• cümə, 29 Mart, 17:34
  • Baku Bakı 14°C

“Dövlət nə qədər möhkəmdirsə, ailə də o qədər möhkəmdir”

15.05.17 19:50 1202
“Dövlət nə qədər möhkəmdirsə, ailə də o qədər möhkəmdir”
Dünən Sumqayıtdakı Heydər Əliyev Mərkəzində 15 may Beynəlxalq Ailə gününə həsr edilmiş "Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçirilib. Konfrans Sumqayıt Şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Hicran Hüseynova "Beynəlxalq ailə günü” münasibətilə xalqımızı təbrik edib və tədbirin keçirilmə məqsədindən danışıb: "Konfransın keçirilməsində məqsəd cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, milli –mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir”.
Kaspi Təhsil Şirkətinin təsisçisi, şairə-publisist Sona Vəliyeva çıxış edərək vurğulayıb ki, istər sosializm, istərsə də müstəqillik dövründə ailə siyasəti ulu öndər Heydər Əliyevin daim diqqətində olub: "Cəmiyyət dövlətin dayağıdır. Dövlət nə qədər möhkəmdirsə, onun ailəsi də bir o qədər möhkəmdir. İstər səhiyyə, istər təhsil, istərsə də iqtisadiyyatın inkişafında Azərbaycan insanının rifahı ön plana çəkilir. Bu bizə imkan verir ki, ailəmizin qayğısına qaldığına görə dövlətə bir daha inanaq və onun inkişafı üçün fəaliyyət göstərək. Azərbaycan ailəsi əsas üç inkişaf tərəflərini özündə birləşdirir və onunla inkişaf edir. Birincisi, Azərbaycan ailəsinin azərbaycançılığa, türkçülüyə söykənməsidir. Burada sədaqət, etibar, mübarizlik, əhdi-peyman, vətənə sadiqlik var. Digər tərəfi, bizim ilahi inancımız olan Qurana söykənməsidir. Bizim İslam dininə söykənməmiz, imanlı, rəhimli olmağımız və içimizdə bir Allah qorxusunun olmasıdır. Digər vacib məsələ isə, çağdaş dünyanın inkişafına qoşulmaqdır. Bütövlükdə bu üç məsələ Azərbaycan ailəsinin bu gün tam halda birləşdirir və onun inkişafına şərait yaradır”.
Konfransda 4 əsas panel – "Azərbaycan ailə modeli: dəyərlər və ənənələr”, "Ailənin funksiyaları: iqtisadi faktorlar”, "Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri”, "İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” mövzuları üzrə çıxışlar edilib.
I paneldə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınn professoru, "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və "Sağlam ailə” Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli çıxış edərək, cəmiyyətin əsas sosial təsisatlarından biri olan ailə institutu, özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat veriblər, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyətini qeyd ediblər.
II paneldə AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar Komitəsinin sədri Aygün Məmmədova, Sahibkarlar Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhərində yerləşən "Dünya” məktəbinin direktoru Münəvvər Bayramlı, BMT-nin İnkişaf Proqramının "Kəndli qadınların sosial və iqtisadi inkişafına dəstək” layihəsinin rəhbəri Nadir Quluzadə çıxış edərək, ailə büdcəsinin mahiyyəti, onun planlaşdırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınların sahibkarlıq fəaliyyətinə aktiv şəkildə cəlb olunması məsələlərini diqqətə çatdırıblar.
III panel üzrə Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məişət zorakılığı ilə bağlı işçi qrupunun nümayəndəsi, şəhər prokurorunun müavini Kamran Mahmudov, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə, "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva çıxışlarında ailə siyasətinin həyata keçirilməsi istiqamətində mövcud olan qanunvericilik bazasında aparılan təkmilləşdirmə işləri, məişət zorakılığınn qarşısının alınması məqsədilə görülən mühüm işlər, zorakılıq qurbanlarının müdafiəsi və digər məsələləri vurğulayıblar.
Son panel üzrə BDU-nun Jurnalistika fakültəsinin elmi-işlər üzrə dekan müavini Sevinc Əliyeva, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist Flora Xəlilzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçisi Aysel Hadiyeva, Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Milli Televiziya və Radio Şurasının Təşkilati-analitik şöbəsinin rəisi Təvəkkül Dadaşov çıxışlarında informasiya texnologiyalarının yayıldığı qloballaşma dövründə ailə ənənələrinin yaşadılmasının və mənfi təsirlərdən qorunmasının vacibliyini qeyd ediblər.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər