət 25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi cəmlənərək yekun qiymət müəyyənləşdirilir və bu, dərhal kompyuterin ekranında öz əksini tapır. Q.Balaşov onu da əlavə etdi ki, tələbələrin biliyinin düzgün qiymətləndirilməsi, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə ADPU-da beş kompyuter imtahan zalı yaradılıb. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1500-1600 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarda xüsusi kameralar quraşdırılıb. İmtahan zalında yanaşı oturan müxtəlif fakültələrin tələbələri, həm də ayrı-ayrı ixtisaslar üzrə imtahan verirlər ki, bu da onların bir-birinə kömək etməsinin qarşısını almaq məqsədi daşıyır.
İmtahan prosesi ilə tanışlıq zamanı bir neçə tələbə ilə söhbətləşmək, imtahanın gedişi barədə tələbələrin səmimi fikrini öyrənmək imkanımız da oldu. “Riyaziyyat və informatika fakültəsi”nin II kurs tələbəsi Gülnar Cəfərli bu qayda ilə ümumilikdə 12 imtahan verdiyini söylədi. O, imtahanın gedişindən, qiymətləndirmə prosesindən narazı olmadığını dilə gətirdi. Dedi ki, test suallarını və onların cavablarını əvvəlcədən əldə edib hazırlaşıb. Elə bu hazırlığına uyğun səviyyədə də bilik nümayiş etdirib, imtahanın sonunda öz qiymətini də bilib.
“Nitq praktikası” fənnindən imtahan verən “Filalogiya fakültəsi”nin III kurs, 305-ci qrup tələbəsi Qızıl Allahverdiyeva da imtahan prosesindən razı qaldığını, test suallarının isə normal olduğunu bildirdi: “Semestr ərzində keçdiyimiz proqrama, mətnlərə uyğun suallar tərtib edilmişdi. Mən onları əvvəlcədən universitetin saytından əldə etmişdim deyə, çətin deyildi. Ona görə də imtahana hazırlıqlı gəlmişdim. Cavabımdan da razı qaldım. Dəqiq bilirəm ki, 71 baldan yuxarı nəticə göstərmişəm. Həm imtahanın gedişini, həm də bütünlükdə bu prosesi normal qiymətləndirirəm. Fikrimcə, oxuyan üçün imtahan heç zaman çətin keçmir”.
Tarix fakültəsinin II kurs tələbəsi Məhəmməd Quluzadə də test imtahanlarının, xüsusən də kompyuter vasitəsilə verilən imtahanların onun üçün daha əlverişli olduğunu bildirdi. İmtahanın nəticəsinə görə 56 bal topladığını, bununla da kifayətləndiyini söylədi.
Universitetdə “Riyaziyyat və informatika fakültəsi”nin dekan əvəzi, riyaziyyat elmləri doktoru, dosent Maqsud Nəcəfovla da söhbətləşdik. O, 2006-cı ildə ali təhsil ocağına professor Yusif Məmmədov rektor təyin olunandan sonra təhsil müəssisəsində köklü islahatlar aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu islahatlar ilk öncə özünü imtahan prosesində göstərib: “Əvvəlki illərdən fərqli olaraq, yeni rektor imtahanların informasiya-kommunikasiya texnologiyalarının müasir imkanlarından yararlanmaqla, yəni kompyuter vasitəsilə keçirilməsinə tərəfdar olub. Birinci kursdan sonuncu kursda təhsil alan tələbələrə kimi, hər kəs yeni metodla imtahan verməyə başlayıb. Bu imtahan prosesi əsasən iki mərhələdə keçirilir. Bəllidir ki, 2005-ci ildən boloniya sisteminə qoşulmuşuq. Boloniya sisteminin prinsiplərinə əsasən tələbə imtahan prosesində 100 bal toplamalıdır. Bunun yarısını, yəni 50 balı tələbə imtahana qədərki dərsə davamiyyət, seminarlarda fəallıq nümayiş etdirmək mərhələsində toplamalıdır. Ona görə də tələbə gündəlik çalışmalı, ona verilən tapşırıqları yerinə yetirməli, araşdırmalar aparmalı, bir sözlə, daim öz üzərində işləməlidir. Yerdə qalan 50 balı isə tələbə imtahan zamanı əldə etməlidir. Ötən illərin təcrübəsi göstərir ki, bu metod tələbə üçün əlverişlidir, özünü doğruldur. Tələbə universitetin kompyuter mərkəzində imtahan verib müvafiq bal toplayır. Kompyuter mərkəzində imtahanda 71-100 bal toplayan tələbələr ardınca yazılı imtahan verməli, birinci mərhələdə nümayiş etdirdikləri biliyi təsdiqləməli, doğrultmalıdırlar. Burada əsas məqsəd tələbənin dərs materialını hansı səviyyədə mənimsəməsini aşkarlamaqdır. Ola bilər ki, tələbə kompyuter mərkəzində imtahana girib, ən yüksək nəticə göstərib. Amma həmin tələbə yazılı şəkildə bunu isbatlaya bilmir. Beləliklə müəyyən olur ki, həmin tələbə dərs materialını dərindən dərk etmədən, mənimsəmədən, sadəcə sualları və cavabları əzbərləyib imtahana girib. Təbii ki, bu, qənaətbəxş sayıla bilməz. Çünki bu günün tələbəsi sabahın müəllimi olacaq. Onlar öz ixtisasını daha dərindən bilməli, peşəkar müəllim kimi gələcəkdə bu ölkənin savadlı vətəndaşlarının yetişməsinə töhfə verməlidirlər”.
Universitetdə olduğum gün magistrlər də imtahan verirdilər. Namiq müəllimdən həmin zala baş çəkməyimizi də istədim. İmtahan prosesinə nəzarət edən Magistratura şöbəsinin əməkdaşı Rəhim Əliyevdən öyrəndik ki, imtahanda 243 nəfər iştirak edir. Onlardan 50 nəfər qiyabi şöbənin, 193 nəfər isə əyani şöbənin magistrləridir. İmtahanda magistrlərə 2 saat 15 dəqiqə vaxt verilir. Bu vaxt ərzində onlar sualları cavablandırmalıdırlar. İmtahan yazılı olduğundan və artıq başlandığından magistrlərə mane olmayıb auditoriyanı tərk etdim.
Növbəti otaqda “Mühəndis-pedaqoji, bədii qrafika fakültəsi”nin “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə 401-ci qrup tələbələri imtahan verirdi. Fakültənin dekan müavini, baş müəllim İdrak Novruzov 25 tələbənin “Reklam işi”ndən yazılı imtahan verdiyini söylədi. Qeyd etdi ki, tələbələrə verilən 5 sualın 3-ü yazılı cavablandırılmalıdır. Digər iki sualı cavablandırmaq üçün isə “Reklam işi” ixtisası üzrə şəkil çəkilməlidir. Bunun üçün hər bir tələbəyə möhürlü vərəqlər paylanılır. Onlar öz bacarıqlarını bu vərəqlərdə nümayiş etdirirlər. İ.Novruzov 401-ci qrupun 4-cü kurs tələbələrindən ibarət olmasına diqqət çəkərək, hazırda onların ixtisas imtahanları verdiklərini, imtahanların hamısının da yazılı surətdə aparıldığını bildirdi.
Günorta saatlarına qədər davam edən müşahidələri kifayət sayıb Tədris metodika şöbəsinin müdiri N.Hacıyev və digər müəllimlərlə sağollaşıb redaksiyaya yollandım. Həm universitetdə gördüklərim, həm də həmsöhbətlərimin, xüsusən də tələbələrin söylədikləri məndə belə qənaət yaratdı ki, ADPU-da yaradılmış mövcud şərait imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər