• cümə, 29 Mart, 14:42
  • Baku Bakı 14°C

Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməyə qadirdir

19.03.18 19:49 894
Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməyə qadirdir
Martın 19-da Dövlət Miqrasiya Xidmətinin (DMX) yaranmasından 11 il ötür. Həmçinin 19 mart-miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.
DMX-dən bildiriblər ki, bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaranmasının 11-ci ildönümünə və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətin yaranması, inkişafı və hazırkı dövrdə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur.
Diqqətə çatdırılıb ki, ötən 11 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, xidməti intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Xalqa, dövlətə sədaqətlə, fədakarlıqla xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ötən il ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları – IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, Bakıda və Göygöldə keçirilmiş voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Bu il ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı da DMX-nın üzərinə mühüm vəzifələr düşür. Şübhə yoxdur ki, Xidmət bu vəzifələri də layiqincə yerinə yetirəcək.
Xidmət rəisi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi-sosial inkişaf ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində DMX-nın qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.
Firudin Nəbiyev deyib ki, DMX-nın inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin Xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, dəyərli tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla miqrasiya orqanları işçilərini daha böyük nailiyyətlərə ruhlandırır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində DMX-nın aparatının, regional miqrasiya idarələrinin inzibati binalarının tikintisi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, xidmət şəraiti beynəlxalq standartlara uyğun təchiz edilib.
Firudin Nəbiyev miqrasiya orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif edən, ali xüsusi rütbələrə layiq görən, həmçinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayan Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Əminliklə bildirib ki, DMX-nın əməkdaşları bundan sonra da müstəqilliyin, sabitliyin, təhlükəsizliyin, daxili əmək bazarının qorunmasının və Xidmətə müraciət edənlərin məmnunluğunun, ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi işinin keşiyində ayıq-sayıq dayanacaq, səy və bacarıqlarını əsirgəməyəcək, peşəkarlıqlarını daim artıracaqlar.
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında dövlətimizin başçısının Sərəncamı, həmçinin Xidmət rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və xüsusi rütbələrin paqonları təqdim edilib.
banner

Oxşar Xəbərlər