• şənbə, 27 Aprel, 09:10
  • Baku Bakı 12°C

Dövlət Miqrasiya Xidmətində Türkiyə səfiri ilə görüş olub

21.05.15 14:47 1106
Dövlət Miqrasiya Xidmətində Türkiyə səfiri ilə görüş olub
İki ölkənin miqrasiya sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin önəminə toxunulan görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı dostluq münasibətləri, qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında uğurlu əməkdaşlıq nümunəsidir.
İşğal etdiyi ərazilərimizdə erməni əsilli miqrantları qanunsuz şəkildə məskunlaşdıran Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Türkiyə Respublikasının hər zaman Azərbaycanın haqq işini dəstəkləməsini Xidmət rəisi minnətdarlıq hissi ilə qeyd edib.
F.Nəbiyev beynəlxalaq aləmdə respublikamızın artan nüfuzundan danışıb. Bildirib ki, “Bakı 2015” birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin həyata keçirilməməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, iqtisadi gücünün göstəricisidir. Son illər həyata keçirilən transmilli layihələrdən söhbət açan Xidmət rəisi buna misal kimi, Cənub Qaz Dəhlizini, TANAP-ı, TAP-ı qeyd edib. Böyük İpək yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasını vurğulayıb.
DMX rəisi diqqətə çatdırıb ki, bütün sahələrdə əldə olunmuş nailiyyətlər regionun lider dövləti olan Azərbaycanı əcnəbilər üçün cəlbedici edir. Ölkəmizə səfər edənlər, təhsil alanlar, sahibkar kimi çalışanlar, qanunamüvafiq şəkildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olanlar arasında Türkiyə Respublikası vətəndaşları da çoxluq təşkil edir. Xidmət rəisi respublikamıza təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunmasının daim diqqət mərkəzində olduğundan, rahatlıqlarının təmin edilməsi üçün miqrasiya qanunvericiliyində müvafiq prosedurların sadələşdirilməsindən söhbət açıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun son illər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin yarandığından, aparılan abadlıq-quruculuq işlərindən, Türkiyə vətəndaşlarının respublikamıza artan marağından danışıb. Səfir təmsil etdiyi ölkə vətəndaşlarının Xidmətin göstərdiyi xidmətlərdən məmnunluq ifadə etdiklərini bildirib.
Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər